Böyük
Britaniyanın "Quacquarelli Symonds" (QS) konsaltinq
şirkəti dünya universitetlərinin yeni reytinq (QS World
University Rankings-2014) cədvəlini tərtib edib.
Reytinq cədvəlində bütün dünya üzrə 76 ölkədən 863
universitetin adı çəkilir. 2004-cü ildən etibarən nəşr
edilən reytinq dünya universitetlərinin fəaliyyətini
artıq son 10 il ərzində dəyişilməz olaraq qalan 6 əsas
meyar (akademik nüfuz, elmi məqalələrdən sitatgətirmə,
müəllim-tələbə nisbəti, işəgötürənlər arasında nüfuzu,
əcnəbi müəllimlərin sayı və əcnəbi tələbələrin sayı)
üzrə qiymətləndirib. Reytinq cədvəlinin hazırlanması
gedişində 62 min akademik cəmiyyət və 27 min işəgötürən
arasında sorğu aparılıb. Hər il olduğu kimi, QS bu il
də 3 minə yaxın ali məktəbin fəaliyyətinə qiymət verib,
onların arasından ən yaxşılarını seçib.
Amerikanın Massaçusets Texnologiya İnstitutu (MIT)
artıq 3-cü ildir dünyanın ən yaxşı universitetlərinin
reytinq cədvəlinə başçılıq edir. Universitet bu il elmi
məqalələrdən sitatgətirilmə indeksini 14 faiz
yaxşılaşdırmaqla ən yaxşı universitetlər arasında
liderliyini qoruya bilib. Kembric Universiteti Harvard
Universitetini sıxışdıraraq ikinci yerə çıxıb. İlk
üçlükdə London İmperial Kolleci qərarlaşıb. Harvard
Universiteti isə 4-cü sırada yer alıb. Ən yaxşı 10
universitet sırasında Oksford, London Universitet
Kolleci, Stanford Universiteti, Kaliforniya Texnologiya
İnstitutu, Prinston Universiteti, Yel Universiteti yer
alıb. M.V.Lomonosov adına Moskva Dövlət Universiteti
top-200-lükdə 114-cü yeri qazana bilmişdir. Beləliklə
də reytinq cədvəlində yer almış 10 ən yaxşı
universitetdən 6-sı ABŞ-a məxsusdur. ABŞ 200 ən yaxşı
universitet siyahısında 51 ali təhsil müəssisəsi ilə
təmsil olunub. Reytinqin tam versiyasında 863
universitet yer alıb. 200 ən yaxşı universitet
siyahısında 31 ölkənin adı çəkilir. Reytinqdə Britaniya
29, Almaniya 13, Niderland 11, Kanada 10, Yaponiya 10,
Avstriya 8 universitetlə təmsil olunub. Reytinq cədvəli
ilə bağlı ətraflı məlumatı
www.topuniversities.com saytından almaq olar.
|