Azərbaycan Milli Elmlər Akademiyasının əsas binasındakı
Nizami adına Ədəbiyyat İnstitutunun Elektron Akt Zalında
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin
müəllifi olduğu "Əsrin müqaviləsi"nin 20 illik
yubileyinə həsr edilmiş "Ədəbiyyatda və sənətdə neft
faktoru" mövzusunda elmi konfrans keçirilib.
Tədbir iştirakçıları əvvəlcə foyedə Mərkəzi Elmi
Kitabxana tərəfindən təşkil olunmuş, ölkəmizin uğurlu
neft siyasətini əks etdirən çeşidli elmi və bədii kitab
sərgisi ilə tanış olub.
AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat
İnstitutunun direktoru, akademik İsa Həbibbəyli
"Azərbaycan ədəbiyyatının neft dünyası" mövzusunda giriş
sözü ilə çıxış edib. Bildirilib ki, xalqın iradəsi,
çağırışı və təkidi ilə 1993-cü ildə Heydər Əliyevin
hakimiyyətə qayıdışı Azərbaycanın siyasi və iqtisadi
həyatında taleyüklü dəyişikliklərin başlanğıcını qoydu.
Əsrin nəhəng neft müqaviləsinin bağlanması da bu
siyasətin mühüm tərkib hissəsi kimi meydana çıxmışdır.
Qeyd edilib ki, elə ilk günlərdən ARDNŞ-in birinci
vitse-prezidenti, millət vəkili İlham Əliyev danışıqlar
prosesinə cəlb edilərək yeni neft strategiyasının
hazırlanmasının və uğurla həyata keçirilməsinin ən fəal
iştirakçılarından olmuşdur ki, bu gün də ölkə Prezidenti
kimi həmin strateji xətti uğurla davam etdirir.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin
vitse-prezidenti Xaliq Məmmədov və Azərbaycan Ali Neft
Məktəbinin rektoru Elmar Qasımov tədbirdə çıxış edərək
1994-cü il sentyabrın 20-də Bakıda Gülüstan sarayında
"Əsrin müqaviləsi"nin imzalanmasını böyük tarixi hadisə
kimi dəyərləndiriblər.
Tədbir boyu Azərbaycanda neft sənayesinin tarixi
inkişafını əks etdirən slaydlar nümayiş etdirilib.
Elmi konfransda Azərbaycan elmi ictimaiyyətinin, kütləvi
informasiya vasitələri və elektron medianın bir sıra
nümayəndələri iştirak edib.
A.ŞÜKÜROV |