Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU)
fəaliyyət göstərən MBA proqramı təhsilin keyfiyyət
göstəricilərinin Avropa standartlarına uyğunlaşdırılması
istiqamətində yeniliklərin tətbiqinə başlayıb.
Universitetin ictimaiyyətlə əlaqələr şöbəsindən
AzərTAc-a bildiriblər ki, yeniliklərə uyğun olaraq
proqramın Əsasnaməsi yenidən tərtib olunub. Tədris
Konsepsiyası isə Avropa standartlarına uyğunlaşdırılıb.
MBA proqramı üzrə tədris planı müasir təhsilin əsas
tələblərini özündə əks etdirib. Əvvəllər proqram üzrə 21
fənn tədris edilirdisə, yenilənmiş plana əsasən
magistrlər 11 əsas və 3 seçmə ixtisas fənni üzrə təhsil
alacaqlar.
Universitetin MBA proqramı üzrə fənlər ADİU-nun və eyni
zamanda, digər ali məktəblərin professor-müəllimləri,
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici
ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində
təhsil almış və öz ixtisası üzrə peşəkar fəaliyyət
göstərən məzunlar tərəfindən tədris olunacaq.
MBA proqramının hər bir ixtisası haqqında geniş
məlumatın əks olunduğu bukletlər Azərbaycan, ingilis və
rus dillərində çap olunub. |