Kanadanın Toronto Universitetində bakalavr təhsili alan
Namiq İsmayılovla söhbət
Namiq İsmayılov 1994-cü il oktyabrın 18-də Bakı
şəhərində anadan olub. 2011-ci ildə Bakıdakı 287
nömrəli "Zəkalar" liseyini bitirib. 2011-2013-cü
illərdə Qafqaz Universitetinin informasiya
texnologiyaları mühəndisliyi fakültəsində təhsil alıb.
2013-cü ilin sentyabrından etibarən "Azərbaycan
gənclərinin 2007-2015-ci illərdə xarici ölkələrdə
təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Kanadanın
Toronto Universitetinin kompüter elmləri fakültəsində
bakalavr təhsili alır. Namiq İsmayılovla söhbətimizə
orta məktəb illərindən başladıq.
"Məktəb illərində fəal şagird olmuşam"
- Orta məktəb illərində fəal şagirdlərdən biri olmuşam.
"Xəmsə", "Ağıl dəryası" televiziya proqramlarında,
"Araz" kurslarının, Xəzər Universitetinin keçirdiyi fənn
olimpiadalarında iştirak etmiş və müxtəlif mükafatlar
almışam. Oxuduğum müddətdə dəqiq fənlərə daha çox
üstünlük vermişəm. İxtisas seçimim tamamilə öz istəyimlə
olub, ailəm və müəllimlərim də mənə dəstək veriblər.
Orta məktəb illərində iştirak etdiyim müsabiqələrin və
müxtəlif olimpiadaların şagirdlərin təhsilində və
gələcək karyerasında rolunu çox yüksək
qiymətləndirirəm.
Hesab edirəm ki, uğur qazanıb-qazanmamaqdan asılı
olmayaraq hər bir şagird məktəb dövründə bacardığı
qədər yarışlarda, olimpiadalarda iştirak etməlidir.
Bu, onlarda inkişafın ən əsas səbəbi olan rəqabət
hissini oyadır və gücləndirir.
"Bu təşəbbüsü yüksək qiymətləndirirəm"
Hələ orta məktəbdə oxuyarkən xaricdə təhsil almağı
arzu edirdim. Qafqaz Universitetində oxuduğum 2 il
ərzində "Azərbaycan gənclərinin 2007-2015-ci illərdə
xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" üzrə
xaricdə təhsil alan dostlarımla əlaqə saxlayaraq
layihə barədə onlardan ətraflı məlumatlar, bu prosesdə
iştirak qaydaları ilə bağlı məsləhətlər alırdım. Ötən
il isə Dövlət Proqramı çərçivəsində 2013-2014-cü tədris
ili üçün tələbələrin seçim prosesində iştirak edərək
Dövlət təqaüdünü qazandım. Onu da xatırladım kı, ötən
il ilk dəfə olaraq Dövlət Proqramında müsahibə
mərhələsi oldu. Bu təşəbbüsü yüksək qiymətləndirir və
çox vacib olduğunu düşünürəm. Xaricdə təhsil üzrə
Dövlət Proqramına tələbələrin seçim prosesində
irəliləyiş müşahidə etdim. Misal olaraq, hər bir tələbə
öz sənədlərinin seçim prosesinin hansı mərhələsində
olmasını izləyə bilər və prosesin müddəti də ötən
ildəkindən daha az olub.
"Vaxtımın böyük hissəsini dərslərimə ayırıram"
Hazırda Kanadanın Toronto Universitetinin kompüter
elmləri fakültəsində bakalavr təhsili alıram. Kanadanın
Ontario vilayətində yerləşən Toronto Universiteti
ölkənin ən yüksək intellektual keyfiyyətə malik
elmi-tədqiqat mərkəzlərindən biridir. Ali məktəb 1926-cı
ildən "Amerika Universitetləri Assosiasiyası"nın
üzvüdür. "QS World Universities Rankings" jurnalının
2014-cü ildə apardığı dünya universitetlərinin
reytinqinə görə, Toronto Universiteti 100 ən yaxşı ali
məktəb arasında 20-ci yerdədir. Əsası 1827-ci ildə
qoyulmuş ali təhsil ocağında hazırda 70 minə yaxın
tələbə təhsil alır. Universitetin 16 fakültəsi var.
Toronto Universiteti ölkənin ən böyük ali təhsil
müəssisəsidir. Ali məktəb məzunlarından 10 nəfəri
Nobel mükafatına layiq görülüb. Məzunlar arasında sabiq
prezidentlər və hökumət başçıları da var.
Yaşadığım şəhər əhali sıxlığı çox az olan, meşələr,
çaylarla əhatə olunan sakit bir ərazidir. Mühitə
öyrəşməklə bağlı çətinliyim yalnız ilk bir ayda oldu,
sonralar insanları tanıdıqca, dostlarım artdıqca
adaptasiya mərhələsi mənim üçün çətin olmadı. Vaxtımın
böyük hissəsini dərslərimə ayırıram. Boş vaxtlarım
olduqca eyni universitetdə oxuduğum azərbaycanlı
tələbələrlə vaxt keçirirəm. Bir sıra mövzularda
diskussiyalar aparır və biliklərimizi paylaşırıq.
"Azərbaycanlı tələbələr çoxdur"
Qeyd edim ki, xaricdə təhsilin ən mühüm üstünlüyü
tələbələrə daha müasir, daha zəngin təhsil sistemindən
yararlanmaq imkanı verməsindədir. Kanada ən keyfiyyətli
təhsil sisteminə malikdir. Bu mənada dünyanın müxtəlif
ölkələrindən Kanadaya üz tutan tələbələr çoxdur.
Oxuduğum universitetdə də tələbələrin böyük əksəriyyəti
əcnəbilərdir. Toronto Universitetinin özünəməxsus təhsil
və tədris ənənələri var. Universitet professorları və
tələbələr arasında çox sadə, səmimi münasibət
mövcuddur. Ali təhsil ocağında sessiya müddəti çox
qısadır (maksimum 15 gün). Ancaq semestrdaxili
imtahanlara ciddi hazırlaşdığımız üçün imtahanlararası
müddətin qısa olmağı problem yaratmır.
Kanadada təhsil alan azərbaycanlı tələbələr çoxdur. Bir
azərbaycanlı kimi mənim Azərbaycan diasporası ilə sıx
əlaqəm var. Oxuduğum bir ildə bir neçə dəfə
müxtəlif mövzularda görüşlərimiz keçirilib. Bu
görüşlərin böyük əksəriyyətinin əsas mövzusu işğal
altında olan torpaqlarımız olub. Azərbaycanın
Kanadadakı səfirliyinin dəstəyi və Torontoda təhsil
alan tələbələrin, buradakı azərbaycanlı icmasının
üzvlərinin iştirakı ilə 20 Yanvar faciəsinin ildönümü
ilə bağlı tədbir təşkil olunub. Burada keçirilən
tədbirlərdə Toronto Universitetinin Azərbaycanlı Tələbə
Assosiasiyası və yeni yaranmış Kanada Azərbaycanlı
Gənclər şəbəkəsi fəal iştirak edir.
"Təhsildə uğur əldə etməyin sirri öz üzərində
işləməkdədir"
Qeyd edim ki, Toronto Universiteti öz tələbələrinə dərin
nəzəri biliklər verməklə yanaşı onlarda tədqiqatçılıq
vərdişlərini aşılayır və gücləndirir. Buna görə də
istedadlı gənclərimizin dünyanın nüfuzlu ali
məktəblərində təhsil alması və dərin bilik və
bacarıqlarla vətənə dönmələrini alqışlayıram. Xaricdə
təhsil dünya standartlarına uyğun təhsil almaqla
yanaşı, eyni zamanda çox savadlı gənclərdən ibarət
tanışlar şəbəkəsinin əsasını qoyur. Tələbələrimiz
ünsiyyət qurduqları digər ölkələrin gəncləri ilə əldə
etdikləri bilikləri bölüşür və eyni zamanda
mədəniyyətimiz, ölkəmizin elmi potensialı barədə onlara
məlumat vermək imkanı da qazanırlar. Lakin təhsildə
uğur əldə etməyin sirri yalnız xaricdə təhsil almaqda
deyil, öz üzərində işləməkdədir.
Müasirləşən dünyada həyatımızın bütün sahələrində
proseslərin avtomatlaşdırıldığı bir dövrdə kompüter
elmləri ixtisası bütün ölkələrdə, o cümlədən
Azərbaycanda da aktualdır. Toronto Universitetində
təhsilimi başa vurduqdan sonra əsas hədəfim Azərbaycana
qayıdıb öz ixtisasım üzrə peşəkar fəaliyyətlə məşğul
olmaq və vətənə töhfə verməkdir.
Oruc MUSTAFAYEV,
"Azərbaycan müəllimi" |