Azərbaycan
Dillər Universitetində 20 Yanvar şəhidi, ADU-nun
tələbəsi olmuş Ülvi Bünyadzadənin anadan olmasının 45-ci
ildönümü münasibətilə anım mərasimi keçirilib.
Mərasimdən öncə universitetin müəllim-tələbə heyəti
Şəhidlər xiyabanını ziyarət edərək şəhidin məzarı önünə
qərənfillər düzüblər.
Tədbir universitetin foyesində yerləşən Ülvi
Bünyadzadəyə aid açıq muzeyin qarşısında Azərbaycan
Respublikasının Dövlət himninin səsləndirilməsi ilə
başlayıb.
ADU-nun tərbiyə işləri üzrə prorektoru, professor
Ələddin Əliyev Ülvi Bünyadzadənin universitetin
istedadlı, bacarıqlı tələbəsi, eyni zamanda
vətənpərvər, cəsarətli bir gənc və 1990-cı ildə Bakıda
baş vermiş qanlı 20 yanvar faciəsi zamanı şəhid olduğunu
söyləyib. O, Ü.Bünyadzadənin universitetin fəxri
olduğunu bildirib.
Pedaqoji fakültənin III kurs tələbəsi Nərgiz Məmmədova
Ü.Bünyadzadənin həyatının qəhrəmanlıq, şərəfi özündə
ehtiva edən məktəb olduğunu deyərək mərhumun ömür
yolundan bəhs edib.
Çıxış edən şəhidin bacısı Könül Bünyadzadə qardaşı ilə
bağlı xatirələrini danışıb.
O, ADU-nun rektou, Milli Məclisin deputatı, professor
Səməd Seyidov başda olmaqla, universitet rəhbərliyinə
Ü.Bünyadzadənin əziz xatirəsini həmişə uca tutduqlarına
və daim xatırladıqlarına görə təşəkkürlərini bildirib.
Sosial elmlər kafedrasının professoru Məhəmməd Teymurlu
çıxışında Ü.Bünyadzadə timsalında digər şəhidlərimizin
şücaət və qəhrəmanlıqlarından bəhs edib. O, Ülvi
haqqında xatirələrdən söhbət açıb və şəhidin ADU-da
təhsil alan hər bir tələbənin cəsarət nümunəsinə
çevrildiyindən danışıb.
Tədbirdə Xətai rayonundakı 56 nömrəli tam orta məktəbin
şagirdlərinin ifasında Ü.Bünyadzadənin yazdığı şeirlər
və şəhidin dilindən hekayələr dinlənilib, Ülvi
Bünyadzadənin atası mərhum Yusif Bünyadzadənin oğlu ilə
bağlı söylədiyi fikirlər səsləndirilib.
Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi" |