Biz müsabiqədə yer tutacağımıza iddialı idik
Ayla
ƏLİYEVA,
Qax şəhər 3 nömrəli tam orta məktəbin X sinif
şagirdi
- Beynəlxalq müsabiqəyə təqdim etdiyimiz
"Rekreasiyanın artmasının meşələrə mənfi təsiri"
mövzusunda layihənin əsas məqsədi istirahət
zonalarında meşənin ekoloji vəziyyətinin
pisləşməsinə ictimaiyyətin diqqqətini cəlb
etməkdən və istirahət edənlər arasında meşələrin
davamlı istifadəsinin təbliğ edilməsindən ibarət
idi.
Hazırladığımız təqdimatda Qax rayonunun təbii
gözəllikləri, mədəni-tarixi abidələri tərənnüm
olunmaqla yanaşı, son illərdə istirahətə
gələnlərin sayının artması xüsusi qeyd olundu.
İstirahət mərkəzlərində turistlər üçün təşkil
edilən ekskursiyalarla yanaşı, fərdi şəkildə
istirahət edənlərin meşənin ekoloji vəziyyətinə
təsirinin müqayisəli şəkildə təhlilini apardıq.
Sxemlər, diaqramlar və cədvəllər vasitəsilə
aparılan tədqiqatların nəticələrini nümayiş
etdirdik.
Təqdimatımızda turizm səfəri üçün yaradılan
meşə cığırının əhəmiyyəti və marşrutu barədə də
ətraflı bəhs etdik. Eyni zamanda tullantıların
və meşə yanğınlarının qarşısını almaq üçün
gənc meşəçilərin gördükləri işlərdən, bununla
əlaqədar həyata keçirdiyimiz tədbirlər,
istirahət edənlər arasında apardığımız təbliğat
və maarifləndirmə işləri haqqında məlumatlarımız
müsabiqənin münsiflər heyəti və iştirakçılar
tərəfindən rəğbətlə qarşılandı.
Biz onların mövzu ilə bağlı çoxsaylı suallarını
da cavablandırdıq. Antropogen təsirləri azaltmaq
üçün verdiyimiz təkliflərin və meşənin
bərpasında əldə edilən müsbət nəticələrin digər
regionlarda tətbiq olunması tövsiyə olundu.
Onu da qeyd edim ki, mən də, Vüsalə də
müsabiqədə yer tutacağımıza iddialı idik. Çünki
müsabiqəyə ciddi şəkildə hazırlaşmışdıq.
|