Ölkəmizin
hər yerində olduğu kimi, Bakının Yasamal rayonundakı
158 nömrəli tam orta məktəbdə də 15 sentyabr - "Bilik
Günü" böyük təmtəraqla qeyd olunub. Tədbiri açan
məktəbin direktori Zemfira Səmədova çıxış edərək
"Bilik Günü" münasibəti ilə bütün şagirdlərə, xüsusən
bu il məktəb həyatına qədəm qoyan birincilərə, onların
valideynlərinə təbriklərini çatdırıb. Əsası ümummilli
lider Heydər Əliyev tərəfindən qoyulmuş milli təhsil
siyasətinin bu gün möhtərəm Prezident İlham Əliyev
tərəfindən uğurla davam etdirildiyini bildirən natiq
Heydər Əliyev Fondunun dəstəyi ilə 2005-ci ildən
başlayaraq "Yeniləşən Azərbaycana yeni məktəb"
layihəsi çərçivəsində 2 min 700 müasir tələblərə
cavab verən yeni məktəb binalarının inşa və ya
təmir olunaraq istifadəyə verildiyini, təhsil
ocaqlarının maddi-texniki bazasının gücləndirildiyini
bildirib.
Ötən tədris ilinin ilk günündə əsaslı təmir və
yenidənqurma işlərindən sonra 158 nömrəli məktəbin
açılışında dövlət başçısı İlham Əliyevin və Heydər
Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın
iştirak etməsini xatırladan Z.Səmədova qeyd edib ki,
ölkə rəhbərliyi tərəfindən təhsilə olan bu diqqət və
qayğı müəllimlərimizi xeyli ruhlandırıb. Məzunların
builki uğurlarından danışan direktor ötən tədris
ilində məktəbi başa vuraraq TQDK imtahanlarında
iştirak etmiş 140 məzundan 99-nun (71 faiz) ölkənin ali
məktəblərinə qəbul olunduğunu diqqətə çatdırıb. Bilik
günü münasibəti ilə bütün şagirdləri və pedaqoji
kollektiv üzvlərini bir daha təbrik edən Z.Səmədova
yeni dərs ilində şagirdlərə daha səylə oxumağı,
vətənpərvər ruhda böyüməyi tövsiyə edib.
Sonra Yasamal Rayon İcra Hakimiyyətinin nümayəndəsi
Elşən Mustafayev, məktəbin ibtidai sinif müəllimi
Zəmləkət Zamanova, məktəbin müəllimlərindən Xatirə
Əsgərova yeni tədris ilinin başlanması münasibətilə
məktəbliləri təbrik edərək onlara qarşıdan gələn yeni
dərs ilində uğurlar arzulayıblar. Məktəbin şagirdləri
müqəddəs müəllimlk peşəsinə həsr olunmuş şeirlər
səsləndiriblər.
Daha sonra Azərbaycan Respublikasının Dövlət himninin
sədaları altında Dövlət bayrağı meydana gətirilib.
"Məktəb illəri" mahnısının ifası ilə şagirdlər növbə
ilə sinif otaqlarına daxil olublar. Məktəbdə yeni dərs
ilinə start verilib.
Oruc MUSTAFAYEV,
"Azərbaycan müəllimi" |