Kitab oxumağın şagirdlərin əqli və nitqinin inkişafına
olan faydaları haqqında mütəxəssis fikirləri
Bakı
şəhəri təhsil işçilərinin sentyabr konfransında
Azərbaycan Respublikasının təhsil naziri Mikayıl
Cabbarov təhsil sistemində çoxdan daşlaşmış bir məsələyə
- məktəblilərin mütaliəsi probleminə toxunub. Təhsil
naziri bir çox hallarda mərkəzləşdirilmiş imtahanlarda
yüksək nəticələr göstərən və yaxud təhsildə uğurları ilə
fərqlənən gənclərimizin öz fikirlərinin ifadəsində
çətinlik çəkmələrini onların mütaliəsinin zəif olması
ilə əlaqələndirib və Təhsil Nazirliyinə, məktəb
rəhbərlərinə şagirdlərin mütaliəsinin dövrün tələbləri
səviyyəsində təşkili üçün tapşırıqlar verib.
Bəs bu gün gənclərimiz hansı ədəbiyyatları mütaliə
edirlər? Məktəb kitabxanalarında bu iş necə təşkil
olunur? Mütəxəssislər bu barədə nə fikirdədirlər?
Suallarımıza aydınlıq gətirmək üçün bir sıra məktəblərdə
olub şagirdlərlə, müəllimlərlə, məktəb kitabxanaçıları
ilə söhbətləşdik, bu barədə mütəxəssislərin fikirlərini
öyrəndik.
Şagirdlər hansı ədəbiyyatı oxuyurlar?
Ümumtəhsil məktəblərində sagirdlər arasında mütaliə ilə
bağlı mövcud vəziyyəti araşdırmaq üçün Bakının
sayılıb-seçilən iki orta təhsil müəssisəsində - Bakı
Avropa Liseyində, 132-134 nömrəli təhsil kompleksində və
eləcə də mərkəzdən bir qədər kənarda yerləşən 67 nömrəli
tam orta məktəbdə olduq.
Məsələnin yuxarı siniflərdə daha aktual olduğunu nəzərə
alıb əsasən X-XI sinif şagirdləri ilə görüşdük.
Şagirdlərə "Mütaliə ilə müntəzəm məşğul olurlarmı?
Əsasən hansı ədəbiyyatları oxuyurlar? Müəllimlər bu işdə
onlara nə kimi kömək göstərir? Mütaliə üçün kitab
siyahısı verirlərmi? Məktəbə qayıtdıqdan sonra nə
oxuduqları ilə maraqlanırlarmı" kimi suallar ünvanladıq.
Bakı Avropa liseyində sorğuya cəlb etdiyimiz 10
şagirdin əksəriyyəti mütaliə ilə məşğul olmağa, kitab
oxumağa vaxtlarının olmadığını söylədi. Belə cavab
verənlər fikirlərini onunla əsaslandırdılar ki, eyni
zamanda həm dərslərinə, həm də ali məktəblərə qəbul
imtahanlarına hazırlaşırlar. Buna görə də əlavə kitab
oxumağa, mütaliə etməyə vaxtları qalmır. Cavablardan o
da məlum oldu ki, mütaliə edən şagirdlər bu faydalı işlə
müntəzəm deyil, təsadüfdən-təsadüfə məşğul olurlar.
Məsələn, özünü mütaliə həvəskarı kimi təqdim edən X
sinif şagirdi Anar Ağayev mütaliə etməyə vaxtım çatmır
deyənlərin bəhanəsini qəbul etməsə də ondan yay tətili
dövründə hansı kitabları oxuduğunu soruşduqda yalnız bir
əsərin adını çəkə bildi. Şagirdin fikrincə əsas məsələ
mütaliəyə maraq yaratmaqlır. Bunu isə, ilk növbədə,
müəllimlər etməlidirlər. XI sinif şagirdi Əli İmanovun
cavabı isə həmyaşıdlarından fərqli oldu. O bildirdi ki,
"Mən ancaq dərslərimi oxuyuram, mütaliə etmirəm. Bir də
mütaliə mənim nəyimə lazımdır. Mən gələcəkdə həkim
olmağı qərara almışam. Bu sənətin sahibi üçünsə mütaliə
o qədər də vacib deyil. Əsas odur ki, xəstələrim məni
yaxşı həkim kimi tanısınlar".
132-134 nömrəli təhsil kompleksində 8 şagird
həmsöhbətimiz oldu. Burada da əsasən Bakı Avropa
Liseyindəki mənzərə ilə qarşılaşdıq. Şagirdlər vaxt
azlığından şikayətləndilər. Onlardan yalnız biri - X
sinif şagirdi Nərmin Heydərova bir neçə əsərin adını
çəkib, bu il həmin kitabları oxuduğunu söylədi, dünya
klassiklərini sevdiyini bildirdi.
XI sinif şagirdi Gülgün Qüdrətli isə sonuncu dəfə
2012-ci ildə bir əsər mütaliə etdiyini dedi. Gülgün onu
da bildirdi ki, yaxşı olar mütaliə üçün əsərlərin
siyahısını müəllimlər özləri bizə versin. Bu bizim
məsuliyyətimizi artırar.
Ancaq imkan tapdıqda mütaliə ilə məşğul olduğunu
bildirən və son vaxtlar oxuduğu bir neçə əsərin adını
çəkən X sinif şagirdi Vüsal Cahangirov isə bu fikirdədir
ki, uşaqları mütaliəyə valideynlər
istiqamətləndirməlidirlər.
Şagirdlərin cavablarından məlum oldu ki, məktəblilər
əsasən xarici ölkə yazıçılarını mütaliə etməyə, özü də
nə qədər qəribə görünsə də Azərbaycan dilində deyil,
xarici dildə - ingilis, rus, türk dillərində oxumağa
üstünlük verirlər. Bizim yazıçı və şairlərin əsərlərinin
onları o qədər də maraqlandırmadığını söyləyənlər də
oldu. Ancaq Azərbaycan yazıçılarının əsərlərini mütaliə
etdiyini bildirənlər isə müasir Azərbaycan ədəbi
mühitində o qədər də tanınmayan yazıçıların bir elə də
tərbiyəvi əhəmiyyət kəsb etməyən əsərlərinin adlarını
çəkdilər.
67 nömrəli tam orta məktəbdə də 8 şagirdlə görüşdük.
Söhbət etdiyimiz şagirdlərin bir çoxu bildirdi ki,
onların mütaliəyə o qədər də həvəsi yoxdur. Məsələn, XI
sinif şagirdi Aytac Allahverdiyeva dedi ki, ancaq
müəllimlər tapşıranda oxuyuram. Qəbula hazırlaşıram,
əlavə müəllim yanına gedirəm, mütaliəyə vaxtım yoxdur.
XI sinif şagirdi Nofəl Heydərli: "Mütaliə məni
maraqlandırmır. Yadıma düşmür ki, sonuncu dəfə nə vaxt
bədii əsər oxumuşam. Yəqin ki, ali məktəbə qəbul olandan
sonra oxuyaram", - dedi.
Hər üç məktəbdə respondentlərimiz mütaliə işində
müəllimlərdən, məktəb kitabxanalarından nə kimi kömək
aldıqlarına da konkret cavab verə bilmədilər,
suallarımıza cavab verərkən ümumi sözlərlə
kifayətləndilər. Amma deyilənlərdən belə qənaətə gəldik
ki, şagirdlərə nə yay tətili dövründə, nə də tədris
müddəti ərzində mütaliə üçün kitab siyahısı verilməyib,
onlardan oxuduqları kitablar haqqında sorğu-sual
edilməyib.
Mütaliə üçün müəllimlər tapşırıqlar verirlərmi?
Bakı Avropa Liseyinin Azərbaycan dili və ədəbiyyat
müəllimi, "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi Aynur
Rüstəmova şagirdlər arasında mütaliənin zəif olmasını
etiraf etdi.
Aynur müəllim şagirdlərin dediklərindən fərqli olaraq
onlara yay tətili dövründə müəyyən bir ədəbiyyat
siyahısı yazdırdığını və məktəbə gəldikləri zaman
oxuduqlarını mütləq şəkildə sorusduğunu, bunun tələb
kimi uşaqların qarşısına qoyulduğunu söylədi.
Liseyin digər ədəbiyyat müəllimi Hidayət Allahverdi 36
illik pedaqoji fəaliyyəti dövründə şagirdlərində kitaba,
mütaliəyə maraq oyatmağa çalışdığını söylədi.
Aşağı siniflərdə sagirdlərin kitab oxumağa həvəsi
olduqlarını, tapşırılandan əlavə digər əsərlər də tapıb
oxumağa çalışdıqlarını deyən Hidayət müəllim, yuxarı
siniflərdə, xüsusilə X, XI siniflərdə bu marağın
getdikcə azaldığını da inkar etmədi.
Bakının Sabunçu rayonundakı 67 nömrəli tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi, "Ən yaxşı
müəllim" müsabiqəsinin qalibi Sədaqət Qurbanqızı son
illər uşaqların mütaliəyə marağının azalmasının onu da
narahat etdiyini dedi və bu işdə Azərbaycan dili və
ədəbiyyat müəllimlərinin də günahı olduğunu etiraf
etdi. Bildirdi ki, ilk növbədə məhz müəllimlər
şagirdlərdə mütaliəyə maraq oyatmalıdır. Sədaqət müəllim
bunu nəzərə alaraq sagirdlərin mütaliəsini
istiqamətləndirmək məqsədilə tapşırıqlar verdiyini, yay
tətili dövründə oxumaları üçün kitab siyahısı təqdim
etdiyini söylədi.
132-134 nömrəli təhsil kompleksinin Azərbaycan dili və
ədəbiyyat müəllimi, "Ən yaxşı müəllim" müsabiqəsinin
qalibi Aynur Dadaşova bildirdi ki, hər bir müəllim
şagirdlərinin mütaliəyə olan marağının inkişaf
dinamikasını izləməyə çalışmalıdır. Onu da əlavə etdi
ki, şagirdlərə adətən yay tapşırığı olaraq növbəti
sinifdə proqramda nəzərdə tutulan yazıçıların əsərlərini
oxumağı tövsiyə edir.
Məktəb
kitabxanalarında vəziyyət necədir?
Usaqların mütaliəyə marağının artırılmasında məktəb
kitabxanaları da əhəmiyyətli rol oynayır. Olduğumuz hər
3 təhsil müəssisəsinin kitabxanalarında da demək olar
ki, kitab çeşidi zənginliyi var.
Azərbaycan və rus bölmələri üzrə ümumilikdə 1143
nəfər şagird kontingenti olan Bakı Avropa Liseyinin
kitabxanasında 26461 kitab var ki, onlardən da 3086-sı
bədii ədəbiyyatdir. Kitabxananın müdiri Sevda Cəfərova
bildirdi ki, liseyin 1143 şagirdindən 40 faizi yay
tətili dövründə kitabxanaya müraciət edib. Bunların da
əksəriyyəti orta siniflərdə təhsil alanlardır.
2450 şagirdin təhsil aldığı 132-134 nömrəli təhsil
kompleksinin kitabxanasında da istər sagirdlərin,
istərsə də müəllimlərin tələbatını ödəyəcək kifayət
qədər ədəbiyyat (55129 kitab) var. Onlardan 11731-ni
bədii ədəbiyyat təşkil edir. Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin "Azərbaycan dilində latın
qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi
haqqında" 12 yanvar 2004-cü il tarixli sərəncamı ilə
nəşr olunan kitablardan 6024-ü bu məktəbə hədiyyə
olunub.
Kitabxana müdiri Əminə Xatunovanın verdiyi məlumatdan o
da aydın oldu ki, yay tətili dövründə kompleksin X-XI
siniflərində təhsil alan 200-ə qədər şagirdin cəmi 25
nəfəri kitabxanaya bədii ədəbiyyat üçün müraciət edib.
2600-dən artıq sagird kontingenti olan 67 nömrəli tam
orta məktəbin kitabxanasının 1100 oxucusu var.
Kitabxana müdiri Həmayıl Hacıyevanın sözlərinə görə,
onların arasında ən böyük üstünlüyü aşağı və orta
siniflərin şagirdləri təşkil edir. Yuxarı siniflərdə bu
göstərici zəifdir. Aydın oldu ki, yay tətili dövründə
kitabxanaya 530 sagird bədii ədəbiyyat üçün müraciət
etmişdir ki, onların də əksəriyyəti aşağı sinif
şagirdləridir. Bu məktəbdə də 300-dən çox X-XI sinif
şagirdindən yay tətili dövründə təxminən 40-a yaxını
kitabxanaya müraciət edib.
Bəs bu haqda mütəxəssislər nə fikirdədir?
Əjdər
AĞAYEV,
pedaqoji elmlər doktoru, professor
Bədii ədəbiyyat uşaqların şəxsiyyət kimi formalaşmasında
mühüm vasitələrdən biridir. Kiçik yaşlardan onların
yaşlarına və maraqlarına uyğun ədəbiyyatla tanış
olmaları onlarda həyat hadisələrinə, insanlara, təbiətə
böyük maraq yaradır.
Bədii əsərlərdəki obrazlar, psixoloji hallar,
hadisələrin inkişafı uşaqların dünyagörüşünü
genişləndirdiyi kimi, məlumatlarını da artırır.
Şagirdlər təlim prosesində öyrəndiklərini bədii
ədəbiyyatı oxuyub təhlil edərkən bir daha
təsdiqləyirlər. Ona görə də uşaqların kamilləşməsinə,
bədii-estetik zövqünün inkişafına təsir edən bədii
ədəbiyyatın oxunması tədris proqramlarına daxil
edilməli, sistemli və müntəzəm şəkildə həyata
keçirilməlidir.
Ənvər
ABBASOV,
Təhsil Problemləri İnstitutunun direktor müavini
Şifahi və yazılı ünsiyyət şəxsiyyətin mühüm
atributlarından olan mədəniyyətlərdir. Bunlar özündə
dinləyib- anlama, danışma, oxu, yazı mədəniyyətlərini
ehtiva edir. Biz gələcəkdə cəmiyyəti irəliyə apara bilən
övladlarımıza bu mədəniyyətləri aşılamalıyıq. Bu
mədəniyyətin aşılanması yollarından və vasitələrindən
biri də mütaliədir. Təbii ki, müasir insan üçün son
dərəcə zəruri olan bu bacarıqların formalaşdırılmasının
ağırlıq mərkəzi daha çox məktəbin, təhsil
müəssisələrinin üzərinə düşür.
Təhsil islahatları dövründə bu məsələlərin müzakirəsi
həmişə gündəmdə olub və yeni təhsil proqramlarının
(kurikulumların) hazırlanmasında metodoloji əsas kimi
nəzərə alınıb. İstər Nazirlər Kabinetinin təsdiq etdiyi
milli səviyyəli səriştələrdə (kompetensiyalarda),
istərsə də siniflər üzrə standartlarda şagirdlərin oxu
və yazı bacarıqlarını inkişaf etdirməklə onu dəyərə
(oxu mədəniyyətinə, yazı mədəniyyətinə) çevirmək başlıca
hədəf kimi müəyyənləşdirilib. Azərbaycan dili fənni üzrə
"Oxu" və "Yazı", ədəbiyyat fənni üzrə "Ədəbiyyat və
həyat", "Şifahi nitq", "Yazılı nitq" məzmun xətləri üzrə
qruplaşdırılmış standartların başlıca funksiyası, məhz
oxu və yazı bacarıqlarının formalaşdırılmasına xidmət
göstərməkdən ibarətdir. Əgər digər fənlərin təlimi
prosesindəki oxu və yazı fəaliyyətləri və şagirdlərin
özlərinin müstəqil mütaliəsi də buraya əlavə edilmiş
olarsa, o zaman yalnız ümumi təhsildə oxu və yazı
mədəniyyətlərinin formalaşması üçün xeyli əlavə
imkanların yaradıldığı aydın görünər.
Standartların reallaşdırılması, oradakı tələblərin
yerinə yetirilməsi səviyyəsi müəllimin özünün tədris
fəaliyyətini planlaşdırmasından, fəaliyyət kurikulumunu
hazırlamasından çox asılıdır. O, buna nail olmaq üçün
kurikulum və dərslik komplektini nəzərdən keçirməli,
şagirdlərini standartların tələbinə uyğun inkişaf
etdirmək üçün planlaşdırma aparmalı, oxu və yazı üzrə,
o cümlədən mütaliə üçün zəruri hesab etdiyi müxtəlif
üslublarda olan ədəbiyyatları müəyyənləşdirməlidir.
Asif
CAHANGİROV,
əməkdar müəllim, təhsil eksperti
Mütaliənin əhəmiyyətini, vacibliyini daim mütaliə
edənlər dərk edir və başa düşür. Bir çox gəncimizin,
eləcə də, açığını deyək, sayı o qədər də az olmayan
pedaqoji işçilərin bədii ədəbiyyata, müxtəlif növ
elmi-kütləvi, elmi-pedaqoji kitablara maraq
göstərməməsi məni həmişə narahat etmişdir. İstər
müəllimlər, istər valideynlərlə görüşlərdə, istərsə də
ictimaiyyət arasında vurğulamışam ki, mütaliə inkişaf,
öz üzərində daim işləmək deməkdir və mütaliə edənlər öz
erudisiyası, geniş bilik və mükəmməl kompetensiyaları,
karyera inkişafı ilə həmişə ətrafdakılardan seçilir.
Bəziləri düşünür ki, indiki kompüter, informasiya
dövründə mütaliədən danışanda söhbət yalnız nəşr olunmuş
kitablardan gedir. Əslində elektron vasitələri mütaliə
üçün daha geniş imkanlar açmış, əlverişli şərait
yaratmışdır.
Sözsüz ki, məktəblilərimizin mütaliəyə şüurlu və
sistemli şəkildə yanaşması üçün Təhsil Nazirliyinin,
Təhsil Problemləri İnstitutunun dəstəyinə ehtiyac
vardır. İlk növbədə, mövcud çap məhsulları və elektron
resurslarının dərin təhlili aparılmaqla, müxtəlif yaş
qrupları üzrə tövsiyə edilən ədəbiyyatın siyahısı
hazırlanmalıdır. Məsələn, elektron resursları, bədii
ədəbiyyatın əhəmiyyətliliyini nəzərə almaqla fənlər üzrə
sinifdənxaric oxu üçün 250-300 kitab müəyyənləşdirib
2-3 illik proqram hazırlamaq olar. İnformasiyanın daim
çoxaldığını nəzərə alsaq hər il üçün hər bir fənn üzrə
10-15 adda ən mühüm sayılan bədii, elmi-kütləvi
ədəbiyyatı, mütəfəkkir və alimlərin həyatı, fəaliyyəti,
yaradıcılığı haqqında olan kitabları, bioqrafik
əsərləri seçib mütaliə üçün tövsiyə etmək məqsədəuyğun
olardı.
Yalnız mütaliə deyil, həmin prosesin məktəb rəhbərliyi
və müəllimlər, eləcə də təhsili idarəetmə orqanları
tərəfindən sistemli idarəolunmasının, onun
monitorinqinin vacibliyini də vurğulamaq istərdim. Yəni,
əgər biz məsələnin əhəmiyyətini dərk ediriksə, ona bir
kampaniya kimi, formal yanaşılmamalıdır. Bunu,
məsələn, hər bir əsər üzrə inşaların yazdırılması,
diskussiyaların təşkil olunması, valideynlər də cəlb
olunmaqla hansısa kütləvi tədbirlərin keçirilməsi və ya
başqa şəkildə etmək olar.
Bununla biz nə qazanırıq?
İlk növbədə, şagirdlərdə oxu zövqünü formalaşdırmaqla
bərabər özlərinin inkişafına marağı artırırıq. İkincisi,
müxtəlif sahələrdə biliklərini dərinləşdiririk, tədqiqat
fəaliyyətini yüksəldir və inkişaf etdiririk. Biz onlarda
elə zövq formalaşdırırıq ki, sonralar özləri kitab
seçərkən artıq müqayisələr aparmaq onlara asan olur.
Məsələn, Nizamini, Şekspiri, Heminqueyi, Tolstoyu,
Hüseyn Cavidi, Çingiz Aytmatovu oxuyan, onların
əsərləri əsasında formalaşan gənc hansısa eybəcər və
bayağı əsərləri artıq vərəqləməyəcək, ciddi məna kəsb
etməyən elektron saytlarına daxil olmayacaq. Bu
dahilərin əsərləri ilə tanış olan adam primitiv
ədəbiyyatı oxumayacaqdır.
Eyni zamanda biz internet resurslarından elm, bədii
ədəbiyyat sahəsində saytları uşaqlara verəndən və onlar
bu internet saytlarından istifadə edəndən sonra onların
lüzumsuz saytlara meyli də azalacaqdır.
Hazırladılar:
Yusif ƏLİYEV,
Samirə KƏRİMOVA,
"Azərbaycan müəllimi" |