Müsabiqə "Azərbaycan Respublikasında təhsilin inkişafı
üzrə Dövlət Strategiyası"ndan irəli gələn vəzifələrin
icrası ilə bağlı təhsildə elektron tədris resurslarının
tətbiqi sahəsində sağlam rəqabətin stimullaşdırılması və
rəqabət elementlərinin tətbiq edilməsi məqsədilə təşkil
olunub.
Təhsil nazirinin müvafiq əmrinə əsasən keçirilən bu
müsabiqənin rəsmi internet səhifəsi (www.musabiqe.edu.az)
fəaliyyət göstərir. Müsabiqə 3 istiqamət olmaqla 7
nominasiya üzrə keçirilir.
Müsabiqənin keçirilməsində əsas məqsəd tədris prosesində
elektron tədris resurslarından, internet
texnologiyalarından istifadəni genişləndirmək, bu sahədə
təhsil ictimaiyyətini məlumatlandırmaq, tədris
məqsədləri üçün internetdən istifadənin yeni formalarını
üzə çıxarmaq və tədris prosesində informasiya
texnologiyalarından fəal istifadə edən müəllimləri
həvəsləndirməkdən ibarətdir.
Qeyd edək ki, builki müsabiqəyə milli təhsil
resurslarını inkişaf etdirmək məqsədilə yeni bir
istiqamət - "Milli elektron tədris resurslarının
yaradılması" istiqaməti əlavə edilib. Bununla yanaşı,
müsabiqəyə yeni 4 nominasiya "Elektron lövhələrin
istifadəsi ilə yaradılan ən yaxşı dərs modeli", "1
şagird: 1 kompüter" modeli üzrə ən uğurlu dərs/tədris
layihəsi", "Təhsil portalında (www.edu.az)
yerləşdirilmiş resurslardan istifadə edilməklə qurulan
ən yaxşı dərs/tədris layihəsi nümunəsi" və "Onlayn
vasitələrdən (veb 2.0, sosial servislər və s.) istifadə
edilməklə qurulan ən yaxşı dərs/tədris layihəsi
nümunəsi" əlavə edilmişdir.
Hazırda müsabiqənin I mərhələsi davam edir. I mərhələ
oktyabr ayının 23-də başa çatacaq. Müsabiqəyə Milli
elektron tədris resurslarının yaradılması istiqaməti
üzrə 10, Müasir məktəbdə elektron tədris resursları
istiqaməti üzrə 9, Təhsildə internet texnologiyaları
istiqaməti üzrə 15 iş təqdim olunmuşdur.
Müsabiqə "İntel" Korporasiyasının "Gələcək üçün təhsil"
proqramı, "Mədəd Azərbaycan" təşkilatı, "Dr. Web",
AZEDUNET, "Ultra" və "Nar Mobile" şirkətləri tərəfindən
dəstəklənir.
Müsabiqənin qaliblərinə noutbuk, planşet, printer və
digər xüsusi mükafatlar təqdim olunacaq.
Niyazi RƏHİMOV,
"Azərbaycan müəllimi" |