Sentyabrın 16-da Bakı Şəhər Mədəniyyət və Turizm
İdarəsinin dəstəyi, Cəfər Cabbarlı adına Mədəniyyət, Elm
və Təhsilin İnkişafına Yardım İctimai Birliyi və ədibin
ev-muzeyinin təşkilatçılığı ilə Cəfər Cabbarlı
mükafatının 2014-cü il üzrə laureatlara təqdim olunması
mərasimi keçirildi. Mərasimi ədibin həyat və
yaradıcılığının tədqiqatçısı, filologiya elmləri doktoru
Asif Rüstəmli açaraq mükafatın təsis olunması tarixi ilə
bağlı danışaraq məlumat verdi. Mükafat ilk dəfə
dramaturqun ev-muzeyinin layihəsi əsasında Cəfər
Cabbarlı adına Mədəniyyət, Elm və Təhsilin İnkişafına
Yardım İctimai Birliyinin və BP neft şirkətinin
sponsorluğu ilə 2001-ci ildə təsis edilib. Həmin ildən
bir çox elm, sənət adamları bu mükafata layiq
görülüblər. Yazıçılar Birliyinin sədri, xalq yazıçısı
Anar çıxış edərək Cəfər Cabbarlının zəngin ədəbi irsi
haqqında fikirlərini bölüşdü. Yazıçılar Birliyinin sədr
müavini Nazim İbrahimov, qurumun katibi İlqar Fəhmi,
Türkiyənin Fırat Universitetinin dosenti Süleyman Kaan
Yalçın və digər çıxış edənlər Cəfər Cabbarlının
ədəbi-mədəni irsinin Azərbaycan tarixindəki
əhəmiyyətindən danışdılar. İştirakçıların nəzərinə
çatdırıldı ki, məktəblilər arasında da Cəfər Cabbarlı
irsi ilə bağlı məqalə müsabiqəsi keçiriləcək.
Sonra mükafatlar sahiblərinə təqdim edildi. Kino, teatr,
ədəbiyyatşünaslıq və jurnalistika sahəsində Cəfər
Cabbarlı irsinin təbliğində xidməti olanlar
mükafatlandırıldılar. Mükafat ədəbiyyat nominasiyasında
filologiya elmləri doktoru və professorlar Gülşən
Əliyeva-Kəngərli, Himalay Qasımov, Tahirə Məmməd,
Fikrət Rzayev, Azərbaycan klassik ədəbiyyatının gənc
nəslə təbliğində xidmətlərinə görə Xatirə Həşimzadəyə
(Xızı şəhəri) verildi. Azərbaycan-Türkiyə ədəbi-mədəni
əlaqələrinin inkişafında xidmətlərinə görə Fırat
Universitetinin doktoru Süleyman Kaan Yalçına mükafatın
xüsusi diplomu təqdim edildi. Təqdimatın sonunda muzeyin
direktoru Qəmər Seyfəddinqızı çıxış edərək mükafat
alanları təbrik etdi.
Könül NƏHMƏTOVA,
"Azərbaycan müəllimi" |