Bakıdakı
23 nömrəli tam orta məktəbdə "Ağıllı tədris otağı"
layihəsi çərçivəsində İKT avadanlıqları ilə təmin
olunmuş tədris otağının açılış mərasimi keçirildi.
Mərasimdə təhsil nazirinin müavini Ceyhun Bayramov,
Koreyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli
səfiri Çoi Suk-in və Koreya Respublikasının "SK Telekom"
şirkətinin və KİV nümayəndələri iştirak edirdi. Qeyd
edək ki, 23 nömrəli tam orta məktəbdə yaradılmış tədris
otağı 30 planşet, 1 proyektor, 1 desktop server və 1
noutbukla təchiz olunub. "Ağıllı tədris otağı"nda dərs
deyən müəllimlər "Microsoft Azərbaycan" şirkəti
tərəfindən "1 şagird: 1 kompüter" modeli üzrə təlimdən
keçib. "Microsoft Azərbaycan" şirkəti layihə
çərçivəsində təqdim olunan avadanlıqları müvafiq
proqramlarla da təmin edib. Bununla yanaşı, Təhsil
Nazirliyi tərəfindən təqdim olunmuş elektron versiya
əsasında 6-cı sinif şagirdləri üçün nümunə kimi ingilis
dili rəqəmsal dərsliyi və elektron məzmun hazırlanıb.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Yuliya
Kərimova yeni tədris otağının yaradılmasının təhsil
müəssisəsinin həyatında əlamətdar hadisə olduğunu dedi.
Layihədə əməyi keçən hər kəsə minnətdarlığını bildirən
direktor layihədən maksimum dərəcədə faydalanacaqlarını
nəzərə çatdırdı.
Tədbirdə çıxış edən təhsil nazirinin müavini Ceyhun
Bayramov mərasim iştirakçılarını salamlayaraq Təhsil
Nazirliyi adından layihəni ölkəmizdə reallaşdıran "SK
Telekom" şirkətinə və Sunqşin Universitetinə təşəkkürünü
bildirdi. Qeyd edildi ki, təhsilin keyfiyyətinin
yüksəldilməsi məqsədi ilə müasir texnologiyalara
əsaslanan infrastruktura malik təhsil sisteminin
yaradılması mühüm əhəmiyyət daşıyır.
Koreyanın ölkəmizdəki səfiri Çoi Suk-in layihənin
əhəmiyyətindən danışdı. Qarşılıqlı əməkdaşlığa verdiyi
dəstəyə görə Azərbaycan Respublikasının Təhsil
Nazirliyinə minnətdarlığını bildirdi.
Sonra iştirakçılar "Ağıllı tədris otağı"nda məktəbin
müəllimi Vəfa Zeynalovanın 6-cı sinif şagirdlərinə
keçdiyi dərsi izlədilər.
Niyazi RƏHİMOV,
"Azərbaycan müəllimi" |