Tam
təmir olunmuş yataqxana, əməkhaqqı artımı, xaricə
göndərilən tələbələr
Azərbaycanda təhsilin keyfiyyətinin ən inkişaf etmiş
ölkələr səviyyəsinə yüksəlməsi, dövlətin təhsilə diqqət
və qayğısı bu sahənin dünya səviyyəsinə yüksəlməsinə
imkan verib. Təhsilə daim böyük önəm vermiş ümummilli
lider Heydər Əliyevin ideyaları Azərbaycan Prezidenti
İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.
Dövlətimizin təhsilə göstərdiyi böyük diqqət və qayğısı
ildən-ilə artır. Azərbaycanda təhsilə olan diqqət,
Azərbaycan üçün təhsilin inkişafı prioritet sahədir. Bu
səbəbdən bu gün Azərbaycan təhsil sistemində ciddi
islahatlar aparılır. Azərbaycan Dillər Universiteti hər
zaman bu islahatların önündə gedən ali təhsil
müəssisəsidir.
Tələbələrin sayı altı mindən çoxdur
Azərbaycan Dillər Universiteti (ADU) 2014-2015-ci tədris
ilinə yeniliklərlə qədəm qoyur. Bu il ADU-nun bakalavr
pilləsinə 1500-ə yaxın tələbə, magistratura pilləsinə
isə 200-ə yaxın tələbə qəbulu olub, doktorantura
pilləsinə isə tezliklə baş tutacaq qəbulla bağlı müvafiq
işlər görülüb. Hər il yüksək səviyyədə həyata keçirilən
bu proses nəticəsində Azərbaycan Dillər Universiteti
ölkə universitetləri içərisində aparıcı təhsil
müəssisələrindən birinə çevrilib. Bu isə Azərbaycan
Prezidenti İlham Əliyevin təhsilə göstərdiyi diqqət və
qayğının nəticəsidir. Bu tədris ilində ADU tələbələrinin
sayı 6000-ni keçib. Bu rəqəm qısa zaman kəsiyində
universitetdə aparılan islahatların, yürüdülən uğurlu
təhsil siyasətinin nəticəsidir. Kredit sisteminin tam
tətbiqi, mobilliyin təmin olunması, tələbə yönümlü
təhsilin təşkili ilə ADU Avropa standartlarına
yaxınlaşmaq istiqamətində mühüm addımlar atıb.
Maddi-texniki baza müasir standartlar səviyyəsindədir
ADU-nun sahib olduğu geniş imkanlar nəticəsində hər il
universitetdə gözəçarpan və çox vacib yeniliklər baş
verir. Yeni tədris ilində də universitetdə yeniliklər
aparılıb. Belə ki, hər il olduğu kimi, yeni tədris
ilində universitetin hər üç korpusunda əsaslı təmir
işləri aparılır, hər üç bina maddi-texniki bazası
yenilənmiş formada tələbələrin ixtiyarına verilir.
Universitetin ikinci korpusunda tədbirlərin, iclasların
keçirilməsinə xidmət göstərən, əsaslı təmir nəticəsində
tam müasir yeni standartlara cavab verən akt zalı
yenidən istifadəyə verilib. Bu gün ADU öz xarici
qonaqlarını böyük fəxr hissi ilə universitetlə, buradakı
təhsil sistemi ilə tanış edir. ADU-nun ayırdığı maddi
vəsait əsasında və Amerika Birləşmiş Ştatlarının
ölkəmizdəki səfirliyinin dəstəyi ilə təmir edilib
yeniləşmiş, maddi-texniki bazası dəyişdirilmiş, yeni
texnologiyalarla, əlavə kommunikasiya imkanları, ən
müasir texnika ilə təmin edilmiş 2008-ci ildə açılan
İnformasiya Resurs Kompleksi, o cümlədən İnformasiya
Resurs Kompleksinin Amerika Mərkəzi yenidən istifadəyə
verilir. Bu gün Azərbaycan Dillər Universiteti burada
fəaliyyət göstərən İnformasiya Resurs Kompleksi və "Açıq
kitabxana" vasitəsilə kitabxana mühitini, universitetdə
kitab fəlsəfəsini ən yüksək səviyyədə həyata keçirən ali
məktəb kimi təqdim oluna bilər. İlk dəfə universitet
tarixində ADU-da məhz İRK-nin nəzdində yeni telestudia
açılır. Müəllimlər və tələbələr telestudia vasitəsilə
ilə universitetin daxilində çıxış edə, öz mühazirə və
mülahizələrini söyləyə, tələbələrlə söhbət edə, öz
sözlərini çatdıra biləcəklər.
Tam təmirli tələbə yataqxanası
Bu dərs ilində tədris binaları ilə yanaşı, ADU-nun
tələbə yataqxanası yaşayış üçün lazım olan hər növ
avadanlıqlarla təchiz, sanitar-gigiyenik normalara
uyğun, ən yüksək səviyyədə təmir edilib tələbələrin
istifadəsinə verilib.
Professor-müəllim işçi heyətinin əməkhaqları artırılıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
Azərbaycan təhsil sisteminin adambaşına maliyyələşməsinə
keçməsi ilə əlaqədar verdiyi qərar əsasında
universitetdə fəaliyyət göstərən professor-müəllim, o
cümlədən işçi heyətinin əməkhaqları artırılıb. İşçilərin
sosial rifahının yüksəlməsi, onların maddi durumunun
yaxşılaşdırılması istiqamətində addım atılaraq maaşlar
Azərbaycanda ali məktəblər sırasında ən yüksək səviyyəyə
çatdırılıb. Bu gün ADU əməkdaşları müxtəlif vəzifələr
üzrə 500-1500 AZN arası əməkhaqqı alırlar.
Beynəlxalq proqramlar həyata keçirilir
Azərbaycanın təhsil sahəsində beynəlxalq əməkdaşlığa
xüsusi önəm verməsindən irəli gələrək ADU-nun beynəlxalq
əlaqələri, qoşulduğu beynəlxalq proqramlar nəticəsində
həm maddi, həm də ictimai baxımdan xeyli inkişaf
etmişdir. Rəqabətə davamlı universitet olan ADU-da
tələbələrin dünya dillərinə marağını artırmaq, onları
ölkələrarası əlaqələrin inkişafında vasitəçi kimi
yetişdirmək üçün proqramlar həyata keçirilir. Bu
proqramlar nəticəsində ADU tələbələri bu gün artıq bir
sıra ölkələrin ali məktəblərində oxuyurlar və Azərbaycan
Dillər Universitetinə xaricdən tələbələr gəlirlər.
ADU-dan tələbələr bu tədris ili üçün Fransa, Koreya,
Norveç, İtaliya, Yaponiya, Çin kimi ölkələrdə
təhsillərini davam etməyə yollanırlar.
Heç də təsadüfi deyil ki, Azərbaycanda ilk dəfə olaraq
hər zaman ilklərə imza atan Azərbaycan Dillər
Universitetinin pedaqoji fakültəsinin tələbəsi Nərmin
İsmayılova bu il ADU ilə yanaşı, Böyük Britaniyanın
Esseks Universitetini də fərqlənmə diplomu ilə başa
vuran ilk azərbaycanlı tələbə oldu.
Azərbaycan Dillər Universiteti yeni tədris ilinə
həmçinin digər yeniliklərlə də qədəm qoyur. Belə ki,
ADU-da növbəti dərs ilindən macar dilinin tədris
olunması nəzərdə tutulub.
Beləliklə, ADU hər zaman olduğu kimi, formaca yenilənən,
məzmunca aparılan islahatları ilə öndə gedən, aparıcı
tələbələr üçün geniş perspektivli üfüqlər açan,
müəllimlər üçün yeni-yeni imkanlar yaradan ali təhsil
müəssisəsi olaraq yeni tədris ilinə də uğurla başlayır.
İctimaiyyətlə əlaqələr departamenti |