Azərbaycan
Dövlət İqtisad Universiteti Elmi Şurasının 2014/2015-ci
tədris ili üçün ilk iclası keçirilib.
İclasda universitetin rektoru, professor Ədalət Muradov
ölkədə ilk dəfə yaradılan SABAH qruplarında 7 baza ali
təhsil müəssisəsi arasında ADİU-nun I yerdə dayandığını
bildirib. SABAH qruplarına müraciət edən tələbələrin
üçdə birinin Azərbaycan Dövlət İqtisad Universitetini
seçdiyini deyən rektor əlavə edib ki, bu, ali təhsilin
sabahıdır. Buna görə də ADİU SABAH gənclərinin təhsil
alacağı auditoriyalara fərqli yanaşıb. Rektor bildirib
ki, universitetimizi necə görmək istəyiriksə, o modeli
ilk olaraq "SABAH"da yaratmışıq. SABAH üçün yaradılan
şərait bütün universitetə şamil olunacaq.
Elmi Şurada ADİU-da kadr potensialını artırmaq məqsədilə
görülən işlərdən də danışılıb. Bildirilib ki,
universitetin "İşçilərin işə qəbulu və yerdəyişməsi"
komissiyasına 309 nəfər müraciət edib. Onlardan 75
nəfərinin vəzifəsi artırılıb, 20 nəfərə yaxın xaricdə
təhsil almış ərizəçi işə götürülüb. Bu sahədə işin davam
etdiriləcəyi qeyd olunub.
İclasda oktyabrın 1-dən etibarən ADİU əməkdaşlarının
əməkhaqqlarının 15% artırıldığı bildirilib.
Universitetin maliyyə bazası artdıqca əməkhaqlarının
daha da yüksələcəyi vurğulanıb. 10 nəfər 75-80
yaşlı dosentin könüllülük prinsipi əsasında təqaüdə
çıxacağı təqdirdə, birillik əməkhaqlarının həmin
gün onlara təqdim olunacağı bildirilib.
Şura üzvləri Xüsusi İstedadlar fakültəsinin 74
tələbəsinin 275 min manat həcmində yığılmış təhsil haqqı
borcunu da müzakirə ediblər. Qərara alınıb ki, bu borc
ADİU-nun vəsaiti hesabına ödənilsin.
Tədbirdə ümumi iqtisadiyyat fakültəsinin adının
dəyişdirilərək iqtisadiyyat və sənaye fakültəsi
adlandırılması təklif olunub. Təklif səsə qoyularaq
qəbul edilib.
İclasda iyun ayından tələbələrin və universitet
əməkdaşlarının müzakirəsinə verilən "İşçilərin
universitetdaxili intizam qaydaları" ilə "Tələbələrin
universitetdaxili intizam qaydaları" qəbul edilib. Bu
qaydalar sentyabrın 22-dən qüvvəyə minib.
Elmi Şurada həmçinin ilin sonuna qədər universitetin
ştat cədvəlinin hazırlanması, vətəndaşlarla işin daha da
təkmilləşdirilməsi müzakirə olunub. Qərara alınıb ki,
prorektorların qəbul günləri müəyyən olunaraq
universitetin saytında yerləşdirilsin.
Şurada MBA-nın Magistratura Mərkəzindən ayrılaraq
departament kimi fəaliyyət göstərməsi səsə qoyularaq
qəbul edilib.
İctimaiyyətlə əlaqələr şöbəsi |