Bakı
Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən "Gənc
istedadlar" liseyində "Bilik Günü"nə həsr olunmuş tədbir
keçirilib. Azərbaycan Respublikasının Dövlət himni
səsləndikdən sonra rektor, akademik Abel Məhərrəmov
tədbir iştirakçılarını təbrik edib və liseyin qazandığı
uğurlardan söz açıb. Liseyi bu il bitirən məzunların
13-nün 600-dən yuxarı bal topladığını, 2 nəfərin
Prezident təqaüdünə, 3 nəfərin qızıl medala layiq
görüldükləri diqqətə çatdırılıb. "Gənc istedadlar"
liseyi 2012-2013-cü tədris ilində Prezident İlham
Əliyevin imzaladığı müvafiq sərəncamla "Ən yaxşı
ümumtəhsil məktəbi" müsabiqəsinin qaliblərindən biri
olub.
Tədbirdə liseyin direktoru, professor Qasım Hüseynov
çıxış edərək şagirdləri yeni dərs ilinin başlanması
münasibətilə təbrik edib, onlara təhsildə uğurlar
diləyib. Qeyd edib ki, liseyin başlıca vəzifəsi gənc
istedadları inkişaf etdirmək, onları gələcəyə düzgün
istiqamətləndirmək, dərin biliyə, yüksək mənəvi
keyfiyyətlərə malik, vətənpərvər gənclər
yetişdirməkdir. Hazırda liseyin Azərbaycan və rus
bölmələrinin 5-11-ci siniflərində təhsil alan
şagirdlərin təlim-tərbiyəsi ilə 75 müəllim məşğul olur.
Onların arasında bir elmlər doktoru, 21 elmlər
namizədi, 3 əməkdar müəllim, ali kateqoriyalı
müəllimlər, TQDK-nın aparıcı ekspertləri çalışır.
İndiyədək liseyin 6 buraxılışı olub ki, onların hamısı
dövlət ali məktəblərinə qəbul olunub. Belə ki, liseyi
bitirən 179 məzundan 46 nəfəri 600-dən çox bal
toplayaraq dünyanın bir çox nüfuzlu universitetlərində,
o cümlədən 51 nəfəri BDU-da, 17 nəfəri xaricdə
-Kanadanın Toronto və Vaterloo, Rusiyanın və Türkiyənin
müxtəlif ali təhsil ocaqlarında təhsillərini davam
etdirirlər. Məzunlardan 5 nəfərinin Prezident
təqaüdünə,12 nəfərinin qızıl medala layiq görüldüyünü
diqqətə çatdıran professor qeyd edib ki, TQDK-nın
statistik məlumatlarına əsasən, qəbul imtahanlarında
"Gənc istedadlar" liseyinin məzunları həmişə yüksək
göstəriciyə nail olublar. Məsələn, 2013-cü ildə lisey
məzunlarının qəbul imtahanlarında topladıqları orta bala
(508,8) görə I olub. Bu il nəticə daha yüksək, 511 bal
olub. Bundan başqa, liseyin şagirdləri 2014-cü ilin
fevralında keçirilmiş "Sabahın alimləri" III Respublika
müsabiqəsində yüksək yerlər tutaraq ABŞ-da təşkil
olunan İntel İSEF müsabiqəsində ölkəmizi təmsil
ediblər. Ətraf Mühitin Mühafizəsi Beynəlxalq Layihə
Olimpiadasında isə 51 ölkədən 182 layihə təqdim olunub
ki, liseyin şagirdlərinin təqdim etdikləri layihə qızıl
medala layiq görülüb.
Tədbirdə ən yüksək bal toplayaraq liseyin 5-ci sinfinə
qəbul olunmuş Vurğun Əhmədov çıxış edib.
Sonda 2014-2015-ci tədris ilinin ilk zəngi səslənib.
Sifai SƏFƏROVA,
"Azərbaycan müəllimi" |