25-26
sentyabr 2014-cü il tarixlərində Rusiyanın Moskva
şəhərində Rusiya Federasiyasının Elm və Təhsil
Nazirliyinin təşəbbüsü və Moskva Dövlət İqtisadiyyat,
Statistika və İnformatika Universitetinin təşkilatçılığı
ilə "Sərhədsiz dünya: açıq, distant, elektron təhsil -
Moskva ICDE 2014" adlı beynəlxalq konfrans keçirilib.
Konfransda ölkəmizi Təhsil Nazirliyi TSİİ-nin Elektron
və veb məzmunun inkişafı şöbəsinin müdiri Namiq
Zeynalov və bu mötəbər elmi məclisə spiker kimi dəvət
olunan Təhsil Nazirliyi Təhsil Problemləri İnstitutunun
beynəlxalq əməkdaşlıq və informasiya şöbəsinin müdiri,
respublikanın əməkdar müəllimi Almaz Həsrət təmsil
ediblər. Konfransda Azərbaycan, Banqladeş, Belçika,
Belarus, Braziliya, Böyük Britaniya, Vyetnam, Zambiya,
Qana, Almaniya, Yəmən, Hindistan, İndoneziya, İran,
İspaniya, İtaliya, Qazaxıstan, Kanada, Çin, Livan,
Meksika, Nigeriya, Yeni Qvineya, Birləşmiş Ərəb
Əmirlikləri, Pakistan, Rusiya, Səudiyyə Ərəbistanı,
Serbiya, Amerika Birləşmiş Ştatları, Tailand, Tanzaniya,
Türkiyə, Fransa, Filippin, Efiopiya və b. ölkələrin ali
təhsil müəssisələrinin rektorları, prorektorları,
professor və elm adamları, təhsil sahəsində çalışan
tanınmış ekspertlər iştirak ediblər.
Moskva Dövlət İqtisadiyyat, Statistika və İnformatika
Universiteti ilə yanaşı Beynəlxalq Açıq və Distant
Təhsil üzrə Şuranın da təşkilatçılıq dəstəyi verdiyi
beynəlxalq konfransda distant təhsilin iqtisadi, texniki,
pedaqoji və sosial aspektləri; formal təhsil və praktik
fəaliyyət arasında fərqliliyin azalması prosesində açıq
və distant təhsilin rolu; təhsil müəssisələrində
elektron tədris: problem və imkanları; açıq, distant və
elektron təhsil sahəsində beynəlxalq, regional,
regionlararası əməkdaşlıq və s. kimi məsələlər müzakirə
mövzusu olub.
Beynəlxalq konfransın ilk günündə Rusiya Federasiyasının
elm və təhsil nazirinin müavini Veniamin Kaqanov və
Moskva Dövlət İqtisadiyyat, Statistika və İnformatika
Universitetinin rektoru Natalya Tixomirova iştirakçıları
salamlayıb, konfransın işinə uğurlar arzulayıblar. Sonra
söz müxtəlif ölkələrdən gələn xarici spikerlərə verilib.
TPİ-nin beynəlxalq əməkdaşlıq və informasiya şöbəsinin
müdiri, respublikanın əməkdar müəllimi Almaz Həsrət "İnformasiya
mədəniyyətinin formalaşmasında yeni texnoloji alətlər
sistemi" mövzusunda təqdimat-məruzə ilə çıxış edib.
Məruzə konfrans iştirakçıları tərəfindən maraqla
qarşılanıb. Təqdimatdan sonra A.Həsrət konfrans
iştirakçılarının Azərbaycan təhsil sistemi ilə bağlı
suallarını cavablandırıb.
İki gün davam edən konfransda habelə dünya təhsil
sistemində elektron təhsil, distant təhsilə keçid və
onun tətbiqi zamanı zəruri olan xarici ölkələrin
təcrübələrinin son nailiyyətləri, onlardan istifadə, ən
son texnologiya ilə bağlı maraqlı təqdimatlar da
dinlənilib və müzakirələr aparılıb.
Moskva Dövlət İqtisadiyyat, Statistika və İnformatika
Universitetinin rektoru Natalya Tixomirova ölkəmiz və
xüsusən də Təhsil Problemləri İnstitutu ilə sıx
əməkdaşlıq etmək istəyini bildirib və qarşılıqlı
razılığa gəlinəcəyi təqdirdə institutla iş birliyinin
aparılmasından məmnunluq duyacağını söyləyib. Beynəlxalq
Açıq və Distant Təhsil Şurasının prezidenti,
İndoneziyanın Terbuka (Açıq Universitet) Universitetinin
rektoru Tian Belavati, Moskva şəhəri İnformasiya
Texnologiyaları İnstitutunun direktoru, akademik Viktor
Zubkov, ABŞ Ontario Elektron Təhsil və Təlim Mərkəzinin
prezidenti Maksim Jon-Luis, Kanadanın Ryerson
Universitetinin Rəqəmli Təhsil Strategiyası Mərkəzinin
direktoru Naza Cafarova, Mordovanın Milli Tədqiqatlar
Dövlət Universitetinin Əlavə təhsil şöbəsinin
prorektoru Serqey Pilipenko, Bavariya Virtual
Universitetinin direktoru, professor Paul Röhl, İstanbul
Mədəniyyət Universitetinin rektoru, professor Hamit Okur
və b. Azərbaycanla dostluq, TPİ ilə birgə təhsilin
inkişafı yönündə işlər görmək üçün əməkdaşlıq etməyə hər
zaman hazır olduqlarını bildiriblər. Konfransda məruzə
ilə çıxış edən və müzakirələrə qatılan Almaz Həsrət
Azərbaycan təhsil sistemində distant təhsilə keçidlə
bağlı görülən işlər və yeniliklər barədə məlumatları
distant təhsilin inkişafı ilə bağlı Dövlət
Strategiyasında əksini tapmış məsələləri xarici
ekspertlərlə paylaşıb.
Beynəlxalq konfransın bağlanış mərasimindən sonra
iştirakçılara sertifikatlar təqdim olunub.
Yusif ƏLİYEV,
"Azərbaycan müəllimi" |