Sentyabrın
29-da Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasında 2013-2014-cü tədris ilində təhsildə
uğurlu nəticələr qazanan ali məktəb tələbələrinə və Bakı
şəhərinin məktəbliləri arasında keçirilmiş fənn
olimpiadasının qalibi olan şagirdlərə Azərbaycan Təhsil
İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika
Komitəsinin adlı təqaüdü verilib.
AzərTAc xəbər verir ki, bu münasibətlə keçirilən
tədbirdə ATİAHİ Respublika Komitəsinin sədri, Milli
Məclisin deputatı Səttar Mehbalıyev ölkəmizdə həyata
keçirilən dövlət gənclər siyasətinin əhəmiyyətindən
danışıb, təhsildə uğur qazanan tələbə və şagirdləri
təbrik edib.
Dövlət gənclər siyasətinin həyata keçirilməsi
istiqamətində həmkarlar ittifaqı təşkilatlarının
reallaşdırdıqları tədbirlərdən bəhs edən S.Mehbalıyev
bildirib ki, rəhbərlik etdiyi Komitə tərəfindən
gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün
müxtəlif intellektual oyunlar, idman yarışları təşkil
olunur, həmçinin aztəminatlı ailələrdən olan tələbələrin
sosial təminatlarının yaxşılaşdırılması ilə bağlı işlər
görülür.
Qeyd edilib ki, hər il Komitə tərəfindən aztəminatlı
ailələrdən olan 220-dən artıq tələbə pulsuz yeməklə
təmin olunur. Təkcə 2013-2014-cü tədris ilində bu işin
təşkili ilə bağlı 55 min 500 manat vəsait ayrılıb.
Diqqətə çatdırılıb ki, ATİAHİ Respublika Komitəsinin
adlı təqaüdü tələbələrin elmə, təhsilə marağını artırmaq
məqsədi ilə 1995-ci ildə təsis edilib. İndiyədək
1700-dən artıq tələbə bu təqaüdə layiq görülüb.
Təhsil nazirinin müavini Ceyhun Bayramov təhsildə
fərqlənən tələbə və şagirdləri təbrik edib, onlara
uğurlar arzulayıb.
Ulu öndər Heydər Əliyevin təhsilə daim xüsusi önəm
verdiyini vurğulayan nazir müavini ölkəmizdə bu sahəyə
göstərilən diqqət və qayğıdan danışıb.
Yay imtahan sessiyasında uğurlu nəticələr qazanan və
həmkarlar ittifaqı təşkilatlarının işində fəallıq
göstərən 60 tələbəyə və Bakı şəhərinin məktəbliləri
arasında keçirilmiş fənn olimpiadasının qalibi olan 20
şagirdə ATİAHİ Respublika Komitəsinin adlı təqaüdü
təqdim olunub. |