Sentyabrın
15-də Azərbaycan Dillər Universitetində (ADU) "Bilik
Günü" münasibətilə rektor, Milli Məclisin deputatı,
professor Səməd Seyidov I kurs tələbələri ilə görüşüb.
Görüşdə Milli Məclisin deputatları Məlahət Həsənova,
Asim Mollazadə, Xanlar Fətiyev, Cavanşir Feyziyev,
universitetin prorektorları, fakültə dekanları,
professor-müəllim heyəti, tələbələr və valideynlər
iştirak ediblər.
ADU-nun akt zalında keçirilən tədbirdə professor Səməd
Seyidov yeni tədris ili münasibətilə professor-müəllim
heyətini, tələbələri təbrik edib, universitetə yeni
qəbul olunan tələbələrə uğurlar arzulayıb. Rektor
ümummilli lider Heydər Əliyevin layiqli davamçısı,
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
təhsilə göstərdiyi diqqət və qayğı nəticəsində
Azərbaycan təhsil sisteminin inkişaf etdiyini, ADU-nun
timsalında ölkəmizin ali təhsil müəssisələrində yüksək
səviyyədə mütəxəssislər hazırlandığını, azərbaycanlı
gənclərin təhsillərini davam etdirmək üçün dünyanın
müxtəlif ölkələrinə göndərildiyini söyləyib. Rəhbərlik
etdiyi ali təhsil ocağının yaranma tarixi, universitetdə
fəaliyyət göstərən fakültə və mərkəzlər haqqında məlumat
verən rektor bildirib ki, bu gün Azərbaycan Dillər
Universitetində dünyanın 20-dən çox aparıcı dilləri
tədris olunur, 6000-dən çox tələbə təhsil alır.
Azərbaycan Dillər Universitetində yeniləşmiş, dünyanın
ən müasir texnologiyalarını özündə ehtiva edən Cənubi
Qafqazda ən böyük İnformasiya Resurs Kompleksinin (İRK),
o cümlədən İRK-nın Amerika Mərkəzinin yüksək səviyyəli
təmirdən sonra yenidən istifadəyə verildiyini və
kompleksdə tələbələrin təhsili üçün hər cür şəraitin
yaradıldığını bildirən rektor gəncləri universitetdə
çalışan peşəkar müəllimlərin biliklərindən yararlanmağa,
fəal olmağa, Tələbə Elmi Cəmiyyətinin işində yaxından
iştirak etməyə səsləyib.
ADU-nun pedaqoji fakültəsinə 677 balla qəbul olan Gülşən
Heydərova çıxış edərək arzuladığı universitetin tələbəsi
adını qazanmaqdan sevinc hissi keçirdiyini bildirib,
tələbələri təbrik edib.
Azərbaycan Dillər Universiteti və Böyük Britaniyanın
Esseks Universitetini fərqlənmə diplomu ilə bitirmiş
Nərmin İsmayılova yeni qəbul olmuş tələbələri təbrik
edib, ölkənin ən aparıcı və ilklərə imza atmış
universitetinin tələbəsi olmağın qürurverici bir hiss
olduğunu bildirib.
661 balla tərcümə fakültəsinin tələbəsi adını qazanan
Şahanə Məmmədlinin atası Elçin Məmmədli çıxış edərək
universitetdə yaradılan şəraitdən razılığını ifadə edib
və övladının ADU-da təhsil alması ilə fəxr etdiyini
deyib.
Milli Məclisin deputatı Məlahət Həsənova gənclərə
yaradılan imkanlardan istifadə etməyi tövsiyə edib, bu
universitetin dünyaya, dünyadan isə ölkəmizə bir pəncərə
rolu oynadığını vurğulayıb.
İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanındakı
nümayəndəliyinin rəhbəri, səfir Arif Məmmədov təbrik
çıxışında Azərbaycanda və ADU-da gedən inkişafı yüksək
qiymətləndirib.
Milli Məclisin deputatları, professor Asim Mollazadə,
Cavanşir Feyziyev tələbələri təbrik edib, onlara uğurlar
arzulayıblar.
Daha sonra yüksək balla universitetə daxil olmuş
tələbələrə tələbə biletləri və qiymət kitabçaları,
həmçinin qiymətli hədiyyələr təqdim olunub.
Görüş ADU-nun himninin səslənməsi ilə başa çatıb.
İctimaiyyətlə əlaqələr departamenti |