Sentyabrın
15-də Bakıdakı Heydər Əliyev adına liseydə "Bilik Günü"
münasibətilə tədbir keçirildi. Tədbirdə liseyin
müəllim-şagird kollektivi ilə yanaşı, Xətai Rayon İcra
Hakimiyyətinin nümayəndəsi Zaməddin Əkbərov, KİV
təmsilçiləri, valideynlər və digər şəxslər iştirak
edirdi.
Tədbiri giriş sözü ilə liseyin direktoru, əməkdar
müəllim Fikrət Xəlilov açaraq iştirakçıları yeni dərs
ilinin başlanması münasibətilə təbrik etdi, pedaqoji
kollektivə və şagirdlərə uğurlar arzuladı.
Respublikamızda aparılan təhsil islahatlarından danışdı.
Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq
olunmuş "Azərbaycan Respublikasında təhsilin inkişafı
üzrə Dövlət Strategiyası"nın çox mühüm sənəd olduğunu və
təhsilimizin inkişafına təkan verəcəyini bildirdi. Ulu
öndər Heydər Əliyevin adını daşıyan liseyin uğurlarından
söz açan direktor bildirdi ki, təhsil ocağının uğurları
ilbəil daha da artır. 2013-2014-cü tədris ilində də
liseyin şagirdləri fənn olimpiadalarının şəhər və
respublika turlarında, müxtəlif müsabiqə və yarışlarda
uğurlu nəticələr əldə ediblər. Qəbul imtahanlarındakı
nəticələrdən də söz açan F.Xəlilov diqqətə çatdırdı ki,
2013-2014-cü tədris ilində liseyi 86 nəfər bitirmişdir
ki, onlardan 85 nəfəri ali məktəblərə qəbul olmaq üçün
sənəd vermişdir. Həmin məzunlardan 72 nəfəri
respublikamızın nüfuzlu ali təhsil ocaqlarına, 3 nəfəri
isə xarici universitetlərə daxil olaraq tələbə adını
qazanmışlar. Məzunlardan 3 nəfəri liseyi qızıl medalla
bitirmiş, onlardan Qəzənfər Kərimli 692 balla Qafqaz
Universitetinə, Kənan Rəhimli 680 balla, Polad Gülüşov
isə 656 balla "ADA" Universitetinə daxil olmuşlar.
Məzunlardan 10 nəfəri 500-600, 7 nəfəri 600-dən yuxarı,
4 nəfəri isə 650-dən çox bal toplamışdır. Liseyin
uğurlarında pedaqoji kollektivin böyük əməyi olduğunu
qeyd edən direktor bildirdi ki, müəllimlər peşəkarlıq
səviyyələrini daha da artırmaq üçün daim müxtəlif
treninq və məşğələlərdə iştirak edirlər.
F.Xəlilov liseyə ilk dəfə qədəm qoyan birinciləri təbrik
edərək onlara vətənimizə layiqli vətəndaş olmağı tövsiyə
etdi.
Tədbirdə çıxış edən valideynlər ümummilli lider Heydər
Əliyevin adını daşıyan liseyin respublikamızda ən
nüfuzlu təhsil ocaqlarından biri olduğunu bildirdilər.
Yeni tədris ilinin başlanması münasibətilə liseyin
kollektivini və şagirdləri təbrik etdilər.
Liseyin şagirdlərinin ifasında şeirlər söyləndi,
mahnılar ifa olundu. İlk zəngdən sonra şagirdlər sinif
otaqlarına yerləşdilər, onlarla vətənpərvərlik
mövzusunda ilk dərs keçildi.
Niyazi RƏHİMOV,
"Azərbaycan müəllimi" |