Sentyabrın
26-da Bakı Dövlət Universitetində (BDU) görkəmli yazıçı,
alim və pedaqoq, əməkdar elm xadimi, professor Mir Cəlal
Paşayevin əziz xatirəsinə həsr olunmuş ikicildlik
kitabın təqdimat mərasimi keçirilib.
AzərTAc xəbər verir ki, kitabın müəllifi, tərtibçisi və
nəşrə hazırlayanı filologiya elmləri doktoru, professor
Teymur Əhmədov, redaktoru BDU-nun kafedra müdiri Ədibə
Paşayevadır.
Tədbiri BDU-nun rektoru, akademik Abel Məhərrəmov açaraq
Mir Cəlal Paşayevi istedadlı yazıçı, böyük müəllim,
xeyirxah insan kimi xarakterizə edib və ədibin
xatirəsinə həsr olunmuş ikicildliyin nəşrini yüksək
qiymətləndirib.
Bildirilib ki, kitabın "Mir Cəlal: Həyatı, mühiti,
ədəbi, elmi və pedaqoji fəaliyyəti" adlı birinci
cildində Mir Cəlal haqqında müasirlərinin ədəbi-nəzəri
düşüncələri və ədibə həsr olunmuş poetik nümunələr yer
alıb.
"Nurlar" nəşriyyat poliqrafiya mərkəzi tərəfindən nəfis
şəkildə çap olunmuş bu kitabın ikinci cildi "Mir Cəlal:
Ömrün mənalı anları" adlanır. Bu cilddə ədibin
fotoşəkilləri, əlyazmaları və epistolyar irsi toplanıb.
Bu albom-kitabda Mir Cəlalın həyatı və mühiti
fotoşəkillərlə müşayiət olunur.
A.Məhərrəmov vurğulayıb ki, Bakı Dövlət Universitetinin
sevimli müəllimi, nüfuzlu professoru kimi xatirələrdə
daim yaşayan Mir Cəlal Paşayev həqiqət, düzlük,
səmimiyyət aşiqi, ailəsini, övladlarını sevən, qoruyan
şəxsiyyət olub. Onun bu kəlamı indi də dillər əzbəridir:
"Həyatımda yaratdığım ən böyük əsər ailəmdir".
Rektor deyib ki, BDU-nun filologiya fakültəsi
tələbələrinin birinci kursda istifadə etdikləri
"Ədəbiyyatşünaslığın əsasları" dərsliyi daha sonralar
mütəxəssislərin masaüstü kitabı olub. Mir Cəlal Paşayev
1936-cı ildən ömrünün sonunadək dərs dediyi
universitetin auditoriyalarında bu fəndən mühazirələr
oxuyub.
Tədbirdə AMEA-nın müxbir üzvü, professor Təhsin
Mütəllimov, BDU-nun kafedra müdiri, professor Cahangir
Məmmədli, təhsil nazirinin müavini Firudin Qurbanov və
akademik Vasim Məmmədəliyev çıxış edərək XX əsr
Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin
inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan,
görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin ömür
yolundan və bənzərsiz yaradıcılıq axtarışlarından geniş
söhbət açıblar.
Qeyd edilib ki, Mir Cəlal Paşayev böyük şəxsiyyətlərin
həyat və yaradıcılıqlarını, dövrünün ictimai-siyasi,
ədəbi-mədəni mühitini öyrənməklə, tədqiq etməklə özü də
uca zirvələrə qalxıb, əsl şəxsiyyət kimi müdrikləşib.
Qəti əminliklə deyə bilərik ki, təkcə "Bir gəncin
manifesti" əsərinə görə Mir Cəlal klassik sənətkarlar
sırasında dayanmaq haqqını qazanıb.
Əməkdar elm xadimi Mir Cəlal Paşayev XX əsr ədəbiyyat,
ədəbiyyatşünaslıq tarixində elə bir cığır açıb ki, bu,
çağdaş təfəkkürümüzün də əsas sütunu olaraq qalacaqdır.
Təsadüfi deyildir ki, bu gün təkcə Azərbaycanda deyil,
onun sərhədlərindən kənarda da görkəmli ədibin həyat və
yaradıcılığı geniş şəkildə öyrənilir və əsərləri
müxtəlif dillərdə nəşr edilərək maraqla oxunur.
Vurğulanıb ki, XX əsr Azərbaycan ədəbiyyatı və elminin
inkişafında müstəsna xidmətləri olmuş Mir Cəlal
Paşayevin 100 illiyinin UNESCO səviyyəsində qeyd
edilməsi, ilk növbədə, Azərbaycan elminə, mədəniyyətinə
və ədəbiyyatına dünya miqyasında verilən dəyərin
təzahürüdür.
Natiqlər yeni kitabı Mir Cəlal Paşayevi təkcə bir alim,
ədib, pedaqoq kimi deyil, həm də böyük insan, gözəl
müəllim, səmimi dost, qayğıkeş ailə başçısı kimi daha
dərindən tanıtmaq baxımından yüksək qiymətləndirərək bu
işdə əməyi olanlara minnətdarlıqlarını bildiriblər.
Bildirilib ki, 1978-ci il sentyabrın 28-də əbədiyyətə
qovuşmuş, böyük şəxsiyyət kimi tarixləşmiş, gözəl
müəllim, görkəmli yazıçı, istedadlı ədəbiyyatşünas Mir
Cəlal Paşayevin xatirəsi daim qəlblərdə yaşayacaq,
ədəbiyyatımızın, ədəbiyyatşünaslığımızın əbədi mövzusu
olaraq qalacaqdır.
Mir Cəlal Paşayevin qızı, Bakı Dövlət Universitetinin
kafedra müdiri Ədibə Paşayeva çıxış edərək tədbirin
təşkilatçılarına və iştirakçılarına minnətdarlığını
bildirib. O, ikicildliyin gənclərin zəhmətə alışması,
bilikli olmaları, Vətənə, dövlətə layiqli vətəndaşlar
kimi formalaşmaları baxımından böyük əhəmiyyət
daşıdığını söyləyib.
Kitaba ən böyük qiyməti oxucuların verəcəyini deyən
Ədibə Paşayeva professor Mir Cəlal Paşayevin Azərbaycan
ədəbiyyatına və elminə, təhsilinə dəyərli töhfələr
verdiyini, alimin şərəfli ömür yolunun nəsillərə layiq
örnək olduğunu vurğulayıb. |