İsveçrənin
Lozanna Federal Texnologiya Məktəbində magistr təhsili
alan İlqar Ramazanlı ilə söhbət
İlqar Ramazanlı 1992-ci ildə Bakı şəhərində anadan
olub. 2009-cu ildə Bakı Özəl Türk Liseyini bitirib.
Bakalavr təhsilini Türkiyənin Ankara şəhərində -
Orta Doğu Texnik Universitetinin kompüter
mühəndisliyi və riyaziyyat fakültələrində alıb.
2009-cu ildə Almaniyada keçirilən Beynəlxalq
Riyaziyyat Olimpiadasında bürünc, 2009-cu ilin mayında
Serbiyada keçirilən Balkan Riyaziyyat Olimpiadasında
gümüş, 2009-cu ilin yanvarında Qazaxıstanda Beynəlxalq
Jautıkov Olimpiadasında qızıl, 2012-ci ildə
Bolqarıstanda tələbələr arasında keçirilən Beynəlxalq
Riyaziyyat Müsabiqəsində qızıl medala layiq görülüb.
Bundan başqa, 2011-2012 -ci illərdə Rumıniya,
Ukrayna, İspaniyada tələbələr arasında beynəlxalq
proqramlaşdırma müsabiqələrində də fərqlənib. Hazırda
"Azərbaycan gənclərinin 2007-2015-ci illərdə xarici
ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində
İsveçrənin Lozanna Federal Texnologiya Məktəbində
(Ecole Polytechnique de l'Universite de Lausanne -
EPFL) riyaziyyat üzrə magistr təhsili alır.
- Orta məktəb illərində daha çox hansı fənlərə maraq
göstərirdiniz?
- Məktəb illərində daha çox riyaziyyat fənninə maraq
göstərmişəm. Bu fənn üzrə bir neçə fənn
olimpiadalarında iştirak etmişəm. 2007-ci ildə
Respublika riyaziyyat fənn olimpiadasında II, 2008-ci
ildə III yeri tutmuşam. Bundan əlavə, "YOS" Türkiyə
universitetlərinə qəbul imtahanında 80 suala 80
doğru cavab verərək birincilərdən olmuşam. İxtisas
seçimimə isə daha çox riyaziyyata olan marağımın
köməyi olub.
- Olimpiadaların şagirdlərin təhsilində və gələcək
karyerasında rolunu necə qiymətləndirirsiniz?
- Olimpiadalar şagirdlərin orta məktəbdən artıq ciddi
şəkildə elmlə məşğul olmasına fürsət yaradır. Buna
görə də olimpiadaların şagirdlərin təhsilində çox
ciddi yeri olduğunu vurğulamaq istəyirəm. Lakin elm
yolunda irəliləyən bir insanın sadəcə
olimpiadalarla kifayətlənməsi, özünü yalnız yarışmalarla
məhdudlaşdırmasının çox doğru olmadığını düşünürəm.
Ali təhsil və bundan sonrakı pillələrdə
qarşılaşacağımız tədqiqat problemlərinin də ən azı
olimpiadalar qədər əhəmiyyətli olduğunu vurğulamaq
istəyirəm. Bəzən olimpiadalarda çox da böyük uğur
qazana bilməyən, lakin elmi tədqiqatlarda böyük
uğurlara imza atmış alimlərə də rast gəlmək
mümkündür. Buna görə də olimpiadalarda böyük uğur
qazanmayan şagirdlərin heç də ruhdan düşməsinə
ehtiyac olmadığını düşünürəm.
- Xaricdə təhsil almağa necə qərar verdiniz?
- Xaricdə təhsil almaq istəyimdə bir neçə amil başlıca
rol oynadı. İlk öncə onu vurğulayım ki, məndən bir
yaş böyük olan qardaşım Əhməd də Ankaraya ODTU-da
təhsil almağa getmişdi. Bundan əlavə, təhsil aldığım
dövrdə lisey yoldaşlarımın çoxu xaricdə təhsil almağa
maraq göstərirdi. Beləliklə də mən də bakalavr
təhsilimi Ankarada ODTU-da almağa qərar verdim.
ODTU-dakı təhsilimi başa çatdırdıqdan sonra isə
təhsilimi Avropada elmin daha da inkişaf etdiyi bir
universitetdə davam etdirməyi özüm üçün qətiləşdirdim.
Hazırda buraya gəlməyim də Dövlət Proqramının dəstəyi
ilə həyata keçirilir. Bu proqram Azərbaycanın ən
istedadlı gənclərinin xarici ölkələrin nüfuzlu
universitetlərində dərin bilik və təcrübə qazanmasına
imkan yaradır. Mən Dövlət Proqramı çərçivəsində
tələbələrin seçim prosesini çox bəyənirəm.
- Ölkəmizdə təhsil sahəsində aparılan islahatlara
münasibətiniz...
- Azərbaycan təhsilində baş verən son müsbət
dəyişikliklərlə bağlı demək istərdim ki, xaricdə təhsil
almaq üçün tələbələrə hərtərəfli dəstək göstərilməsi
həqiqətən də çox faydalı və sevindirici bir
amildir. Bir çox xidmət növlərinin
elektronlaşdırılması da Təhsil Nazirliyinə müraciət
edən insanların işlərinin asanlaşmasına kömək edir.
Bir Azərbaycan vətəndaşı olaraq təhsilimizdə bu cür
inkişafı, mütərəqqi addımları görmək bizlərə çox xoş
təsir bağışlamaqdadır.
- Tələbə həyatınız necə keçir?
- Açıq desəm, tələbə həyatım əsasən dərs oxumaqla keçir.
Çox nadir hallarda isə dostlarımla futbol oynamağa
fürsət tapa bilirəm, lakin hər fürsət düşdükcə yeni bir
ölkəyə - səyahət etməyi, tanımadığım ölkələri
gəzib-görməyi çox sevirəm.
- Azərbaycan diasporası ilə əlaqələriniz. Ölkəmizi,
mədəniyyətimizi uzaq ölkədə təmsil edə bilirsinizmi?
- Azərbaycanın İsveçrədəki səfirliyi Bern şəhərində
yerləşir. Səfirliyimiz ölkədəki bütün
azərbaycanlıları qeydiyyata alaraq bayramlarda, müxtəlif
tədbirlərdə tələbələri və digər həmvətənlərimizi bir
araya gətirir. Ümid edirik ki, mədəniyyətimizi
yetərincə təmsil edə bilirik. İsveçrədə Azərbaycana
olan münasibət isə normaldır, ölkəmizi tanıyan,
mədəniyyətimizə maraq göstərən insanlar az deyil.
- Xaricdə təhsilin hansı üstünlüklərini qeyd edə
bilərsiniz?
- İlk öncə, xaricdə təhsil almaqla beynəlxalq təhsil
sistemlərində nələrin öyrənildiyi ilə tanış olmaq
mümkündür. Hansı yeni texnologiyalar öyrənilir, hansı
yeniliklər üzərində çalışmalar aparılır. Bütün bunlarla
tanışlığın zəruri olduğunu və əhəmiyyət kəsb etdiyini
vurğulamaq istərdim. Bundan əlavə, bir çox fərqli
millətlərdən olan qrup yoldaşlarım vasitəsi ilə
müxtəlif mədəniyyətlər ilə də tanış olmaq mümkündür.
- Oxuduğunuz ali məktəb barədə məlumat verərdiniz...
- Oxuduğum universitet ( EPFL) İsveçrədə yerləşən
texniki ixtisaslar sahəsində dünyanın ən güclü
universitetlərindən biridir, əsası 1853-cü ildə
qoyulub. Universitetdə müəllim-tələbə münasibətlərinin
çox mehriban olduğunu vurğulaya bilərəm. Mənə dərs
deyən professorlardan Janos Pachın (kombinatorlu
həndəsə), Emre Telataın (informasiya nəzəriyyəsi),
Friedrich Eisenbrandın (kombinatorial optimallaşdırma)
adlarını çəkə bilərəm, onlarla istənilən məsələ ilə
əlaqədar danışa bilərsən. Bu şəxslərin hər biri öz
tədqiqatları ilə dünyanın ən məşhur
professorlarındandır.
Bizim universitetdə dünyanın müxtəlif ölkələrindən
çoxlu sayda tələbə təhsil alır. Qeyd etməliyəm ki,
universitetdə əcnəbi tələbələrə münasibət çox gözəldir,
hər bir əcnəbi tələbə bir mədəniyyətlə tanışlıq
deməkdir. Universitetdə əsasən dərslər bitdikdən sonra
2-3 həftəlik bir fasilə olur. Həmin müddət ərzində
tələbələr semestr müddətində öyrəndikləri bilikləri
yeniləşdirə bilərlər. Bu fasilədən sonra isə imtahan
sessiyası başlayır. İmtahanlar bəzən yazılı, bəzən isə
şifahi şəkildə olur.
- Gələcək planlarınız barədə nə deyə bilərsiniz?
- Təhsilimi başa çatdırdıqdan sonra da elm yolu ilə
davam etməyi planlaşdırıram. Hər hansı bir
universitetdə və ya tədqiqat mərkəzində elmi tədqiqatlar
aparmaq niyyətim var. Zənnimcə, riyaziyyat digər elm
sahələri və texnologiyaların inkişafına olan təsirinə
görə istər Azərbaycanda, istərsə də dünyanın digər
ölkələri üçün çox önəmlidir.
Oruc MUSTAFAYEV,
"Azərbaycan müəllimi" |