Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

3 Oktyabr 2014 - №38

 

 "Təkcə ictimai nəqliyyatdan istifadə zamanı 26 kitab oxumuşam"

 

Mütaliə ilə bağlı əməkdaşımızın budəfəki hədəfi ali məktəb tələbələri oldu 

Mütaliə ilə bağlı qəzetimizin ötən sayında dərc olunmuş yazını hazırlayarkən şagirdlər arasında apardığımız  araşdırma zamanı yeniyetmələrin demək olar ki, əksəriyyəti  ali məktəblərə qəbul imtahanlarına hazırlaşdıqlarına görə mütaliə ilə məşğul olmadıqlarını etiraf edir, bəziləri  hətta tələbə olduqdan sonra bədii ədəbiyyat oxuyacaqlarını bildirirdilər. Bəs görəsən, ali məktəblərdə təhsil alan tələbələrimiz arasında  mütaliə ilə bağlı mövcud vəziyyət necədir?  Tələbələr hansı ədəbiyyatları oxumağa üstünlük verirlər? Məsələnin aktuallığını nəzərə alıb paytaxtın iki ali məktəbində olduq və  tələbələrlə söhbətləşdik.  Mütaliə ilə bağlı, təbii ki, bu dəfə də mütəxəssis fikrinə  ehtiyac duyduğumuzdan onlardan  bir neçəsinə müraciət etdik. 

İlk həmsöhbətlərimiz Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya  fakültəsinin I və III kurs tələbələri oldu.

III kurs tələbəsi Natəvan Abdullayeva hər gün mütaliə ilə məşğul olduğunu desə də ondan axırıncı dəfə hansı   kitabı oxuduğunu soruşduqda  cavab verməkdə çətinlik çəkdi.

I kursda təhsil alan tələbə Şahsənəm Şiriyevanın "Hazırda hansı ədəbiyyatları mütaliə edirsən" sualına cavabı konkret oldu: -  "Heç bir kitab oxumuram. Kitaba marağım azdır. Ətrafımda mütaliə edən uşaqlar yoxdur və mən də oxumağa ehtiyac duymuram. Universitetdə müəllimimiz oxuyacağımız yazıçı və şairlərin əsərlərindən ibarət bir siyahı verib. Məcbur olub onları oxumalıyam". Onunla  eyni kursda olan, lakin fərqli ixtisas üzrə təhsil alan Osman Cəfərli mütaliəsiz  yaşaya bilmədiyini desə də cəmi  3-4 kitabın adını çətinliklə yadına saldı.  III kurs tələbəsi olan Gültəkin Muradova hazırda 3 əsəri birdən oxuduğunu, bunun üçün gününün müəyyən hissələrini həmin kitabları oxumaq üçün ayırdığını bildirdi. Təkcə ictimai nəqliyyatdan istifadə zamanı 26 kitab oxuduğunu söyləyən tələbə mütaliənin onun bədii zövqünün  formalaşmasında əhəmiyyətli rol oynadığını istisna etmədi. Onunla eyni   kursda olan, eyni ixtisas üzrə təhsil alan Günel İbrahimli  məktəb vaxtı mütaliə ilə məşğul olmağa həvəs göstərmədiyini, lakin tələbə olduqdan sonra onda kitab oxumağa maraq yarandığını söylədi. Oxuduğu xeyli sayda  kitabın  adını çəkən Günel mütaliə etdiyi əsərlərlə bağlı təəssüratlarını, xoşuna gələn sitatları ayrıca bir dəftərə qeyd etdiyini də dedi. III kurs tələbəsi Validə Hüseynova Azərbaycanın müasir gənc yazarlarının əsərlərinin onu daha çox cəlb etdiyini söylədi və son vaxtlar oxuduğu bir neçə kitabın adını çəkdi. Bildirdi ki, kitaba maraq ona valideynlərindən keçib, gözünü açandan onların mütaliə ilə məşğul olduqlarını görüb.

Növbəti obyektimiz Bakı Slavyan Universiteti oldu. Jurnalistika və Azərbaycan filologiyası fakültəsinin  I və III kurs tələbələri ilə söhbətimiz zamanı  onlara müəllimlər tərəfindən semestr  ərzində   oxuyacaqları yazıçı və şairlərin əsərlərindən ibarət bir siyahı verildiyini, əsasən mütaliələrini həmin oxunması vacib hesab edilən əsərlər üzərində qurduqlarını və  oxuduqları əsərlərin imtahan prosesində nəzərə alındığını söylədilər. III kurs tələbəsi Gülarə Abuzərova  yayda şəxsi istəyi ilə  2 bədii kitabı, qalanlarının isə müəllimin təqdim etdiyi siyahı əsasında oxuduğunu bildirdi. III kurs tələbəsi olan digər tələbə Xədicə Cahangirli  daha çox xarici ölkələrin yazıçılarının əsərlərini mütaliə etməyə üstünlük verdiyini  dedi və axırıncı dəfə oxuduğu bir neçə əsərin adını çəkdi. III kurs tələbəsi  Cəbrayıl Əlili və I kurs tələbəsi  Zeynəb Mikayılova kitab oxumağa, mütaliə etməyə qətiyyən maraqları olmadıqlarını, müəllimin verdiyi siyahıdakı əsərləri isə məcbur olub oxuduqlarını bildirdilər. Səbəbini isə belə açıqladılar: "Həvəsimiz yoxdur. Mütaliə bizi maraqlandırmır". III kursda təhsil alan Türkan Aşurova da mütaliəsini müəllimin tapşırdığı əsərlər  üzərində qurduğunu söylədi. Onunla eyni kursda, lakin ayrı ixtisas üzrə təhsil alan  Nəzrin Dadaşova əsasən  müəllimin tapşırdığı əsərləri oxuduğunu və bu əsərləri dərsdə tələbə yoldaşları ilə birlikdə müzakirə etdiklərini bildirdi. Yay tətili dövründə özü üçün maraqlı hesab edərək oxuduğu 2 kitabın adını çəkdi. 

Hər iki ali məktəbin  ümumilikdə 21  tələbəsi ilə apardığımız sorğunun nəticələrindən aydın oldu ki, gənclərimizin əksəriyyəti mütaliə ilə məşğuldur. Ancaq  özlərinin də vurğuladığı kimi, mütaliələrini əsasən müəllimin tapşırdığı əsərlər  üzərində qururlar. Bugünkü gənclərin səxsi istəyi (onların sayı isə kifayət qədər azdır) ilə oxuduğu əsərlər içərisində Azərbaycan klassiklərinin əsərlərinin olduqca az yer alması təəssüf doğurur. Özünü mütaliə həvəskarı  kimi göstərən bəzi gənclərimiz elə yazarların əsərlərinin adını çəkirdi ki, onların hələ heç  özləri Azərbaycan ədəbi mühitində  o qədər də yaxşı tanınmır. Tələbələrimizin düşüncə tərzində bir iz qoymayacaq, təhsil həyatlarında, bütövlükdə dünyagörüşlərinin formalaşmasında, həyata baxışlarının müsbət mənada dəyişməsində  əhəmiyyətli rol oynamayan həmin yazarların əsərlərinə gənclər tərəfindən bu qədər maraq göstərilməsi  əslində narahatlıq doğurur.


Bədii əsərləri oxumayanların şifahi və yazılı nitqi qüsurlu olur

Buludxan XƏLİLOV,
filologiya üzrə elmlər doktoru, professor

Bədii əsər oxumayan, mütaliə ilə məşğul olmayan  insan mənəvi cəhətdən kamil ola bilməz. İndi yeniyetmələrin, gənclərin böyük əksəriyyəti bədii əsər oxumaq tələbatından və ehtiyacından çox-çox uzaqdır. Bunun bir neçə obyektiv və subyektiv səbəbi vardır. Obyektiv səbəbi onunla bağlıdır ki, mövcud test sistemi şagirdlərin dərslikdə olan bədii əsərlərin məzmununu, təhlilini, ideyasını öyrənməyə və mənimsəməyə imkan vermir. Başqa bir tərəfdən isə informasiya- kommunikasiya texnologiyaları vasitələrinin məişətimizə daxil olması şagirdlərin böyük əksəriyyətinin vaxtını əlindən alır. Yaxşı olar ki, orta məktəbdə oxuyan şagirdlər üçün bədii ədəbiyyat oxumaq barədə vahid tələblər qoyulsun. Həmin tələblərə görə, proqramda olan bədii əsərləri oxumayan, şeir parçalarını əzbərdən bilməyən şagirdlərə qiymət vermək olmaz.

Bu gün bədii əsərlərdən uzaq düşən şagirdlər müstəqil danışmaq və yazmaq bacarıqlarını da itirirlər. Bədii əsər oxumayan şagirdin lüğət tərkibi də kasad olur. O danışanda çətinlik çəkir, fikrini ifadə etmək üçün söz tapa bilmir.

Ümumiyyətlə, bədii zövqü bədii əsərlər formalaşdırır. Bədii əsərləri oxumayanların şifahi və yazılı nitqi qüsurlu olur.

Bu problemin həllinə kömək üçün təklif edirəm:

- İbtidai siniflərdə tədris olunan bədii əsərlərin standartları elə asan və sadə olmalıdır ki, onu hər bir ibtidai sinif şagirdi mənimsəmiş olsun;

- Yuxarı siniflərdə dərsliklərə ən vacib bədii əsərlər salınmalıdır;

- Həm ibtidai siniflərdə, həm də yuxarı siniflərdə şagirdlərin bədii ədəbiyyata marağını artırmaq üçün bədii qiraətlər keçirilməli, vaxtilə orta məktəblərdə fəaliyyət göstərən özfəaliyyət dərnəklərinin işini gücləndirmək lazımdır (Bu dərnəklərdə səhnəciklər hazırlanaraq şagirdlərin ifasında təqdim olunurdu);

- Orta məktəb uşaqları üçün çap olunan kitablara - bədii əsərlərə xüsusi yer ayrılmalı, məktəblərdə şair və yazıçılarla görüşlərin sayı artırılmalıdır;

- Ali məktəblərin filologiya fakültələrində oxunması məcburi olan bədii əsərlərin siyahısı tərtib olunmalı və tələbələrin həmin bədii əsərləri oxuması məcburi sayılmalıdır və s.


İdmanın bədənə göstərdiyi təsiri, kitab beyinə göstərir 

Fərrux RÜSTƏMOV,
pedaqoji elmlər doktoru, professor, əməkdar elm xadimi

Mütaliə insanı kamilləşdirir, onun nitq və qabiliyyətini inkişaf etdirir, onu yaxın-uzaq keçmişə aparır. Müdriklərdən biri deyib ki: "İdmanın bədənə göstərdiyi təsiri, kitab beyinə göstərir". İnsanların mənəvi inkişafı, şəxsiyyət kimi formalaşmasında mütaliə vərdişi mühüm rol oynayır.

Hər bir fərdin şəxsiyyətə çevrilməsi, cəmiyyətdə sosiallaşması, mövqe qazanması onun təhsil səviyyəsi ilə bağlıdır. Ümumtəhsil məktəblərində şagirdlər, ali məktəblərdə tələbələr, hətta onları öyrədənlərin özləri belə bədii ədəbiyyat oxumağa həvəs göstərmirlər. Fikrimizcə, bunların səbəbləri aşağıdakılardır:

- kitab oxuma vərdişinin  kiçikyaşlı uşaqlara aşılanmaması;

- uşaqların asudə vaxtının düzgün bölünməməsi, telefondan və kompüterdən istifadəyə çox vaxt sərf edilməsi;

- nəşr edilən ədəbiyyatın azlığı və baha olması;

- kitab təbliğatının zəif olması, şəhərdə kitab mağazalarının sayının kəskin şəkildə azalması;

- tədris yükünün ağır olması, asudə vaxtın qalmaması.

Təcrübə göstərir ki, şagirdlər az-çox ibtidai siniflərdə müəllimlərin təkidli tələbləri  nəticəsində  həcmcə  kiçik olan kitablar oxuyurlar. Yuxarı siniflərdə isə bu vərdiş unudulur, çünki şagirdi də, valideyni də, müəllimi də bir məsələ düşündürür: şagirdin ali məktəbə qəbul olunması. Bunun üçün isə yeganə yol - yaddaşı inkişaf etdirməkdən, müəyyən fənlərlə bağlı testləri əzbərləməkdən ibarətdir.

Kitab oxuma vərdişini daha çox valideynlər yaratmalıdırlar. Təəssüflər olsun ki, uşaqlara kiçik yaşlarından şəkilli kitablar, nağıllar oxumaq əvəzinə valideynlər, xüsusilə analar, onlara mane olmasın deyə, uşaqlarının  qarşılarına planşet qoyur, müxtəlif oyunlar təqdim edirlər. İndi elə uşaqlar var ki, planşetlə, kompüterlə yatır və onunla da oyanır. Onlar kompüterdən asılı vəziyyətə düşüblər. Bu onların həm səhhətinə, həm də şəxsiyyət kimi formalaşmasına mənfi təsir göstərir. Oxunan bədii kitabların böyük əksəriyyəti isə faydasız kitablar olur. Ən yaxşı kitab insanı düşünməyə vadar edən kitabdır. Elə kitablar var ki, onları oxumaq xeyirdən çox ziyan gətirir. Vaxtilə F.Bekon deyirdi ki, kitab zamanın dalğaları üzərində səyahət edən və öz qiymətli yükünü nəsillərdən-nəsillərə daşıyan fikir gəmisidir.

Uşaqlara kiçik yaşlarından oxuma, öyrənmə və düşünmə vərdişinin aşılanması zəruri və vacibdir.  


Ailə kitabxanası ənənəsi yenidən bərpa olunmalıdır 

Qəzənfər PAŞAYEV,
filologiya üzrə elmlər doktoru, professor
 

Kitab oxumaq, mütaliə ilə məşğul olmaq insanın  söz ehtiyatının zənginləşməsində, dünyagörüşünün, gözəl nitq mədəniyyətinin formalaşmasında, ən başlıcası onun həyata  baxışının yaxşı mənada dəyişməsində əhəmiyyətli rol oynayır.

Çox təəssüf ki, bu gün doğrudan da kitab oxuyanların, mütaliə ilə məşğul olanların sayı azalıb. Xüsusən bu, yeniyetmə və gənclərimiz arasında artıq  kütləvi  xarakter halını almağa başlayıb. Mənim fikrimcə, bunun əsas səbəblərindən biri son illər informasiya-kommunikasiya texnologiyalarının sürətlə həyatımıza daxil olması, xüsusilə böyüməkdə olan gənc nəslin həyatında həlledici amilə çevrilməsi, ölkəmizdə saysız-hesabsız xarici TV kanallarının yayımlanması bütövlükdə mütaliəyə olan marağı azaldıb. İmtahanların test vasitəsilə aparılması, imtahan prosesində müəllimlə gənc arasında canlı ünsiyyətin olmaması, uşaqların yalnız seçdikləri  ixtisasa müvafiq biliklərə yiyələnərək bununla kifayətlənmələri və digər sadalamadığım səbəblər, düşünürəm ki, son nəticədə onların hərtərəfli dünyagörüşünün artırılmasında, öz fikirlərini səlis, düzgün şəkildə ifadə edə bilməsində, nitq mədəniyyətinin formalaşmasında müəyyən çətinliklər yaradır.

Çoxları mənimlə razılaşar ki, vaxtilə bizim gözəl mütaliə mədəniyyətimiz var idi. Yəqin ki, çoxlarının yadında olar, hansı sahədə işləməsindən asılı olmayaraq hər bir kəsin evində kitabxana olardı və burada müxtəlif mövzularda kitablar  saxlanılardı.  

Düşünürəm ki, həmin gözəl ənənə yenidən bərpa olunmalıdır.

Uşaqlarda mütaliə mədəniyyəti kiçik yaşlarından formalaşmalıdır. Bu mühit, ilk növbədə, ailədə yaranmalı, sonradan isə məktəb illərində müəllimlər tərəfindən uşaqlar mütaliə ilə məşğul olmağa istiqamətləndirilməli, universitet illərində də mütaliə mütləq  davam etdirilməlidir.   


Mütaliə insan xarakterinin formalaşmasına təsir göstərən amillərdəndir 

Alxan BAYRAMOĞLU,
filologiya üzrə elmlər doktoru, professor
 

Mütaliə - dünyagörüşdür, söz ehtiyatıdır, nitq mədəniyyətidir, həyat təcrübəsidir, əxlaq tərbiyəsidir, insan xarakterinin formalaşmasına təsir göstərən amillərdəndir, ədəbi zövqdür, həyat tərzidir. Demək, mütaliə ümummilli işdir, millət və dövlət üçün taleyüklü məsələdir. Ona görə bu iş dövlətin strateji maraqlarından biri kimi diqqət mərkəzində saxlanılmalıdır.

Demək olmaz ki, ölkədə, xüsusən gənclər arasında mütaliə yoxdur. Xeyr, var, ancaq bir qədər zəif və xeyli pərakəndə haldadır. Zəiflik ona görədir ki, əsrin, dövrün ritmi çox sürətlidir və geniş mütaliəyə vaxt və səbr məhdudlaşıb. Hər kəs kitabxanaya getməyə vaxt sərf etmək istəməyib bütün informasiya ehtiyacını da, bədii tələbatını da İnternet vasitəsilə ödəməyə üstünlük verir. Bundan başqa, mütaliə orta məktəbdən aşılanmalı olduğu halda orta məktəbin tədris planları o qədər yüklənib ki, şagirddə əlavə oxuya vaxt və güc çatmır.

Mütaliəni fəal həyat mövqeyi səviyyəsinə çatdırıb milli və dövləti mənafeyimizə uyğun strateji məqsədlərə yönəltmək üçün kitab nəşrini heç olmasa ictimai nəzarətə götürmək, bunun üçün mütəxəssislərin təmsil olunduqları qurumlar yaratmaq, kitabxana -  oxucu münasibətlərini işgüzar şəklə salmaq, hazırda keçirilən "imza günləri"ni məktəblərdə təşkil etmək, bu zaman müəllifin mənafeyinə toxunmamaq şərti ilə kitabların satış qiymətlərini güzəştli şərtlərlə təklif etmək lazımdır.

Gənclər, tələbə və şagirdlər alimi və müəllimi - elm, bilik və intellekt daşıyıcısını nüfuzlu və təminatlı görsə, onda oxumaq, mütaliə həvəsi də, marağı da artar.  

Hazırladı: Samirə KƏRİMOVA,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov