Hörmətli həmvətənlər!
Sizi dünya müsəlmanlarının mənəvi birlik və vəhdət rəmzi
olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik
edir, hər birinizə ən səmimi arzu və diləklərimi
yetirirəm.
Xeyirxahlığın, bərabərliyin, fədakarlığın simvolu olan
Qurban bayramı Uca Yaradanın bəşəriyyət üçün hidayət
yolu seçdiyi İslamın əsas bayramlarından biri kimi
insanları həmişə sülhə, əmin-amanlığa və dözümlülüyə
dəvət edir.
Cəmiyyətimizdə humanizm və qardaşlıq duyğularını daha da
gücləndirən Qurban mərasimləri hər il Azərbaycanda
yüksək əhval-ruhiyyə və böyük təntənə ilə keçirilir. Bu
günlər dövlətimizin tərəqqisi, xalqımızın rifahı və
əmin-amanlığı üçün dualar edilir, şəhidlərimizin nurlu
xatirəsi ehtiramla yad olunur. Ümidvar olduğumu
bildirirəm ki, bu xeyirxah niyyətləriniz, dua və
diləkləriniz gerçəkləşəcək, Ulu Tanrının mərhəməti heç
zaman xalqımızın üstündən əskik olmayacaqdır.
Əziz bacı və qardaşlarım!
Mübarək Qurban bayramı günlərində bir daha sizə və
dünyanın müxtəlif guşələrində yaşayan bütün
soydaşlarımıza səmimi təbriklərimi yetirir, ailələrinizə
xoşbəxtlik, süfrələrinizə bol ruzi və xeyir-bərəkət
arzulayıram.
Qurban bayramınız mübarək olsun!
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 oktyabr 2014-cü il |