Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə ("Qaynar
xətt" xidməti, telefon: 146), Kommutator xidmətinə daxil
olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində
2014-cü ilin sentyabr ayında vətəndaşlara göstərilən
xidmətlərlə bağlı statistika açıqlanıb.
Statistikaya əsasən, Telefon Məlumat Mərkəzinə 8010 zəng
(2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 5 dəfə çox)
və Kommutator Xidmətinə 3700-ə yaxın zəng daxil olub.
Vətəndaşların Qəbulu Mərkəzində isə 8122 vətəndaşa
xidmət göstərilib.
Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu
Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu
xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və
operativ həll olunub. 1610 vətəndaş sorğularına uyğun
olaraq elektron qaydada Təhsil Nazirliyinin müvafiq
məsul şəxslərinin qəbuluna yazılıb. Vətəndaşların Qəbulu
Mərkəzində 1725 sənəd (1116 ərizə, 452 məktub, 157 digər
sənəd) qəbul olunub və qeydiyyata alınıb.
Daxil olan müraciətlərdə daha çox müəllimlərin işə
qəbulu, diplomların tanınması, təhsil sənədlərinin
alınması, uşaqların vaxtından əvvəl I sinfə qəbulu,
şagirdlərin ümumi təhsil müəssisələrinə yerdəyişməsi və
ali təhsil ilə bağlı məsələlər əksini tapıb.
Qeyd edək ki, Telefon Məlumat Mərkəzinə ötən ay ərzində
ən çox həftənin bazar ertəsi (2256 zəng) və çərşənbə
axşamı (1846 zəng) günləri, əsasən, saat 10:00-dan
12:00-dək və 14:00-dan 16:30-dək müraciət olunub.
Vətəndaşların Qəbulu Mərkəzinə isə ən çox həftənin bazar
ertəsi (2221 müraciət) və çərşənbə axşamı (1857
müraciət) günləri, əsasən, saat 10:00-dan 12:00-dək və
14:00-dan 16:00-dək müraciət edilib. |