Sentyabrın
15-də Bakıdakı 49 nömrəli "İntellekt" məktəb-liseydə
"Bilik Günü" ənənəvi olaraq təntənəli şəkildə qeyd
olunub. Tədbirdə liseyin direktoru Təhminə Əsədova
qazanılan uğurlardan danışaraq bildirib ki, təhsil
ocağı 1929-cu ildə tikilib və Böyük Vətən müharibəsi
illərində burada təxliyə hospitalı fəaliyyət göstərib.
Dövlət Proqramına uyğun olaraq 2012-ci ildə məktəbin 3
mərtəbəli binası əsaslı təmir olunub, burada müasir
təhsil üçün hər cür şərait yaradılıb. Ətraf ərazidə
yaşayan əhalinin sayının artması ilə əlaqədar məktəbin
həyətində 36 əlavə sinif otağı olan 660 şagird yerlik 3
mərtəbəli yeni tədris korpusu tikilib. Çox sevindirici
haldır ki, həmin il sentyabr ayının 5-də Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev məktəbə
gələrək yeni inşa olunmuş tədris korpusunun və əsaslı
təmir işləri aparılmış köhnə korpusun açılış
mərasimlərində iştirak edib. Bu gəliş məktəb kollektivi
üçün çox əlamətdar bir hadisə olub. Məktəbə olan diqqət
və qayğı pedaqoji kollektivi daha yaxşı işləməyə,
vətənimiz üçün savadlı və vətənpərvər nəslin
yetişdirilməsi işində uğurla çalışmağa sövq edib.
Məktəb barədə məlumat verən T.Əsədova onu da qeyd edib
ki, hazırda məktəb-liseydə 1459 şagird təhsil alır,
onlara 129 nəfər müəllim dərs deyir. Bu il 209 nəfər
uşaq birinci sinfə qəbul olunub. 2013-2014-cü dərs
ilində məktəb-liseyi 73 nəfər məzun bitirib və onların
44 nəfəri tələbə adını qazanıb. Məzunların 2 nəfəri
qəbul imtahanlarında 600, 1 nəfəri isə 650-dən çox bal
toplayıb. Eyni zamanda 4 nəfər məzun isə xaricdə təhsil
alacaq.
Təhminə Əsədova təhsilə olan diqqət və qayğıya, məktəbdə
yaradılan şəraitə görə Prezident İlham Əliyevə öz dərin
təşəkkürünü bildirib.
"Bilik Günü"nə həsr olunmuş tədbirdə iştirak edən Səbail
Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov yeni dərs
ilinin başlanması münasibəti ilə məktəbin kollektivini
təbrik edib və onlara uğurlar arzulayıb.
Məktəbin şagirdlərinin hazırladığı bədii kompozisiya
və milli rəqslər tədbir iştirakçılarının alqışları ilə
müşayiət olunub.
Sonda zəng vurulub, ilk dəfə məktəbə qədəm qoyan
birincilər sinif otaqlarına daxil olublar.
Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi" |