Milli memarlığımızın nadir nümunəsi
Qız
qalası - Azərbaycanın paytaxtı Bakı şəhərinin qədim
tarixi rəmzlərindən biri, milli memarlığımızın nadir
nümunəsidir. Abidə "İçərişəhər" Dövlət Tarix-Memarlıq
Qoruğu ərazisində yerləşir. Daşdan hörülmüş nəhəng
silindr formasında olan bu abidənin hündürlüyü şimal
tərəfdən 28, cənub tərəfdən isə 31 metrdir. Təməl
hissədə qala divarlarının qalınlığı 5, 8-ci mərtəbədən
yuxarıda isə 4 metrə çatır. Qala 8 gümbəzdən ibarətdir
ki, onlar da qalanı 8 mərtəbəyə bölür. Hər mərtəbə yonma
daşlarla tikilmiş, günbəz formalı tavanla örtülmüşdür.
Daşla hörülmüş bu tavanların ortasında dairəvi deşiklər
vardır. Deşiklər şaquli xətt istiqamətindədir. Belə ki,
VIII mərtəbənin tavanının ortasında olan dairəvi
deşikdən baxdıqda birinci mərtəbənin döşəməsini görmək
mümkündür. Qalaya yeganə giriş yolu onun qərb tərəfində,
yerin əvvəlki səthindən 2 m hündürlükdə və 1,10 m
enində olan tağlı qapı yeridir. Qız qalasının yuxarıdan
görünüşü günəşi və odu bildirən və Azərbaycanda geniş
yayılmış "buta" işarəsinə oxşayır.
Qız qalası unikal-konstruktiv quruluşuna görə nəinki
Azərbaycanda, eləcə də yaxın Şərqdə analoqu olmayan bir
abidədir.
Adının mənşəyi əfsanələrlə bağlıdır
Qalanın adının etimologiyası, təyinatı ilə bağlı
mübahisələr indiyə qədər səngimək bilmir. Onun
ucaldılma tarixi və mahiyyəti yetərincə müəmmalıdır.
Qız qalasının adının mənşəyi çoxsaylı əfsanələrlə
bağlıdır. Bəzi müəlliflərə görə, qalanın qızla bağlı
əfsanəyə (Bakı xanının qızı) əsasən Qız qalası
adlandırılmasıdır. Belə ki, əfsanəyə görə, qardaşı
(bəzi mənbələrdə hökmdar atası) tərəfindən qalada
saxlanılan qız bu əzaba dözməyərək özünü qalanın
başından ataraq Xəzər dənizinin sularına qərq etmişdir.
Söylənilən digər əfsanələrdən biri də şahın aşıq olduğu
və evlənmək üçün qala tikdirməyi ona şərt qoyan bir
qıza həsr olunanıdır. Bir çox alimlərin fikrincə, bu
gözətçi qalası və yaxud müdafiə istehkamlarının bir
hissəsidir, digər tədqiqatçilar onun qədim məbəd,
başqalari isə bir növ rəsədxana olduğunu iddia edirlər.
Bu fərziyyələrin hər biri çoxlu sayda əsaslı dəlillərə
söykənir. Lakin təyinatından asılı olmayaraq tikilinin
misilsiz memarlıq abidəsi olması faktı danılmazdır.
Məhz bu səbəbdən Qız qalası dövlətimiz tərəfindən dünya
əhəmiyyətli abidə kimi mühafizə olunur. 2000-ci ilin
dekabrında Qız qalası İşərişəhər və Şirvanşahlar sarayı
ilə birlikdə UNESCO-nun Dünya İrs siyahısına salınıb.
Tikilmə çağı ətrafında mübahisələrin heyrətləndirici
böyük zaman intervalı çərçivəsində aparılması baxımından
memarlıq tarixində Qız qalası ilə müqayisə edilə biləcək
abidə yoxdur. Belə ki, abidənin yaşının Şumer dövründən
başladığını iddia edən mütəxəssislər də var, XII yüz
ildə tikildiyini sübut etməyə çalışanlar da. Burada
zaman fərqi tikilmə tarixi bilinməyən başqa abidələrdə
olduğu kimi bir neçə il deyil, hətta bir neçə əsr də
deyil, 3000 ildən artıqdır.
Qız qalasının cənub-qərb divarında 14 metr hündürlükdə
ərəb dilində qədim kufi xətti ilə yazılmış daş kitabə
yerləşdirilmişdir. Yazıda "Qülleyi Məsud ibn Davud"
sözləri həkk olunub. Yazı kalliqrafik xüsusiyyətlərinə
görə XII əsrə aid edilir. Bəzi alimlər burada qalanı
ucaldan memarın adının həkk olunduğunu ehtimal edirlər.
Əsrlər bir-birini əvəzlədikcə Qız qalası təbii
proseslərin təsiri nəticəsində zədələnərək ciddi təhlükə
ilə üz-üzə qalsa da, bu möhtəşəm abidə tarixin bütün
sınaqlarına sinə gərərək ümumilikdə öz ilkin görkəmini
və struktur quruluşunu qoruyub saxlaya bilib. Ötən əsrin
60-cı illərində aparılan bərpa işlərindən sonra həmin
abidə muzey kimi fəaliyyət göstərib. Dünya əhəmiyyətli
bu abidənin qorunub saxlanması və mövcud görkəmdə
gələcək nəsillərə çatdırılması üçün Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
tapşırığı əsasında 2009-2013-cü illərdə burada
konservasiya işləri aparılıb. Görülən işlər nəticəsində
Qız qalasının təkrarolunmaz görkəmi tam bərpa edilmiş,
bu bənzərsiz abidə yenidən istifadəyə verilmişdir.
Qala daxilində muzey ekspozisiya
Qalanın daxilində beynəlxalq standartlara uyğun müasir
muzey ekspozisiyası yaradılıb. Konservasiya prosesi
dövründə abidənin tarixinin və təyinatının
öyrənilməsində mühüm rol oynaya biləcək elmi tədqiqatlar
da aparılıb.
Qaladakı pilləkən yenisi ilə əvəz edilib. Qız qalasının
mərtəbələrində xüsusi monitorlarda bu abidənin tarixi,
daxili strukturu, tikintisində məqsəd, təyinatı və sair
məsələlərlə bağlı fərziyyələr, əfsanələr və digər
maraqlı faktlar əks olunub. Ekspozisiyadakı stenddə
qədim sənətkarlıq məmulatları barədə məlumat verilir.
Hər bir mərtəbədə ekspozisiyaya uyğun işıqlandırma
sistemi quraşdırılıb. Burada Qız qalasının müdafiə,
istehkam, dini, rəsədxana və digər təyinatı barədə
fərziyyələrlə, elmi araşdırmalarla tanış olmaq
mümkündür. Monitorlarda Qız qalasının təyinatı barədə
film nümayiş etdirilir.
Ekspozisiyada Qız qalasının özünəməxsus və bənzərsiz
memarlığı geniş əksini tapıb. Burada orijinal maket
qurulub. Maketin üzərindəki monitorda qalanın daxili
strukturu barədə müfəssəl məlumat yerləşdirilib.
Köhnə Bakını əks etdirən monitorda şəhərin iqtisadi,
gündəlik həyatı, dini və şəhərsalma mövzularına geniş
yer verilib. Burada Qız qalası haqqında əfsanələrlə də
tanış olmaq mümkündür. Ekspozisiyanın növbəti bölməsində
Qız qalasının müdafiə obyekti rolunu oynaması ilə bağlı
fərziyyə və elmi araşdırmalardan bəhs edilir. Stenddə
qədim silah nümunələri nümayiş olunur. Monitorlarda
İçərişəhərin hərbi tarixi və burada baş verən döyüşlər
əksini tapıb.
Qalada xüsusilə uşaqların böyük marağına səbəb olacaq
"İçərişəhərin müdafiəsi" adlı interaktiv oyun da təqdim
edilir.
"Qədim məbəd" bölməsindəki heliodispley orijinallığı ilə
diqqəti cəlb edir.
Ekspozisiyada Qız qalasının qədim rəsədxana rolunu
oynaması fərziyyəsinə də geniş yer ayrılmışdır.
Ümumiyyətlə, bu maddi-mədəniyyət abidəsində həyata
keçirilən konservasiya işləri və yeni yaradılan muzey
ekspozisiyası bura gələn hər bir kəsdə zəngin təəssürat
və xoş ovqat yaradır. Onu da xüsusi qeyd edək ki, milli
mənəvi dəyərlərimizin, maddi-mədəniyyət abidələrimizin
qorunub saxlanmasına və təbliğinə həssaslıqla yanaşan
Heydər Əliyev Fondu konservasiya tədbirləri zamanı
yaxından dəstəyini, o cümlədən ekoloji məsələlərin
həllinə hərtərəfli köməyini əsirgəməmişdir.
Hazırladı:
Samirə KƏRİMOVA,
foto Rəşad ZİYADOVUNDUR,
"Azərbaycan müəllimi" |