Sentyabrın
15-də Azərbaycan Dövlət Pedaqoji Universitetində " Bilik
Günü"nə həsr edilmiş tədbir keçirilib. Tədbir
iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin
universitetdəki abidəsi önünə əklil və gül dəstələri
qoyub, xatirəsinə hörmət və ehtiramlarını ifadə ediblər.
Sonra Azərbaycanın Dövlət himni səsləndirilib.
Toplantıda çıxış edən ADPU-nun rektoru, AMEA-nın müxbir
üzvü, əməkdar elm xadimi, professor Yusif Məmmədov
universitetin professor-müəllim heyətini və tələbə
kollektivini yeni tədris ilinin başlanması münasibətilə
təbrik edib.
Yeni dərs ilinin ADPU-nun kollektivi üçün bir sıra
yeniliklərlə əlamətdar olduğunu, bu il universitetə
bütövlükdə 2092 nəfər bakalavr, 340 nəfər isə
magistrant qəbul edildiyini bildirib. Qeyd olunub ki,
yeni tədris ilində ADPU-da riyaziyyat və informatika,
ibtidai təhsilin pedaqogikası və metodikası ixtisasları
üzrə "SABAH" qrupları fəaliyyətə başlayacaq.
Y.Məmmədov yeni qəbul olan tələbələrə universitet
haqqında məlumat verib, onları seçdikləri müəllimlik
peşəsinə mükəmməl yiyələnməyi tövsiyə edib. Rektor
xalqımızın böyük oğlu, ümummilli liderimiz Heydər
Əliyevin strateji inkişaf konsepsiyasını uğurla davam
etdirən Azərbaycan Respublikasının Prezidenti möhtərəm
cənab İlham Əliyevin elm və təhsilə göstərdiyi böyük
qayğı və diqqəti xüsusi qeyd edib. Rektor vurğulayıb ki,
Azərbaycan Prezidenti cənab İlham Əliyevin elm və
təhsili ölkəmizin davamlı inkişaf strategiyasının
prioritet istiqamətlərindən biri elan etməsi bu sahəni
yüksək inkişaf yoluna çıxarıb.
Y.Məmmədov çıxışında son vaxtlar ölkəmizdə təhsil
sahəsində islahatların yeni istiqamətdə aparılması və
keyfiyyətcə yeni mərhələyə daxil olması ilə bağlı
məqamlara geniş yer verib. Təhsil Nazirliyinin
2014-2015-ci tədris ilində qəbul imtahanları zamanı
500-dən çox bal toplayan və ixtisas seçimi zamanı ilk
olaraq müəllimlik ixtisasını seçən 300 abituriyentə 100
manat əlavə təqaüd verilməsi barədəki qərarını yüksək
qiymətləndirib, bunun keyfiyyətli müəllim kadrlarının
hazırlanmasına müsbət təsir göstərəcəyinə ümid etdiyini
deyib.
Tədbirdə çıxış edən tarix fakültəsinin dekanı, professor
Oqtay Sultanov ADPU-nun kollektivini və tələbələri,
xüsusilə də bu il ADPU-ya qəbul olmuş I kurs
tələbələrini və onların valideynlərini təbrik edib,
tələbələrə ali təhsil illərində yüksək intellekt
səviyyəsinə malik vətənpərvər və milli ruhlu pedaqoji
kadrlar kimi yetişməyi arzulayıb.
Mənsur İBRAHİMLİ,
ADPU-nun Mətbuat və informasiya şöbəsinin müdiri |