Sentyabrın
15-də "ADA" Universitetinin professor və tələbə
heyətinin şərəf andı içməsi mərasimi keçirilib.
AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasının
Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbir
"ADA" Universitetində təhsil alan 32 ölkənin
təmsilçilərinin öz ölkələrinin bayraqlarını səhnəyə
gətirmələri ilə davam edib.
Tədbirdə "ADA" Universitetinin tələbələri tərəfindən
hazırlanan video nümayiş etdirilib. Daha sonra bu il
universitetin həm bakalavr pilləsinə, həm də
magistraturaya qəbul olunan yerli və xarici tələbələr, o
cümlədən professor və müəllim heyəti şərəf andı içiblər.
Onlar "ADA" Universitetinin rektoru Hafiz Paşayev və
dekanlar tərəfindən "İnam rəmzi" hesab edilən "ADA"
medalları ilə təltif olunublar.
Şərəf Kodeksinin təqdim edilməsi və şərəf andının
içilməsi 2010-cu ildən etibarən yeni akademik ilin
əvvəlində "ADA" Universitetində keçirilən ənənəvi
mərasimdir. Hər il qeyd olunan bu akademik tədbir zamanı
tələbələr "ADA" Universitetinin Şərəf Kodeksində əksini
tapan öhdəlikləri öz üzərlərinə götürmək və şərəf andını
imzalamaq şansı əldə edirlər.
Şərəf Kodeksini imzalamaqla "ADA" Universitetinin yeni
tələbələri dərslərinə və təhsil prosesinə məsuliyyətlə
yanaşmağa, özlərinə, tələbə yoldaşlarına və
professorlara hörmət etməyə, heç bir halda
ayrı-seçkiliyə yol verməməyə, eyni zamanda imtahanlar
zamanı köçürmə, akademik layihələr zamanı plagiat kimi
hallardan uzaq durmağa söz verirlər.
Bu il "ADA" Universitetinə qəbul olan tələbələrdən 425-i
bakalavr, 129-u magistratura proqramlarına daxil olub.
Bu il universitetdə eyni zamanda mübadilə proqramları
çərçivəsində əlavə 6 xarici tələbə oxuyacaq.
Tədbir "ADA" Universitetinin rektoru Hafiz Paşayevin
nitqi və bu ali təhsil ocağının himninin səsləndirilməsi
ilə başa çatıb. |