İnsanın
ruhu sanki hər zaman eyni yaşda olur. Bunu uşaqlıqdan öz
daxili aləmini müşahidə edən adamlar hər biri
tərəddüdsüz təsdiq edərlər. Sanki böyüyən yalnız
bədəndir, daxilində isə hər zaman eyni yaşda olan biri
gizlənib. Biz kənardan uşaqları nə qədər kiçik görsək
də, heç nə anlamırlar deyə zənn etsək də, onların
gözlərinin arxasında bizi daha doğru qiymətləndirən biri
baxır, görür, gördüklərini də göz aparatı ilə çəkib
"fotoalbom" olaraq yaddaşına ötürür. Bunu mənə
xatırladan Dəniz oldu.
Dəniz Kamran qızı İsmayılova 189 nömrəli məktəbin
dördüncü sinif şagirdidir. On yaşlı Dəniz dərslərini
rahatlıqla mənimsəyir, ana dilində oxusa da, rus dilini
yaxşı bilir, ingilis dilini öyrənir, şahmat oynayır,
rəsm çəkir, musiqini, idmanı sevir, amma xobbisi
mütaliədir. Üç yaşından yazıb-oxumağa maraq göstərib.
Körpəlikdən barmağını kitablara sıxa-sıxa o qədər oxuyub
ki, hətta barmağı bu səbəbdən əyri qalıb. Bunu müşahidə
edən qohumları "Dənizin sanki barmaqları görür" deyə
təəccüblənirmişlər.
Dördüncü sinif şagirdi hansı bədii əsərləri oxuyur?
Dəniz bədii ədəbiyyatı daha çox iki dildə mütaliə edir:
Azərbaycan və rus dillərində. İngilis dilində də
mütaliəyə təşəbbüs göstərir. Azərbaycan ədəbiyyatından
daha çox nağılları oxuduğunu söyləyir. Abdulla Şaiq,
Süleyman Sani Axundovun bədii nəsrini çox sevir.
Xüsusilə, S.S.Axundovun əsərləri bu balaca qızcığazın
könül aləmində kövrək təsirini buraxıb. Anası Güldəniz
xanım söyləyir ki, Dəniz yazıçının əsərlərini sakit
oxuya bilmir, oxuduqca ağlayır. Folkloru çox sevdiyindən
S.S.Axundovun da nağıllarını sevir. Ən çox məna tapdığı
Azərbaycan nağıllarından biri "Əlimərdan nağılı"dır. Rus
ədəbiyyatına xüsusi maraq göstərir. A.Puşkinin nağılları
və poemaları, L.A.Kassil, D.Mamin-Sibiryak, L.Tolstoy,
A.Volkov, V.Y.Draqunskinin əsərlərini daha çox oxuyub.
İngilis dilində Mark Tvenin "Haklberri Finin
sərgüzəştləri" əsərini mütaliə edir. Dünya
ədəbiyyatından Dənizin oxuduğu əsərlərin siyahısını
vermək mümkün olmasa da, bir neçə görkəmli yazıçının
adını çəkməklə bu balaca qızın xəyal dünyasını təsəvvür
etmək mümkündür. Dənizin ən çox oxuduğu yazıçılar Antuan
De sent-Ekzüperi, Fenimor Kuper, Jül Vern, Daniel
Defo, Aqata Kristi, Aleksandr Dümadır.
Dəniz yalnız bədii ədəbiyyat oxumur, eyni zamanda elmi
əsərlər mütaliə edir. Ensiklopediyalarla çox maraqlanır.
Evdə on üç ensiklopediya kitabının olduğunu söyləyir. Ən
çox maraq göstərdiyi elm sahələrindən biri
astronomiyadır. Ulduzlar haqqında maraqlı məlumatları
yadında saxlamağı sevir. Amma böyüyəndə oftalmoloq olmaq
fikrindədir. Göz də onun maraq dairəsindədir. Özünün
dediyi kimi, göz insanın həm daxili aləmini əks etdirir,
həm də daxili orqanlarının sağlamlığı haqqında məlumat
verir. Buna görə də balaca yazıçı gözü özünə hədəf
götürməklə iki sənət seçmiş olacaqdır.
Dənizin söz dünyası
Oxuduğu nağıllar, hekayələr, povest və romanlar bir gün
Dənizin öz ədəbiyyat dünyasını yaratdı. Dəniz altı
yaşından etibarən hekayə və esselər yazmağa başladı. O,
öz qəhrəmanlarını gətirdi söz dünyasına. "Təbiət qızı",
"Səfər", "Səni unutmaram", "Ən çox sevdiyim fəsil",
rusca "Ümid" və s. hekayələri Dənizin daxili aləminin
dupduru ifadəsidir. "Arılar", "Persefonanın
oğurlanması", "Heyvanlar insanın həyatında", "Kainatın
sirləri", "Payız gəldi", "Böyüklər və biz", "Böyüklərin
içindəki uşaqlar" kimi esseləri balaca qızın daxili
aləminin bədii ifadəsinə çevrilib. Dənizin söz dünyası
ideallarla, gözəlliklərlə, məhəbbətlə, rəğbətlə,
mərhəmətlə doludur.
Dəniz öz qəhrəmanı İnci kimi təbiət vurğunudur. Bu
vurğunluq onun söz dünyasına al-əlvan rənglər verir,
sanki yazmır, təbiəti sözlə çəkir o. "Səni unutmaram"
hekayəsinin qəhrəmanı Tərlan isə sanki Dənizin özüdür,
onun kimi yardımsevərdir, məhəbbətlə doludur. Esseləri
Dənizin həyat fəlsəfəsinin bədii-publisistik ifadəsidir.
Burada da Dəniz paylaşmanın, mərhəmət göstərmənin
həyatın mənalı, xoşbəxt davamı üçün əsas amil olduğunu
təkrar-təkrar vurğulayır.
Bu təcrübə məktəblərə örnək ola bilər
Yunan mifologiyasından yardımsevərliyi öz həyat amalı
kimi müəyyənləşdirən Dəniz bunu yalnız sözdə deyil,
əməlində də isbat etməyə qadirdir. O, öz dünyagörüşünü,
əldə etdiyi bilikləri məhəbbətlə sinif yoldaşları ilə
bölüşür. Valideynlərinin ona aldığı kitabları oxuyub
mənimsəyəndən sonra məktəbə gətirir, sinif yoldaşları
ilə paylaşır. Sinif şkafında Dənizin kitablarının ayrıca
bir guşəsi var. Uşaqlar ona bildirməklə bu kitabları
götürüb oxuyurlar və təkrar yerinə qoyurlar. Beləliklə,
onlar hamısı eyni bir kitabı oxumuş olurlar. Dənizin
oxuduğu siniflə tanışlığımız zamanı biz bunun əyani
şahidi olduq. Uşaqlardan hansı əsərləri mütaliə
etdiklərini soruşduqda daha çox eyni müəlliflərin -
Viktor Hüqo, Jül Vern, Aqata Kristi, Mark Tven,
Aleksandr Puşkin və başqa yazıçıların əsərlərinin
adlarını çəkdilər. Bunun səbəbi isə onun öz kitabını
gətirib sinif yoldaşları ilə paylaşmasıdır. Dənizin
sinif müəllimi Züleyxa Ələsgərova şagirdlərinin bu
təşəbbüsünü dəstəkləyir. Onların dünyagörüşünü,
xarakterini müşahidə edərək qavraya biləcəkləri bədii
əsərləri oxumağa istiqamətləndirir.
Mütaliə şagirdin şəxsiyyətini formalaşdırır. Mütaliə
uşağın xəyal dünyasını rəngləndirir. Mütaliə hər kəsi
müstəqil söz sahibinə çevirir. Bütün bunların təsdiqini
biz on yaşlı Dəniz İsmayılovanın timsalında gördük.
Könül NƏHMƏTOVA,
"Azərbaycan müəllimi" |