Kollektivi
ruhlandıran qərar
Təxminən 7 ay əvvəl Ağcabədi Pedaqoji Kollecində baş
vermiş və bu tədris ocağının adına utanc gətirən bir
hadisəni oxucularımız, yəqin ki, xatırlayırlar. Təhsil
müəssisələrində baş verən neqativ hallara qarşı barışmaz
mövqe tutan və ciddi mübarizə aparan Təhsil Nazirliyi bu
olaya da operativ münasibət bildirmişdir. Bundan sonra
nazirlik kollecin idarə edilməsinə birbaşa nəzarət
etməyə başlamış, bu məqsədlə də Təhsil Nazirliyinin
orta ixtisas təhsili sektorunun baş məsləhətçisi Ənvər
İmanov Ağcabədi Pedaqoji Kollecinə icraçı direktor təyin
olunmuşdur. Bununla da nazirliyin bilavasitə nəzarəti və
yaxından köməyi sayəsində kollecdə son illər baş verən
və getdikcə dərinləşən tənəzzülün qarşısı alındı.
Bu gün qısa müddətdə keçilmiş yola nəzər salarkən
kollecdəki müsbət dəyişiklikləri, kollektivdə yaranmış
sağlam əhvali-ruhiyyəni, müəssisənin artıq inkişaf
yoluna qədəm qoyduğunu görməmək mümkün deyil. Bəs buna
necə nail olunub? Yeni dərs ilində kollec kollektivinin
qarşısında nə kimi vəzifələr durur?
Məlum olduğu kimi, hər hansı bir çətin, böhranlı
vəziyyətdən çıxmaq üçün, ilk növbədə, mövcud durum
təhlil olunmalı, bu vəziyyəti doğuran səbəblər
müəyyənləşdirilməli və problemlərin aradan qaldırılması
üçün müvafiq tədbirlər görülməlidir. Kollecin yeni
rəhbərliyi də fəaliyyətə məhz bundan başladı.
Müzakirələr, təhlillər aparıldı, real vəziyyətə aydınlıq
gətirildi.
Məlum oldu ki, kollecdə tədris intizamı pozulub,
rəhbərlik- müəllim, müəllim-tələbə münasibətlərində
səmimiyyət itib, maddi-tədris bazasının
möhkəmləndirilməsi qayğısına qalınmayıb, kollecin
fəaliyyətini tənzimləyən bir sıra rəsmi sənədlərin
tələblərinə əməl olunmayıb.
Elə bu istiqamətlərdə vəziyyətin qaydaya salınması
məqsədi də fəaliyyət üçün əsas hədəflərin
müəyyənləşdirilməsinə təkan verdi.
114 tələbə kollecdən xaric edilib
Tezliklə tələbə kontingentinin tərkibində dəqiqləşdirmə
aparıldı. Tədris məşğələlərində iştirak etməyən
tələbələr barəsində intizam tədbirləri görüldü. Üzrsüz
səbəblərdən dərs məşğələlərində və imtahan
sessiyalarında iştirak etməyən 114 tələbə kollecdən
xaric edildi. Bütün bunların nəticəsində tələbələrin
dərsə davamiyyəti təmin olundu.
Tədris prosesi normal məcraya düşür
Kollecdə tədrisin keyfiyyətinin yüksəldilməsi
istiqamətində də zəruri addımlar atılıb. Tədris
prosesinə nəzarət gücləndirilib. Pedaqoji Şuranın 15
aprel 2014-cü il tarixli qərarı ilə kollecdə ictimai
əsaslarla metodkabinet yaradılıb. Təhsil Nazirliyinə
verilmiş təqdimat əsasında metodkabinet müdiri vəzifəsi
kollecin ştat cədvəlinə daxil edilib, pedaqoji elmlər
üzrə fəlsəfə doktoru Xuraman Ağayeva həmin vəzifəyə
təyin olunub. Metodkabinetin qısa fəaliyyəti dövründə
tədrisin keyfiyyətinin yüksəldilməsinə yönəlmiş bir sıra
işlər görülüb. Belə ki, bütün müəllimlər kollecdə
fəaliyyət göstərən 9 fənn birləşməsinə daxil edilib,
ayrı-ayrı fənlər üzrə "açıq dərs"lər, qarşılıqlı
dərsdinləmələr təşkil olunub. Həmin dərslərin müzakirəsi
aparılıb və gənc müəllimlərə zəruri metodik köməkliklər
göstərilib.
Kollecdə yay semestri imtahanlarının şəffaf təşkil
olunması da əsas qayğılardan biri olub. Bu məqsədlə
öncədən imtahan cədvəlləri, imtahan biletləri
hazırlanaraq təsdiq edilib. Bununla yanaşı, buraxılış
dövlət imtahanlarının təşkili də diqqətdə saxlanılıb,
ayrı-ayrı ixtisaslar üzrə dövlət imtahanlarına buraxılan
tələbələrin tərkibi dəqiqləşdirilib, imtahan
biletlərinin hazırlanıb təsdiq edilməsi təmin olunub.
İmtahanların şəffaflığını və obyektivliyini təmin etmək
üçün apelyasiya komissiyası yaradılıb, sessiya
müddətində tələbələr tərəfindən edilən müraciətlərə
diqqətlə baxılıb və təlimata uyğun cavablandırılıb,
müvafiq qərarlar çıxarılıb. Nəticədə həm semestr, həm də
buraxılış dövlət imtahanları valideynlərin iştirakı ilə
tam şəffaf və obyektiv keçirilib.
Tədris bazasını zənginləşdirən addımlar
Yeni rəhbərliyin dövründə kollecin maddi tədris
bazasının möhkəmləndirilməsi sahəsində də bir sıra işlər
görülüb. Belə ki, bəzi zəruri avadanlıq və təsərrüfat
inventarları alınıb.
Kollecdə informasiya və kommunikasiya
texnologiyalarından tədris prosesində istifadəyə xüsusi
önəm verilir. 100 ədəd kompüter olan təhsil ocağında 50
kompüterdən ibarət kompüter zalı, 2 kompüter kabineti
fəaliyyət göstərir. Təhsil Nazirliyinin dəstəyi ilə
kompüterlər internetə qoşulub. Cari ilin aprel ayında
Təhsil Nazirliyi tərəfindən kollecə proyektorlar,
"ağıllı lövhə"lər verilib. Bunlar 5 fənn kabinetində
quraşdırılıb. Onlar növbəti dərs ilində mütəxəssislər
tərəfindən sazlandıqdan sonra müəllim və tələbələrin
istifadəsinə veriləcək. Nazirlik tərəfindən habelə 10
notebook verilib ki, onların da 5-i "ağıllı lövhə"lər
üçün nəzərdə tutulub. Qalan 5 notebook tələbələrin
kredit sistemi ilə fərdi tədris planının hazırlanması
üçün tyutorlara verilib. Kollecdə imtahanlar test üsulu
ilə kompüterlərdən istifadə olunmaqla aparılır.
Müəllimlərin əməkhaqqına hər ay 40 faiz əlavə olunur
Kollecdə pedaqoji kadrlarla, onların sosial durumunun
yaxşılaşdırılması, ixtisaslarının artırılması sahəsində
son dövrlərdə aparılan işləri də yüksək qiymətləndirmək
olar. Kollektivin sosial durumunun yaxşılaşdırılması
üçün xüsusi vəsaitdən müəllimlərə hər ay əməkhaqqının 40
faizi qədər əlavə vəsait ödənilir.
Müəllim-tələbə münasibətləri yeni məzmunda
Ağcabədi Pedaqoji Kollecində son dövrlərdə görülmüş
bütün bu işlər, atılan inkişafyönümlü addımlar
kollektivdə sağlam mənəvi mühitin, normal
şəxsiyyətlərarası münasibətlərin yaranmasına da təsirsiz
ötüşməyib. Nəticədə rəhbərliklə, müəllimlər və tələbələr
arasında səmimi ünsiyyət yaranıb.
Ali idarəetmə orqanı olan Pedaqoji Şuranın işi
canlandırılıb. Kollecin tələbələri orta ixtisas təhsili
müəssisələrinin tələbələri arasında keçirilən bilik
yarışlarında, inşa müsabiqələrində də fəal iştirak edir,
yüksək yerlər tuturlar.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər
Fondu tərəfindən dəstəklənən layihə çərçivəsində
keçirilən bilik yarışının rayon və zona turunda Ağcabədi
Pedaqoji Kollecinin komandası I yeri tutub. Tələbələrin
kütləvi idman tədbirlərinə cəlb olunması da diqqət
mərkəzində saxlanılır.
Yeni
hədəflər: məsuliyyətlilik
Ağcabədi Pedaqoji Kollecinin qarşısında yeni dərs ilində
daha mühüm hədəflər durur: müsbət dəyişiklikləri davam
etdirmək, ölkədə gedən təhsil islahatlarına, Dövlət
Strategiyasının səriştəli təhsilverənlərin hazırlanması
sahəsində müəyyənləşdirdiyi strateji hədəflərə nail
olmaq, keyfiyyətli təhsil xidməti göstərmək. Bu
məqsədlərə nail olmaq üçün kollektiv bir sıra
vəzifələrin həllini, o cümlədən fənn kabinetlərinin
zənginləşdirilməsini, tədrisin səmərəliliyinin
artırılmasını, müəllimlərin ixtisasartırma kurslarına
cəlb edilməsini, pedaqoji prosesi tənzimləyən
sənədlərin, bu sahədə qəbul olunmuş qərarların
müəllimlər tərəfindən öyrənilməsinin təşkilini nəzərdə
tutur.
Yusif ƏLİYEV,
"Azərbaycan müəllimi" |