Binəqədi rayonunda "Təmiz Binəqədi" sosial layihəsi
çərçivəsində veloyürüş keçirilib. Tədbir rayon icra
hakimiyyəti, Azərbaycan Velosiped İdmanı Federasiyası,
Gənclər və İdman Nazirliyinin və "Təbiət Dostları"
Gənclər İctimai Birliyinin nəzdində Yaşıl Velosipedçilər
Klubunun birgə əməkdaşlığı ilə baş tutub.
Veloyürüşün qaydaları haqqında iştirakçılara ətraflı
məlumat verildikdən sonra ön sırada məktəbyaşlı
yeniyetmələrin dayandığı velosipedçilər yürüşə start
veriblər. Novxanı ərazisində AF otel qarşısına çatan
veloyürüşçülər böyük coşqu ilə qarşılanıb və onlar üçün
konsert proqramı təşkil olunub.
Layihə çərçivəsində keçirilən və böyük maraqla
qarşılanan tədbirlərdən biri də Binəqədi rayonunun
Heydər Əliyev adına mədəniyyət və istirahət parkından
Novxanıya doğru keçirilən veloyürüşdür. Veloyürüşə
müxtəlif ölkələrdən olan əcnəbi velosipedçilərlə yanaşı,
fərqli yaş qrupuna mənsub iştirakçıların qatılması,
xüsusilə də məktəbyaşlı yeniyetmələrin iştirakı tədbirə
əlavə rəng qatıb.
Tədbir ekoloji mühitin qorunması ilə bağlı konfransla
davam edib. Konfransda ölkəmizdən olan nümayəndələrlə
yanaşı, Türkiyə, Avstriya, Çexiya, Litva, Danimarka və
Rusiya təmsilçilərinin çıxışları dinlənilib. Əcnəbi
təmsilçilər öz ölkələrindəki ekoloji problemlərdən və
bunlarla mübarizə yollarından bəhs edib, Binəqədi
rayonunda keçirilən "Təmiz Binəqədi" sosial layihəsi
çərçivəsində görülən işləri, o cümlədən bu veloyürüşün
təşkilini yüksək qiymətləndiriblər.
Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi" |