Sentyabrın
19-da tanınmış rus yazıçısı Maksim Qorkinin nəvəsi,
E.Vaxtanqov adına Moskva Akademik Teatrının aktrisası
Darya Maksimovna Peşkova, ulu nəvəsi aktrisa Yekaterina
Aleksandrovna Peşkova və oğlu Timofey Yevgenyeviç Peşkov
Bakı Slavyan Universitetinin qonağı olublar. Müəllim və
tələbələrin iştirakı ilə keçirilən görüşdə universitetin
rektoru, professor Asif Hacıyev qonaqları salamlayıb,
Azərbaycanda rus dili və mədəniyyətinə olan böyük
diqqətdən danışıb. Bildirilib ki, 2000-ci ildə ulu
öndərimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş Bakı
Slavyan Universitetinin inkişafında möhtərəm
Prezidentimiz İlham Əliyevin böyük xidmətləri var. Bu
gün təhsil ocağının potensialı və dinamik inkişafı da
bunun bariz nümunəsidir.
Rektor həmçinin rus ədəbiyyatında əvəzsiz xidmətləri ilə
tanınan məşhur yazıçı Maksim Qorkinin yaradıcılığından
söhbət açaraq universitetin kitabxanasında yazıçının
müxtəlif məzmunlu kitablarının saxlandığını, onların
tələbələr tərəfindən maraqla oxunduğunu və tədris
olunduğunu vurğulayıb.
Tədbirdə rus ədəbiyyatı kafedrasının dosenti Yaşar
Quluzadə, "Russkiy yazık i literatura v Azerbaydjane"
jurnalının baş redaktoru, professor Flora Nacıyeva
çıxışlarında Maksim Qorkinin yaradıcılığından söhbət
açıblar. Jurnalın yeni nəşri qonaqlara hədiyyə edilib.
Azərbaycanda səfərdə olmasından məmnunluq hissi
duyduğunu qeyd edən Yekaterina Aleksandrovna Peşkova
ölkəmizə, şəhərimizin gözəlliyinə, xalqımızın
qonaqpərvərliyinə heyran olduğunu bildirib və öz
xatirələrini danışıb.
Sonda qonaqlar BSU-nun müəllim və tələbələrinin
suallarını cavablandırıb və Maksim Qorkinin
kitablarını görüş iştirakçılarına hədiyyə ediblər.
Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi" |