Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

3 Oktyabr 2014 - №38

 

Fəxri adlar alan təhsil işçiləri ölkə başçısına minnətdarlıq edirlər

 

Habil və Şamil İSMAYILOV qardaşları,
 Cəlilabad rayonu, Qarazəncir kəndi, əməkdar bədən tərbiyəsi və idman xadimləri
 

74 illik ömrümüzün 50 ilə yaxınını təhsilə və idmana, balalarımızın fiziki cəhətdən sağlam böyüməsinə həsr etmiş biz əkiz qardaşlara - Habil və Şamil İsmayılovlara ölkəmizin təhsil və idman tarixində bənzəri olmayan xoş bir hadisə üz verib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu günlərdə imzaladığı "Azərbaycan Respublikasının təhsil işçilərinə fəxri adların verilməsi haqqında" sərəncamı ilə hər ikimiz "Əməkdar bədən tərbiyəsi və idman xadimi"  fəxri adına layiq görülmüşük. Təbiətin hökmü ilə eyni gündə anadan olmuş və bütün ömrümüz boyu taleyin qisməti ilə eyni fəaliyyət sahəsində çalışmış, idmanla məşğul olmuş, fiziki tərbiyə müəllimi işləmiş, vətənimiz, xalqımız qarşısında, demək olar ki, eyni xidmətlər göstərmiş biz qardaşları bir-birimizdən ayırmayaraq ikimizə də eyni gündə böyük sevinc bəxş edən möhtərəm Prezidentimizə minnətdarlığımızı bildiririk.

Ölkəmizdə təhsilə, idmana göstərilən böyük dövlət qayğısı, hər iki sahədə əldə etdiyimiz uğurlar, xüsusilə də son  illər idman sahəsində qazandığımız misilsiz nailiyyətlər biz qocaman təhsil işçilərini çox sevindirir.

Bizim həyat yolumuz ölkəmizin cənub bölgəsində - Cəlilabad rayonunda yerləşən Təzəkənd adlı kiçik bir kənddən başlayıb. 1940-cı ildə bu kənddə anadan olmuşuq. Birlikdə kənd məktəbində və ali məktəbdə təhsil almışıq, bir yerdə idmanla məşğul olmuşuq. Hələ ötən əsrin 50-60-cı illərindən özümüzü həsr etdiyimiz idmanın yüngül atletika növündə uğurlarımızı da bir yerdə qazanmışıq. Orta məsafəyə (1000 metr) qaçış üzrə SSRİ çempionatının finalçısı olmuş, dəfələrlə "Məhsul" İdman Cəmiyyətinin 400, 600, 800, 1000, 1500, 3000 metr məsafələrə qaçış üzrə rekordlarını vurmuş, Azərbaycan çempionu adını qazanmış, beynəlxalq yarışlarda yüksək nailiyyətlər əldə etmişik. Eyni zamanda Cəlilabad rayonunun müxtəlif ümumi təhsil müəssisələrində, pedaqoji fəaliyyətimizin son 10 ilində isə Ocaqlı kənd tam orta məktəbində fiziki tərbiyə müəllimi işləmiş, balalarımızın sağlam, mətin böyüməsinə var gücümüzü sərf etmişik. Pedaqoji sahədə də uğurlarımız az olmayıb, rayonda nümunəvi fiziki tərbiyə müəllimləri kimi tanınmışıq, yetirmələrimiz arasında idmanla  məşğul olanlar, məşğul olduqları idman növlərində yarışlarda yüksək yerlər tutanlar, ölkəmizin yığma komandasında oynayanlar, idman ustası normasını ödəyənlər çox olub.

Bizim Azərbaycan təhsilinə və idmana verdiyimiz töhfələri nəzərə aldığına  və müəllimlər üçün əziz olan peşə bayramımız ərəfəsində bizə fəxri ad verdiyinə görə bir daha ölkə başçısına minnətdarlığımızı bildiririk.


Şamxal MƏMMƏDOV,
287 nömrəli "Zəkalar" liseyinin fizika müəllimi, əməkdar müəllim

Təhsildə aparıcı sima olan müəllimlərin əməyinin qiymətləndirilməsi, stimullaşdırılması daim dövlətimizin diqqət mərkəzindədir. Hər il onlarca müəllimə təhsil sahəsindəki xidmətlərinə görə fəxri adlar, orden və medallar verilir. Son illər isə bu sahədə gözəl bir ənənə yaranıb. Müəllimlərin peşə bayramı ərəfəsində onların böyük bir qrupu "Əməkdar müəllim" fəxri adı və "Tərəqqi" medalı ilə mükafatlandırılır. Builki peşə bayramı ərəfəsində də möhtərəm Prezidentimizin bu barədə sərəncamları olub. Sevinirəm ki, mükafatlandırılanlar sırasında mən də varam.

1992-ci ildən - Bakıdakı 287 nömrəli "Zəkalar" liseyi açılandan burada fizika müəllimi işləyirəm. İndiyədək çoxlu uğurlarım olub. Son üç ildə şagirdlərim respublika fənn olimpiadalarında fizika üzrə yüksək yerlər tutublar. Bir yetirməm bu il ali məktəblərə qəbul imtahanlarında ən yüksək - 700 bal toplayıb. TQDK-nın apardığı təhlilə görə,  dərs dediyim siniflərdə bu il fizika fənni üzrə keyfiyyət 76 faiz olub.

Əməyim də qiymətləndirilib, müxtəlif vaxtlarda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, TQDK-nın fəxri fərmanlarına layiq görülmüşəm, 2010-cu ildə "Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif olunmuşam.

Bu il isə möhtərəm Prezidentimizin sərəncamı ilə müəllimlərə verilən ən yüksək ada - "Əməkdar müəllim" fəxri adına layiq görülmüşəm. Hesab edirəm ki, mənə verilən bu yüksək fəxri ad dövlətimizin başçısının təhsilə göstərdiyi diqqətin daha bir nümunəsidir. Buna görə möhtərəm Prezidentimizə minnətdarlığımı bildirirəm. 


Əyyub ƏBDÜLƏZİMOV,
Şuşa Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi, əməkdar müəllim

Hər bir insan, peşə sahibi əməyinin qiymətləndirilməsindən sevinc duyur.  Bu qiymətləndirmə yüksək səviyyədə, dövlət başçısı tərəfindən olduqda isə təbii ki, sevincinin dərəcəsi də yüksək olur. Ona görə də Azərbaycan Respublikasının Prezidenti, daim təhsilimizə və təhsil işçilərinə böyük diqqət və qayğı göstərən İlham Əliyev cənablarının bu günlərdə "Azərbaycan Respublikasının təhsil işçilərinə fəxri adların verilməsi haqqında" imzaladığı sərəncamda öz adımı görəndə hədsiz sevinc hissi keçirdim. Ümummilli liderimiz Heydər Əliyev demişdir: "Mən dünyada müəllim adından yüksək, şərəfli heç bir ad tanımıram". Fəxr edirəm ki, mən də ömrümü ulu öndərimizin bu cür yüksək qiymət verdiyi müəllim peşəsinə həsr etmişəm.

Ömrümün 45 ilini məktəbdə, təhsildə və yaradıcılıqda keçirmişəm. Ötən bu illərdə dərs dediyim şagirdlərin çoxu orta məktəbi qızıl və gümüş medallarla, Azərbaycan dili və ədəbiyyat fənlərinin öyrənilməsində fərqləndiklərinə görə tərifnamələrlə bitirib ali və orta ixtisas məktəblərinə qəbul olublar.

1976-cı ildə "Metodist müəllim", 1994-cü ildə "Ali kateqoriyalı müəllim", 2000-ci ildə "İlin ən yaxşı məktəb inspektoru" adlarına, diplom və fəxri fərmanlara layiq görülmüşəm. Bu vaxta qədər Azərbaycanın və bir neçə xarici ölkənin mətbuatında pedaqoji, metodik məqalələrim, ədəbiyyat, dil və tarixlə bağlı yazılarım dərc olunub. 11 adda kitabım, o cümlədən 3 adda pedaqoji mövzularda kitabım nəşr olunub.  2014-2015-ci tədris ilində ümumtəhsil məktəblərinin 8-ci sinfində tədris olunan "Qarabağın tarixi" adlı proqramın və eyni adlı tədris vəsaitinin müəlliflərindən biriyəm. Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Müharibə Veteranları Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatıyam.

2013-cü ildə respublikamızda ilk olaraq ədəbiyyat fənnindən "Ustad dərsi" və müəllimlərə kömək məqsədilə "açıq dərs"lər vermişəm.

2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Tərəqqi" medalına layiq görülmüşəm.

Azərbaycan təhsilinin inkişafına göstərdiyi qayğıya, müəllimlərin, o cümlədən mənim əməyimə verdiyi yüksək qiymətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz dərin minnətdarlığımı bildirirəm. Eyni zamanda Təhsil Nazirliyinə daim yaradıcı müəllimləri dəstəklədiyinə görə təşəkkür edirəm.


Lalə QƏTİ,
 Bakı şəhəri,  Nizami Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin direktoru, əməkdar müəllim

Şərəfli müəllim   adını qürurla daşıyan hər  bir təhsil işçisi kimi mən də peşə bayramımızı səbirsizliklə gözləyirəm. Bu bir  həqiqətdir ki, adları pak, amalları saf olan bu peşə sahibləri  həmin gün daha gözəl, daha ülvi görünürlər. Çünki məhz həmin gün hamı müəllim adının şərəf və ləyaqətindən ürəkdolusu danışır. Ölkə rəhbəri cənab İlham Əliyevin və Təhsil Nazirliyinin   ünvanımıza    səsləndirdikləri xoş  sözlər biz müəllimləri  işimizə daha həvəslə yanaşmağa  ruhlandırır və peşə məsuliyyətimizi ikiqat artırır.

2003-cü ildən Nizami  Rayon Uşaq-Gənclər  Yaradıcılıq Mərkəzinin direktoru vəzifəsində çalışıram. Hər il Türkiyədə  keçirilən  "23 Nisan" ənənəvi Beynəlxalq Uşaq bayramında ən fəal qrup rəhbəri kimi iştirak edib  fəxri fərman və ödüllərə layiq görülmüşəm. 2008-2010-cu illərdə Ukraynanın Krım vilayətində yerləşən  "Artek" Beynəlxalq Uşaq Mərkəzində "Dünyanı yaxşılığa doğru dəyişək" devizi altında keçirilən  VII  və  IX  Beynəlxalq Uşaq Festivalında   60-a yaxın ölkənin qrupları arasında   Azərbaycanı layiqincə təmsil etmişəm və festivalın təşkilat  komitəsi tərəfindən "Ən fəal lider"  nominasiyası üzrə sertifikat  və ödül  qazanmışam.  Pedaqoji və  ictimai  fəaliyyətimdə  qazandığım uğurlara görə dəfələrlə  Bakı Şəhəri üzrə  Təhsil İdarəsi, Bakı  Şəhər İcra Hakimiyyəti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, YUNİSEF-in Azərbaycandakı nümayəndəliyi  və digər təşkilatlar tərəfindən fəxri fərman, diplomlar  almışam.  2011-ci  ildə ölkə rəhbərinin müvafiq sərəncamı ilə "Tərəqqi" medalına layiq görülmüşəm.

Beynəlxalq Müəllimlər  Günü ərəfəsində  cənab Prezident İlham Əliyevin imzaladığı sərəncamla fəxri adlar alan, peşəsinin layiqli  sahibi  olan  müəllimlərlə bir sırada  öz adımı oxuyanda  qürur  hissi keçirdim. Layiq görüldüyüm "Əməkdar müəllim" fəxri adını mən bütövlükdə  kollektivimizin əməyinə verilən  yüksək qiymət kimi qəbul edirəm və rəhbərlik etdiyim Mərkəzin hər bir üzvü adından, şəxsən öz adımdan cənab Prezidentə öz dərin təşəkkürümü bildirirəm.

 

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov