Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

19 Sentyabr 2014 - №36

 

O gün məktəb sevinirdi

 

Böyütmək üçün şəkili seçin...Elə bil hansısa sehr onları doğma evlərindən, sevimli oyun-oyuncaqlarından ayırıb, ilk baxışdan bir qədər anlaşılmaz görünən, amma möcüzə təsiri bağışlayan bir aləmə gətirib çıxarmışdı. Məktəbin həyətində yeni tədris ilinin coşqusu yaşandığı bir vaxtda bu fidanların ürkək baxışlarında həyəcan, narahatlıq ağır yük kimi asılıb qalmışdı. Hətta bəzilərinin bu "yük"ün ağırlığından yanaqlarında muncuq kimi ağappaq, işıqlı nur damlalarının sıralanmasından belə xəbəri yox idi. Onlara dikilən gülümsər baxışlar belə, məktəbli geyimində olduqca şirin, gözəl-göyçək görünən bu uşaqları bir an da olsun xəyallarından ayırmaq gücündə deyildi. Həmin anlarda birincilərin nə düşündüyünü, hansı arzularla baş-başa qaldığını fərəhindən qanad açan valideynlər belə bilməzdilər. Mikrofon qarşısından müəllimləri, məktəbliləri salamlayan, onları ilk dərs günü münasibəti ilə təbrik edən aparıcılar Aynur Abbasova ilə Ceyhun Məmmədlinin ürək sözləri onlar üçün, nə qədər qəribə görünsə belə, maraqlı idi.

Bakıdakı 263 nömrəli tam orta məktəbin direktoru Nəsimi Abbasovun çıxışında "Bilik Günü"nə toplaşanların hər birində iftixar hissi yaradacaq faktlar sadalandı. Builki məzunlarından 55 nəfərinin ali məktəb tələbəsi adını qazanması Xətai rayonunun qabaqcıl təhsil müəssisələrindən sayılan bu məktəbin inkişaf göstəricilərindən biri kimi qiymətləndirildi.

Söz birincilərin müəllimlərinə verildi. Rəhimə Rzayeva, Yeganə Ağayeva, Sarıtel Quliyeva, Leyla Şahbazova, Yeganə Orucova, Sabir Əliyev məktəbə ilk qədəmlərini qoyan fidanlara ən xoş arzularını yetirdilər. Müəllimlərin onlara üz tutub, "Sizin məktəbli ömrünüzün ən şirin anları başlayır" - deməsilə birincilərin çöhrəsi işıqlandı. Üzləri güldü. Ürəklənib, ilk dəfə gördükləri böyük bir izdihamın qarşısına çıxdılar. Əlinin, Aminin, Aliyənin, Aydanın, Aylinin, Tunayın, Nurayın, İbrahimin, Xədicənin dillərində misralanan şeirlər yaz yağışı kimi könüllərə səpildi. Bu misralarda Vətənimiz tərənnüm olundu. Onlar üçrəngli bayrağımıza sevgilərini ürəkdən gələn uca səslə söyləyirdilər. Bu unudulmaz anlarda tədbirin qonaqları - hərb tariximizin yorulmaz tədqiqatçısı, tanınmış publisist, nasir Şəmistan Nəzirli, Xətai Rayon Gənclər və İdman İdarəsinin rəisi Əfqan Rzayev ən şirin arzularını məktəbli adının həyəcan dolu sevincini yaşayan birincilərə ünvanladı.

Birincilərin hərəsi bir nəğməyə döndü. Onların məktəb sevinci mahnı olub ətrafa yayıldı. Yaşlarına xas olan cingiltili səslərinin şirinliyinə tədbir iştirakçılarının alqışı qoşuldu. Valideynlər söz alıb, övladlarına doğma balaları kimi qucaq açan müəllimlərə təşəkkürlərini bildirdillər, pedaqoji kollektivə və şagirdlərə yeni tədris ilində uğurlar arzuladılar.

...İlk zəng səsi. Əlinin, Leylanın, Aliyənin körpə əllərilə başları üzərinə qaldırdıqları simvolik işarə hamını sinif otaqlarına səslədi.

Məktəb sevinirdi, - nə müddətdir darıxdığı şagirdlərin sırasına yeniləri qoşulduğu üçün. Siniflərdə isə birinciləri bir qədər əvvəl səsini eşidib, öyüdlərini dinlədikləri Şəmistan müəllimin - Azərbaycanımızın görkəmli hərbçiləri, ziyalıları haqqında sanballı tədqiqatların, əsərlərin müəllifi Şəmistan Nəzirlinin ilk dərsi - "vətənpərvərlik dərsi" gözləyirdi. 

Nazim ƏLİFOV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov