Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən
yeni
www.ederslik.edu.az elektron dərslik portalı
istifadəyə verilib.
Təhsil sisteminin tam şəkildə informasiyalaşdırılması
Təhsil Nazirliyinin prioritet məsələlərindən biridir.
Portalın hazırlanmasında məqsəd təhsilalanları təhsil
prosesində fəallaşdırmaq, onların İKT-dən səmərəli
istifadə etməsinə, dərslikləri elektron formatda
oxumasına imkan yaratmaqdır. Bu sistem şagirdlərin
dərsliklərdən istifadəsində mobilliyi artıracaqdır.
Məktəblilər istənilən vaxt və məkanda dərsliklərə
müraciət edə biləcəklər. İstifadəçilər onlayn formada və
ya planşetlərdə yükləməklə dərslikləri elektron
versiyada oxumaq, onlayn rejimdə dərsliyin istənilən
səhifəsində müvafiq lazımi elektron qeydlər aparmaq
imkanı qazanacaqlar. Bu da, öz növbəsində,
təhsilalanların öyrənmə psosesinin fərdiləşməsinə şərait
yaradacaq.
Elektron dərsliklərin digər üstünlükləri də mövcuddur:
- Əyani vəsaitlərin mövcudluğu - qrafika, animasiya,
interaktiv fəaliyyət və digər multimedia xüsusiyyətləri;
- Böyük həcmli məlumatların saxlanması;
- Mətnlər üzərində qeydlərin aparılmasının mümkünlüyü;
- Rahat istifadə - axtarış sisteminin mövcudluğu.
Nəzərinizə çatdıraq ki, hazırda VI sinif üzrə 10 dərslik
elektron formatda e-dərslik elektron kitab rəfində
yerləşdirilib. Bu ilin sonuna qədər VII sinif üzrə 10,
II və III siniflər üzrə 5 dərslik də elektron formatda
istifadəçilərə təqdim olunacaqdır. |