Azərbaycanın
müstəqillik gününə həsr olunan ənənəvi "Baku Open 2014"
beynəlxalq şahmat festivalının ikinci turu başa çatıb.
Azərbaycan Şahmat Federasiyasından aldığımız məlumata
görə, ikinci turdan sonra "A" qrupunda mübarizə aparan
70 şahmatçıdan doqquzu - Azərbaycan təmsilçiləri Nicat
Məmmədov, Misrəddin İsgəndərov, Namiq Quliyev, Almaniya
idmançısı Aleksandr Donçenko, rusiyalı Vladislav
Artemyev, ukraynalı Aleksandr Areşenko, Andrey
Barişpolets, Oleq Romanişin və çinli Yan Ven 2 xal
toplayaraq turnirə liderlik edirlər.
Bu qrupda mübarizə aparan qadın şahmatçımız Günay
Məmmədzadə birinci turda rusiyalı qrossmeyster Aleksandr
Şimanov ilə xalları yarı bölsə də, ikinci turda Nicat
Ağayevi məğlub edərək aktivinə 1,5 xal yaza bilib. Digər
həmyerlilərimizdən Fərid Zeynalov, Bəhruz Rzayev, Eltac
Səfərli və Vüqar Rəsulov 1,5 xal toplayaraq liderlərdən
yarım xal geri qalırlar.
"B" qrupunda isə 29 zəka sahibi 2 mümkün xaldan 2 xal
toplayıb.
Turnir İsveçrə sistemi üzrə 9 turdan ibarət olaraq
keçirilir. "Baku Open 2014" beynəlxalq şahmat festivalı
sentyabrın 30-da başa çatacaq. |