Koreya
Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOİCA) Azərbaycan
ofisinin rezident nümayəndəsi xanım Kim Eun-suk və onun
rəhbərlik etdiyi işçi qrupu "Naxçıvan Dövlət
Universiteti üçün elektron təhsil şəbəkəsi və rəqəmsal
multimedia infrastrukturunun yaradılması" layihəsinin
tətbiqi ilə əlaqədar Naxçıvan Dövlət Universitetində
olublar.
Naxçıvan Dövlət Universitetinin tədris işləri üzrə
prorektoru, filologiya elmləri üzrə fəlsəfə doktoru,
dosent Surə Seyid qonaqları salamlayaraq layihənin
əhəmiyyətindən bəhs edib. Qeyd olunub ki, Naxçıvan
Muxtar Respublikası Ali Məclis Sədrinin xüsusi dəstəyi
və tövsiyəsi ilə elektron universitet yaradılması,
distant təhsilin tətbiqi ilə bağlı bu ali təhsil
ocağında mühüm işlər görülüb. KOİCA ilə birgə
gerçəkləşdiriləcək layihədə isə ali məktəbin idarəetmə
sisteminin müasir texnologiyalar vasitəsilə
təkmilləşdirilməsi, tələbələrə onlayn təhsil xidməti
göstərilməsi üçün portal, distant təhsil, akademik
işlər, elektron kitabxana və s. ibarət elektron təhsil
şəbəkəsi yaradılması, müasir texnologiyaların alınıb
quraşdırılması, rəqəmsal multimedia infrastrukturunun
təkmilləşdirilməsi nəzərdə tutulur. 2015-ci ildə
tamamlanacaq layihənin həyata keçirilməsinə KOİCA
tərəfindən 3500000 ABŞ dolları həcmində vəsait
ayrılıb. Tədris işləri üzrə prorektor xatırladıb ki, bu
barədə dəfələrlə birgə müzakirələr aparılıb, layihənin
davamı olaraq onun rəhbərliyi ilə bir qrup nümayəndə may
ayında on beş gün müddətinə Cənubi Koreyanın paytaxtı
Seul şəhərinə ezam olunaraq layihə ilə bağlı təlim
keçib. Hazırda Naxçıvan Dövlət Universitetinin rektoru,
AMEA-nın müxbir üzvü Saleh Məhərrəmovun başçılığı ilə
universitet rəhbərliyini təmsil edən heyət layihə ilə
əlaqədar Cənubi Koreyada səfərdədir.
KOİCA-nın Azərbaycan ofisinin rezident nümayəndəsi xanım
Kim Eun-suk layihədə nəzərdə tutulan bütün
avadanlıqların alınıb universitetə gətirilməsi barədə
ətraflı məlumat verib. Müasir, keyfiyyətli
texnologiyaların istifadəyə verildikdən sonra tədrisdə
də təhsildə keyfiyyətin yüksəldilməsinə, idarəetmə
prosesinə əhəmiyyətli dərəcədə təsir göstərəcək.
Koreyalı və yerli mütəxəssislərin birgə fəaliyyəti
nəticəsində ilin sonlarında layihənin müvəffəqiyyətlə
yekunlaşacağı gözlənilir.
Naxçıvan Dövlət Universiteti tərəfindən layihəni icra
edəcək işçi qruplar arasında akademik idarəetmə sistemi,
texniki təminat, portal, elektron sənəd dövriyyəsi,
multimedia üzrə işçi qrupları ilə birgə elektron təhsil
şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun
qurulması, alınan texniki avadanlıqların və proqramların
quraşdırılması ilə bağlı müzakirələr aparılmışdır. Optik
kabellərin çəkilişi, serverin qurulması və
əlaqələndirilməsi, multimedia infrastrukturu üçün
nəzərdə tutulan müasir texnologiyaların işə salınması
ilə bağlı qruplar üzrə görüləcək işlər
müəyyənləşdirilib.
Mehriban SULTAN,
NDU-nun Mətbuat şöbəsinin müdiri |