Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 22-də
İsmayıllıda Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa
olunan körpələr evi-uşaq bağçasının açılışında iştirak
edib.
Dövlətimizin başçısı körpələr evi-uşaq bağçasının rəmzi
açılışını bildirən lenti kəsdi.
Məlumat verildi ki, körpələr evi-uşaq bağçası 120
yerlikdir. Ümumi ərazisi 520 kvadratmetr olan körpələr
evi-uşaq bağçası ən müasir tələblər səviyyəsində inşa
olunub. Burada tibb otağı, zəruri qurğular və oyuncaqlar
ilə təchiz edilmiş idman zalı var. 120 yerlik
yeməkxanada da balacaların normal qidalanmaları üçün
bütün imkanlar yaradılıb. Binadakı yataq və oyun
otaqları da uşaqların zövqünə uyğun tərtib edilib. Bir
sözlə, burada uşaqların təlim-tərbiyəsi və gələcəyin
sağlam vətəndaşları kimi yetişmələri üçün hər cür
şərait var. Uşaqların günün əsas hissəsini burada
keçirmələri nəzərə alınaraq bu məktəbəqədər təhsil
müəssisəsində onların təlim-tərbiyəsinin keyfiyyəti,
hökm sürən ab-hava vacib amillər kimi əsas götürülüb.
Balacaların intellektual, fiziki və əqli inkişafı,
onların istedad və qabiliyyətlərinin üzə
çıxarılması, sağlamlıqlarının qorunması diqqət
mərkəzində saxlanılır. Bu amillərə körpələr evi-uşaq
bağçasında xüsusi diqqət yetirilib. Körpələr evi-uşaq
bağçasının ərazisinə dekorativ hasar çəkilib, oyun
meydançaları yaradılıb. Bina ən müasir
infrastrukturla təchiz edilib.
Görülən bütün bu işlər bir daha təsdiqləyir ki, dünyada
xoş məramı, xeyirxah işləri ilə seçilən Heydər Əliyev
Fondunun prezidenti Mehriban Əliyeva gələcəyimiz olan
uşaqlara xüsusi diqqətlə yanaşır, onların sağlam,
bilikli, savadlı və intellektli olmaları üçün əlindən
gələni edir. Son illərdə Fondun prezidenti Mehriban
Əliyevanın təşəbbüsü ilə paytaxtla yanaşı,
bölgələrimizdə də bir çox uşaq tərbiyə və təhsil
müəssisələrində əsaslı təmir və yenidənqurma işləri
aparılıb, yeni uşaq bağçaları tikilib. Belə layihələrin
icrasında əsas məqsəd məktəbəqədər təhsildə əvvəllər
mövcud olan çatışmazlıqların aradan qaldırılması idi və
buna da nail olunur. Heydər Əliyev Fondu bu sahədə
mövcud çatışmazlıqların aradan qaldırılması üçün yeni
bir layihəyə start verib. "Məktəbəqədər təhsil
müəssisələrinin inkişafı" proqramı ictimaiyyətə təqdim
edilib. Bütün bu addımlar isə Azərbaycanın uğurlu
gələcəyinə hesablanıb.
AzərTAc |