Qeyri-adi
istedad sahibi olan Jalə Mailova 2000-ci ildə Bakı
şəhərində anadan olub. Bakıdakı 81 nömrəli tam orta
məktəbin 8-ci və Rauf Hacıyev adına 15 nömrəli
Onbirillik Musiqi Məktəbinin VII sinfində fortepiano
ixtisası üzrə təhsil alır.
O, bir çox beynəlxalq müsabiqə və festivallarda
iştirak edərək nailiyyətlər qazanıb. 2010-cu ildə Polşa
səfirliyinin təşəbbüsü ilə Uşaq Musiqi Məktəbləri üçün
keçirilən F.Şopen adına gənclər festivalında diplomla
təltif edilib. 2011-ci ildə isə Rusiyanın ölkəmizdəki
səfirliyinin keçirdiyi Azərbaycan Respublikasının
dövlət müstəqilliyinin 20 illiyinə həsr olunan 8-ci
respublika baxış müsabiqəsində rus klassik musiqisinin
ən parlaq ifaçısı kimi I yerə layiq görülüb. 2012-ci
ildə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı
ilə keçirilən pianoçuların II Respublika müsabiqəsində
laureat adını qazanıb. Həmin il Almaniyanın Münhen
şəhərində keçirilən "Münhen ulduzları", Macarıstanda
"Macar oyunları" və "Budapeşt ulduzları", Ukraynada
"İndividualist", Bakıda islam dünyası gənclərinin
beynəlxalq müsabiqələrinin qalibi olub.
Gənc yeniyetmə üçün 2013-cü il uğurlu olub. O, Uşaq
Musiqi və İncəsənət məktəbləri şagirdlərinin fortepiano
ansamblı və müşayiəti üzrə respublika müsabiqəsinin
laureatı adını qazanıb. "İstedadlı uşaqlar" festivalında
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
tərəfindən təşkil olunan tədbirdə diplom və kubokla,
2014-cü ildə Gürcüstanda keçirilən pianoçuların 6-cı
beynəlxalq müsabiqəsində diplomla mükafatlandırılıb.
Eyni zamanda gənc fortepianoçu xalq artisti Zəhra
Quliyevanın təşəbbüsü ilə yaradılan "İstedad
mərkəzi"nin üzvü seçilib.
Ölkəmizi beynəlxalq müsabiqələrdə və festivallarda
uğurla təmsil edən Jalə Mailovanın adı 2013-cü ildə
Azərbaycanın gənc istedadlarının "Qızıl kitab"ına
yazılıb və o, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev cənablarının müvafiq sərəncamı ilə xüsusi
aylıq təqaüdə layiq görülüb.
Azərbaycan incəsənətini, musiqisini dünyaya tanıdan Jalə
Mayılova istedad və bacarığının üzə çıxarılmasında
ona dəstək olan hər kəsə, xüsusilə əməkdar mədəniyyət
işçisi Tamilla Məmmədovaya minnətdar olduğunu
söyləyir.
Sifai SƏFƏROVA,
"Azərbaycan müəllimi" |