Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 Sentyabr 2014 - №37

 
Yeni nəşrlər

TQDK ayrı-ayrı fənlər üzrə yeni təhsil proqramları (kurikulum) əsasında qiymətləndirmə vəsaitləri nəşr edib

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında ayrı-ayrı fənlər üzrə yeni təhsil proqramları (kurikulum) əsasında V-VI siniflər üçün qiymətləndirmə vəsaitləri nəşr edilib. Hər bir vəsait 2 hissədən ibarətdir: I hissədə V-VI siniflərin kurikulum proqramı və dərsliyinə əsaslanan qiymətləndirmə vasitələri, II hissədə isə həmin sinif üçün qapalı (çoxseçimli) və açıq tipli test tapşırıqları toplusu dərc edilib.

Vəsaitlər həm məzmununa, həm də formasına görə ayrı-ayrı siniflər və fənlər üzrə indiyə qədər nəşr olunan və ancaq test tapşırıqları əsasında hazırlanan qiymətləndirmə vasitələrindən bir çox xüsusiyyətlərinə görə fərqlənir.

Təqdim olunan yoxlama vasitələri həm diaqnostik, həm formativ, həm summativ qiymətləndirmə, həm də tədris vahidlərinin əhatə etdiyi bütün alt-standartlar üçün nəzərdə tutulub və bloklar şəklində təqdim olunub. Hər bir blokdakı sual və tapşırıqlar ayrı-ayrı məzmun xətləri əsasında öyrənilmiş bilik və bacarıqların yoxlanılmasına və qiymətləndirilməsinə imkan yaradır. Vəsaitin məziyyətlərindən biri də sual və tapşırıqların bloklarda yerləşdirilməsi formasıdır. Hər bir blokda əvvəlcə alt-standartın adı, sonra ona uyğun sual və tapşırıqlar təqdim olunur. Hər bloka daxil olan sual və tapşırıqların sadədən mürəkkəbə doğru prinsipinə uyğun olaraq sadə, orta, çətin səviyyəli olmasına diqqət yetirilib.

Sual və tapşırıqlar məzmun və formasından asılı olaraq, hər bir şagirddən problemi həll etmə, mühakimə yürütmə və əsaslandırma, ünsiyyət, tədqiqetmə və tətbiqetmə bacarığı tələb edir. Əzbərçiliyə, hafizəyönümlüyə əsas verməyən bu tapşırıqların bir yox, bir neçə cavabı olur.

Ənənəvi test tapşırıqlarından fərqli olaraq, bəzi tapşırıq nümunələrində düzgün cavab təqdim olunmuş cavablar içərisindən seçilmir. Cavabı bilik və bacarığı sayəsində şagirdin özü yazır.

Vəsait həm şagirdlər, həm abituriyentlər, həm də fənn müəllimləri üçün faydalı olacaqdır. Şagird və abituriyentlər ondan istifadə etməklə öz hazırlıq səviyyələrini yoxlayacaq, intellektual bacarıqlarını inkişaf etdirəcək, təhlillər, müqayisələr aparmağa həvəslənəcəklər. Müəllimlər isə vəsaitdən yararlanmaqla az vaxt ərzində daha çox şagirdin biliyini aşkara çıxarmağa, təkcə ayrı-ayrı mövzuların deyil, bütövlükdə hər bir bəhsin, bölmənin, yarımillik və illik materialların şagirdlər tərəfindən necə mənimsənildiyini müəyyənləşdirə biləcəklər. Bununla da hər bir şagirdin hazırlığının yoxlanılmasına fərdi yanaşma imkanları xeyli genişlənəcəkdir.

Vəsait buraxılış imtahanlarına hazırlaşan 9-cu və 11-ci sinif şagirdləri, eləcə də qəbul imtahanlarına hazırlaşan abituriyentlər üçün də etibarlı mənbədir. Vəsait qüvvədə olan tədris proqramına uyğun tərtib olunub. Gələcəkdə proqramda dəyişikliklər edilərsə, vəsaitdə də müvafiq dəyişikliklər aparılacaq.  

Vəsaitlər aşağıdakı fənləri və sinifləri əhatə edir:  

Azərbaycan dili       - V-VI siniflər

Azərbaycan tarixi    - VI sinif

Biologiya                  - VI sinif

İngilis dili                  - VI sinif

Riyaziyyat                  - VI sinif

 

Digər siniflər üzrə vəsaitlər yaxın günlərdə çap olunacaq. Vəsaitləri TQDK-nın binası yanındakı "Abituriyent" köşkündən almaq və ya internetlə sifariş vermək olar.  

TQDK-nın Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov