Təqdimat
mərasimində Azərbaycanın birinci xanımı Mehriban Əliyeva
iştirak edib
2015-ci ildə Azərbaycanda keçiriləcək ilk Avropa
Oyunlarının Heydər Əliyev Fondu tərəfindən təşkil olunan
təqdimatlarından biri sentyabrın 28-də Afinadakı
"Akropol" muzeyində reallaşdı.
Təqdimat mərasimində Azərbaycanın birinci xanımı, Heydər
Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iştirak
edib.
Tədbirdə Yunanıstan parlamentinin sədri, Baş nazirin
müavini, inzibati islahatlar naziri, turizm naziri,
deputatlar, idman ictimaiyyətinin nümayəndələri də
iştirak ediblər.
Mərasimin aparıcısı Aleksis Kostalas "Bakı-2015" Avropa
Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanı
salamladı. O, 2015-ci ildə Bakıda keçiriləcək Avropa
Oyunlarına hazırlıq işlərinin yüksək səviyyədə getdiyini
bildirdi.
Sonra ilk Avropa Oyunlarına hazırlıqla bağlı film
nümayiş etdirildi. Filmdə Avropa Oyunlarının yaranma
ideyası və indiyə qədər görülən işlər əksini tapıb.
Daha sonra Azərbaycanın birinci xanımı Mehriban Əliyeva
çıxış etdi.
Birinci xanım Mehriban Əliyevanın çıxışı
- Hörmətli Yunanıstan Respublikası parlamentinin sədri.
Hörmətli nazirlər, deputatlar, Avropa Parlamentinin
üzvləri, səfirlər.
Hörmətli Yunanıstan Respublikası Olimpiya Komitəsinin
prezidenti Spiros Kapralos və mənim əziz dostum
Marianna.
Hörmətli qonaqlar, cənablar, xanımlar və dostlar.
Bu möhtəşəm məkanda sizi salamlayıram və 2015-ci ildə
Bakıda keçiriləcək ilk Avropa Oyunlarının təqdimatına
həsr olunmuş şam yeməyində iştirak etdiyiniz üçün sizə
təşəkkürümü bildirirəm. Yunanıstanda yenidən olmaq məndə
böyük məmnunluq hissi oyadır və mükəmməl
qonaqpərvərliyiniz üçün sizə təşəkkürümü bildirirəm.
Dünən biz hamımız tarixi "İrodio" Teatrında gözəl
konsertdən həzz aldıq və havanın yağışlı olacağı barədə
proqnoza baxmayaraq hava şəraiti çox yaxşı idi.
Əlverişli hava şəraitinin olması çox yaxşı işarə idi.
Dəyərli töhfəsinə görə əziz dostum Marianna
Vardinoyannisə dərin və səmimi təşəkkürümü bildirmək
istəyirəm. Çox şadam ki, onun simasında həm UNESCO-da,
həm də ikitərəfli əlaqələrimizdə uzun illərdir yaxın
əməkdaşlıq etdiyimiz həqiqi dostumu tapmışam.
Hörmətli dostlar, icazə verin Yunanıstan və Azərbaycan
arasındakı münasibətlərdən başlayım. Bu münasibətlər
qarşılıqlı hörmət, maraq və dostluğa əsaslanan strateji
tərəfdaşlıq münasibətləridir. Baxmayaraq ki,
ölkələrimizi ümumi sərhədlər ayırmır, bizim millətlər
həmişə bir-birinə qarşı xüsusi rəğbət və isti münasibət
bəsləyiblər. Çox şadam ki, ötən bir neçə il ərzində
ölkələrimiz arasında münasibətlərdə bir çox sahələrdə, o
cümlədən, siyasi, mədəni, iqtisadi və elmi sahələrdə
ciddi tərəqqi müşahidə olunub. Azərbaycan
iqtisadiyyatının dinamik artımı ikitərəfli
əlaqələrimizin bir çox sahələrdə, xüsusilə ticarət və
investisiya sahələrində inkişafı üçün əlverişli şərait
yaradır. Ermənistanın Azərbaycan ərazisinin 20 faizini
işğal altında saxlamasına və 1 milyondan artıq qaçqın və
məcburi köçkünün olmasının fəsadlarına baxmayaraq ötən
on ildə ölkəmizin ümumi daxili məhsulu üç dəfə artıb və
bu gün bütün Cənubi Qafqaz regionunun ümumi daxili
məhsulunun 70 faizdən artığı Azərbaycanın payına düşür.
Energetika sektorunda əməkdaşlığımız yeni müstəviyə
yüksəldilib. Bu yaxınlarda "Cənub" qaz dəhlizi
layihəsinə start verməklə Azərbaycan Avropanın, o
cümlədən Yunanıstanın enerji təhlükəsizliyinin
gücləndirilməsinə öz töhfəsini verib. Bu strateji
layihənin həyata keçirilməsi bizim ikitərəfli
əlaqələrimizin gələcəkdə güclənməsinə xidmət edəcək və
Yunanıstan öz ərazisindən Azərbaycan qazının Avropa
bazarına çatdırılacağı ilk Avropa İttifaqı ölkəsi
olacaqdır.
Əziz dostlar, bu gün humanitar sahədə əməkdaşlığımızı
xüsusi qeyd etmək istəyirəm. Son bir neçə ildə
universitetlər, məktəblər, kitabxanalar, muzeylər və
elmi institutlar arasında əlaqələr daha da
intensivləşib. Ümidvaram ki, Gəncə və Saloniki şəhərləri
arasında qurulmuş birbaşa əlaqələr ölkələrimizin digər
şəhərləri üçün örnək olacaq və xalqlarımızı bir-birinə
daha da yaxınlaşdıracaqdır.
Ölkələrimizin sıx əməkdaşlıq qurduğu digər bir vacib
sahə idmandır. Bu gün gənclərimizi Olimpiya fənləri üzrə
yüksək keyfiyyətli təhsillə təmin edəcək Beynəlxalq
Olimpiya Akademiyası ilə tərəfdaşlığımızı da qeyd etmək
istəyirəm. Yalnız bu bir neçə nümunə göstərir ki,
Azərbaycan və Yunanıstan arasında münasibətlərin güclü
potensialı var və ümidvaram ki, bu potensial gələcəkdə
tamamilə reallaşacaqdır.
Əziz dostlar, bildiyiniz kimi, Azərbaycanda ilk Avropa
Oyunları keçiriləcəkdir. Baxmayaraq ki, Olimpiya
hərəkatı Yunanıstanda, Afinada başlayıb və bərpa olunub,
Avropada digər qitələrdən fərqli olaraq heç vaxt
Avropaya məxsus oyunlar keçirilməyib. Biz fəxr edirik
ki, Azərbaycana bu oyunları ölkəmizdə təşkil etmək üçün
tarixi fürsət verilib. On yeddi gün davam edəcək
oyunlarda 6 mindən çox idmançı 20 idman növündə rəqabət
aparacaqdır. Avropa Olimpiya Komitəsinin bu qərarı
Azərbaycan xalqı tərəfindən böyük sevinc və dəstəklə
qarşılanıb. Bu tarixi qərara görə bu gün Yunanıstan
Olimpiya Komitəsinin prezidenti və "Bakı-2015"
Əlaqələndirmə Komissiyasının sədri cənab Spiros
Kapralosun simasında təmsil olunmuş Avropa Olimpiya
Komitəsinə təşəkkürümü bildirmək istəyirəm.
Bu gün Azərbaycan idman ölkəsi kimi də yaxşı tanınır.
Müstəqilliyimizi bərpa etdikdən sonra idmanın inkişafı
dövlət siyasətinin prioritet istiqamətlərindən biri
olub. İdmançılarımız 1996-cı ildən etibarən Olimpiya
Oyunlarında iştirak edib və qısa müddət ərzində əldə
etdiyimiz nailiyyətlərlə fəxr edə bilərik. Son Yay
Olimpiya Oyunlarında idmançılarımız 10 medal qazanıb və
medalların sayına görə ümumi reytinqdə ilk 30 ölkə
sırasına daxil olub. Ötən 10 ildə ölkəmizdə 40-dan çox
müasir olimpiya idman kompleksi tikilib və bu da bir
çoxunun idmanı peşəkar karyera kimi seçdiyi
gənclərimizin qarşısında yeni üfüqlər və imkanlar açıb.
Bu yaxınlarda Çində gənclər arasında keçirilən Olimpiya
Oyunlarında idmançılarımız 12 medal, o cümlədən 5 qızıl
medal qazanıb və ölkəmiz bütün iştirakçılar arasında
10-cu, Avropa ölkələri arasında isə 6-cı yeri tutub.
Bizim bir çox Avropa və dünya çempionatlarının
keçirilməsində də zəngin təcrübəmiz var və bu yarışların
hamısı iştirakçılar və rəsmilər tərəfindən yüksək
qiymətləndirilib. Mən nümunə kimi 2014-cü ilin iyun
ayında Bakıda uğurla keçirilən bədii gimnastika üzrə
Avropa çempionatını qeyd etmək istəyirəm.
İdmançılarımızın bütün bu nailiyyətləri, müasir idman
infrastrukturu, idmanın inkişafına göstərilən güclü
dövlət dəstəyi, habelə ölkəmizin mükəmməl iqtisadi
artımı Avropa Olimpiya Komitəsinin qərarına zəmin
yaradan əsas amillər idi. Bu qərara təkcə sevinclə yox,
həm də məsuliyyətlə yanaşırıq. İlk oyunlar gələcəkdə
keçiriləcək oyunlar üçün standartları müəyyən edəcək.
Azərbaycan ilk Avropa Oyunlarını Yay Olimpiya Oyunları
səviyyəsində keçirməyi qarşısına məqsəd qoyub.
"Bakı-2015" ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin
sədri kimi sizi əmin edə bilərəm ki, oyunların mümkün
olan ən yüksək səviyyədə keçirilməsi və idmançılara,
rəsmilərə, habelə qonaqlara və yerli vətəndaşlara zəruri
şəraitin yaradılması üçün əlimizdən gələni edəcəyik. Bu
oyunların keçirilməsi üçün bizə iki il yarım vaxt
verilməsinə baxmayaraq, bu gün əminik ki, bütün hazırlıq
işləri vaxtında tamamlanacaq. Biz Avropa Olimpiya
Komitəsi və Beynəlxalq Olimpiya Federasiyası ilə
məhsuldar və güclü əməkdaşlığımızdan məmnunuq. Mən
həqiqətən də inanıram ki, Bakıda keçiriləcək oyunlarda
Olimpiya Oyunlarının ədalətlilik, dostluq və həmrəylik
dəyərlərinə riayət olunacaqdır.
Yekunda, əziz dostlar, sizin hamınızı bu tarixi
oyunlarda iştirak etməyə, zəngin mədəniyyətə və tarixə
malik qədim ölkə olan, Qərb ilə Şərqin qovuşuğunda
yerləşən, müxtəliflik, tolerantlıq və mehribanlığına
görə çox yaxşı tanınan Azərbaycanı kəşf etməyə dəvət
edirəm. Yunanıstan və onun dostsevər xalqına xoşbəxtlik,
müvəffəqiyyət və rifah arzu etmək istəyirəm. Səmimi
qonaqpərvərliyinizə görə bir daha təşəkkür edirəm və
sizə yaxşı vaxt keçirməyi arzu edirəm.
Diqqətinizə görə çox sağ olun.
***
Sonra çıxış edən Yunanıstanın inzibati islahatlar naziri
Kiriakos Mitsotakis ölkəsinin Azərbaycan ilə əlaqələrinə
toxunaraq ikitərəfli münasibətlərin getdikcə inkişaf
etdiyini bildirdi. O, 2015-ci ildə Bakıda keçiriləcək
ilk Avropa Oyunlarının uğurla baş tutacağına əminliyini
vurğuladı və Yunanıstanın dəstəyini ifadə etdi.
Yunanıstanın mədəniyyət nazirinin müavini Angela Gerekoi
bildirdi ki, Avropa "Bakı-2015"-i səbirsizliklə
gözləyir. "Bu, bütün qitənin həyatında mühüm tədbir
olacaqdır", - deyən Angela Gerekoi qeyd etdi ki, bu
idman tədbiri Avropa xalqları arasında əlaqələri daha da
gücləndirəcək.
Yunanıstan Milli Olimpiya Komitəsinin sədri Spiros
Kapralos Avropa tarixində ilk dəfə baş tutan bu oyunlara
hazırlığın yüksək səviyyədə getdiyini bildirdi.
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın
rəhbərliyi altında Təşkilat Komitəsinin gərgin
işlədiyini və bu prosesə Prezident İlham Əliyevin güclü
dəstək verdiyini deyən Spiros Kapralos onu da vurğuladı
ki, bütün Avropa kimi Yunanıstan da bu oyunları həvəslə
gözləyir.
Yunanıstanın kanoe idmanı üzrə Olimpiya çempionu Voula
Kozumbali ilk Avropa Oyunlarının yeni dostlar, yeni
tanışlıqlar üçün əla fürsət olacağını dedi, bu idman
tədbirində Olimpiya və qeyri-olimpiya oyunlarının bir
arada təmsil olunmasının mühüm hadisə olduğunu diqqətə
çatdırdı.
Çıxışlardan sonra Azərbaycan incəsənət ustaları - cazmen
Elçin Şirinovun başçılıq etdiyi trio və balaban ustası
Şirzad Fətəliyev milli musiqilərimizdən ibarət maraqlı
konsert proqramı təqdim etdilər.
AzərTAc |