Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 Sentyabr 2014 - №37

 

Beynəlxalq təhsil xəbərləri

 

Kanada universitetləri məktəblərlə əməkdaşlığa başlayır

Kanadanın dövlət universitetləri və məktəbləri əcnəbi şagirdlərin ölkənin ali məktəblərinə daxil olmasını asanlaşdırmaq üçün öz aralarında tərəfdaşlıq fəaliyyətinə başlayır. "Theglobeandmail" dərgisinin yazdığına görə, Toronto dövlət məktəbləri dairəsi (Toronto District School Board) ölkənin aparıcı ali məktəblərindən olan Toronto Universiteti ilə saziş imzalayıb. Sazişə görə, son 2 ildə dairədəki məktəblərdən birində oxumuş əcnəbilər sadələşdirilmiş sxem üzrə ali məktəbə daxil ola bilər.  Ontario vilayətindəki  Laymstoun  dövlət məktəbləri dairəsi  (Limestone District School Board) Kvinks Universiteti ilə əməkdaşlığa başlayıb. Bundan sonra dairənin əcnəbi şagirdləri orta  məktəblərin buraxılış  sinfindən universitetlərə şərti qəbul olmaq imkanı qazanır. Toronto Universiteti kimi, Kvinks Universiteti də tabeliyində olan məktəblərdə əcnəbilər üçün ingilis dili üzrə tələbləri azaldıb.

2012-ci ildə 23 mindən artıq əcnəbi şagird  Kanadanın  dövlət  məktəblərindən birində orta təhsil alıb.  Əcnəbilər əsasən Çin, Cənubi Koreya, Meksika, Almaniya, Braziliyanı təmsil ediblər.  Əcnəbilər üçün orta təhsil haqqı ildə 13000 Kanada dolları təşkil edir.


Fransada tələbələr yeni dərs ilində dövlətdən hədiyyə alacaqlar 

Yeni dərs ilində Fransanın bütün yerli ali məktəblərində təhsil alan tələbələr dövlətdən hədiyyə alacaq. Məsələ ondadır ki, bundan sonra tələbələrə kirayələdikləri evlərə görə  dövlət tərəfindən təminat veriləcək.  Yenilik qanunvericilik halında təsbit olunana qədər ölkənin bir sıra regionlarında eksperiment kimi sınaqdan keçirilib. Bu işin xüsusi dövlət fondu vasitəsi ilə həyata keçirilməsi nəzərdə tutulub. Fransa hökuməti bəyan edib ki, bu hüquqdan ölkənin bütün yerli universitetlərinin tələbələri yararlana biləcəklər. Tələbələr üçün nəzərdə tutulmuş ən böyük hədiyyə barədə Fransanın ali təhsil üzrə dövlət naziri Jenevıyev Fiorazo açıqlama verib. Qərar birmənalı olaraq bütün tələbələrə- həm fransızlara, həm də əcnəbi tələbələrə şamil olunacaq. Tələbələrin müşahidə qrupunun məlumatına görə, kirayəçi tələbələrin 16 faizi zəmanətçi axtarışı problemi ilə üzləşməkdədir. Bundan sonra kirayəçi tələbələr üçün zəmanətçi rolunda dövlət çıxış edəcək.  Dövlət naziri qeyd edib ki, vətəndaşlığından, ailə vəziyyətindən, gəlirlərinin səviyyəsindən asılı olmayaraq əcnəbilər də daxil olmaqla bütün tələbələr dövlət dəstəyindən yararlana biləcəklər. Onun sözlərinə görə, dövlət zəmanət sistemi ölkədə xarici tələbə qəbulu şəraitini yaxşılaşdırmalı, xaricdə Fransa ali təhsilinin cəlbediciliyini artırmalıdır.


Rusiya məktəblərində monitorinq keçiriləcək 

Rusiya təhsilə nəzarət agentliyi ölkənin bütün regionlarında üç böyük tədqiqat aparmağı nəzərdə tutub. 2014-cü il oktyabrın 28-də  V-VII siniflərdə  riyaziyyat  fənninin keyfiyyətinin monitorinqi keçiriləcək.  2015-ci ilin aprelində ibtidai məktəblərdə, oktyabrda isə 8-9-cu  siniflərdə informatika fənninin tədrisi keyfiyyəti öyrəniləcək.  Riyazi  təhsilin  keyfiyyətinin monitorinqinə 45 min iştirakçı cəlb olunacaq. Onlar üçün 2 mindən artıq tapşırıq işlənib hazırlanacaq.  Qeyd olunur ki, bu tədbir dövlət buraxılış imtahanlarında şagirdlərin zəif nəticə göstərməsinin səbəblərini  üzə çıxaracaq.  Digər tərəfdən, orta  məktəblərdə  riyaziyyatın tədrisi ilə bağlı məsələləri təkmilləşdirəcək, eləcə də istedadlı uşaqları aşkar etməyə imkan verəcək.   İbtidai məktəblərdə aparılacaq tədqiqatlarda ölkənin 500-dən çox məktəbindən 60 min şagirdin iştirakı nəzərdə tutulub. Hazırda onlar üçün 3  fənn - riyaziyyat, rus dili,  ətraf mühit üzrə tapşırıqlar işlənib hazırlanmaqdadır. 8-9-cu  siniflər üçün informatika və İKT fənninə gəlincə, 45 min məktəbli üçün 20000 tapşırıq hazırlanıb. 


Rusiyada "Sevimli müəllim" abidəsinin açılışı olub 

Rusiyanın  Zlatoust  şəhərində  yerli pedaqoji  kollecin həyətində "Sevimli müəllim" memarlıq kompozisiyasının açılışı olub.  Abidə şəhər əhalisinin vəsaiti hesabına inşa olunub. 

Kompozisiyanın müəllifi Aleksandr Loxtaçev hesab edir ki,  abidənin məqsədi hər bir şagirdin həyatında, onun formalaşmasında  müəllimin xüsusi  statusunu,  onun böyüklüyünü göstərməkdir.  Abidə  bütün  müəllimləri  təcəssüm etdirən ümumiləşdirici obrazdır. 

Abidə hər bir şəhər sakininə  ömürboyu onun ürəyinə  birdəfəlik həkk  olunmuş öz pedaqoqunun  bütün  cəhətlərini  görməyə imkan verəcək.  Abidənin açılışı ilə yeni bir ənənənin əsası da qoyulub: bundan sonra  pedaqoji  kollecin  birinci kurs  tələbələrinə "Sevimli müəllim" abidəsi qarşısında tələbə bileti təqdim olunacaq.  

Səhifəni hazırladı:
Oruc MUSTAFAYEV,
"Azərbaycan müəllimi"
xarici mətbuat materialları  əsasında

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov