Bakı Dövlət Universitetinin kimya fakültəsinin I kurs
magistrantı Ələkbər Hüseynzadə və bakalavr pilləsinin IV
kurs tələbəsi Mircavid Ağayev Rusiya Federasiyasının
Novosibirsk şəhərində keçirilən tələbələrin,
magistrantların və aspirantların "Kimyəvi və bioloji
fizikada maqnit rezonansı, eləcə də maqnit hadisələri"
mövzusunda III Beynəlxalq konfransında iştirak ediblər.
Ələkbər Hüseynzadə "Bəzi asetofenon törəmələrinin məhlul
sistemlərinin NMR metodu ilə tədqiqi", Mircavid Ağayev
isə "Bəzi alkenilfenol törəmələrinin məhlul
sistemlərinin NMR metodu ilə tədqiqi" mövzularında
ingilis dilində məruzə ilə çıxış ediblər. Amerika,
Almaniya, Kanada, Yaponiya, Niderland və dünyanın digər
kimya elmi məktəblərinin təmsil olunduğu bu konfransda
MDB-dən Rusiya Federasiyasının və Azərbaycanın təmsil
olunması həm təhsilimizin, həm də Bakı Dövlət
Universitetinin uğurudur.
Qeyd edək ki, Bakı Dövlət Universitetinin kimya
fakültəsinin nəzdində 2002-ci ildən beynəlxalq
standartlara cavab verən Nüvə Maqnit Rezonansı (NMR)
laboratoriyası fəaliyyət göstərir. Laboratoriya
yarandığı gündən müxtəlif məhlul sistemlərində baş verən
dinamik proseslərin, maddə quruluşunun öyrənilməsinə aid
işlər aparılıb, əldə olunan nəticələr dünyanın "Magnetic
Resonance in Chemistry", "Applied Magnetic Resonance",
"Central Europian Journal of Chemistry", "Jurnal
Fiziçeskoy Ximii", "Jurnal Orqaniçeskoy Ximii" və s.
kimi nüfuzlu jurnallarında çap edilib. Laboratoriyanın
rəhbəri kimya elmləri doktoru, professor İbrahim
Məmmədov dəfələrlə Azərbaycanı, Bakı Dövlət
Universitetini beynəlxalq tədbirlərdə təmsil edib.
Fəaliyyəti dövründə laboratoriya dünyanın bir sıra
aparıcı elm mərkəzləri ilə əlaqələr yarada bilib.
Mətbuat və informasiya şöbəsi |