Sentyabrın
18-də media nümayəndələri "Sağlam təhsil-sağlam millət"
layihəsi çərçivəsində görülən işlərlə tanış olmaq
məqsədilə Bakının 214 nömrəli tam orta məktəbində
olublar.
Media nümayəndələrinə bildirilib ki, "Sağlam təhsil
sinfi"ndə tədris hərəkətdə təlim şəraitində həyata
keçirilir. Şagird masaları həm qismən oturaraq, həm də
ayaqüstə çalışmaq imkanı yaradır. Bu masaları hazırda
istifadə edilən məktəb masalarından fərqləndirən ən
mühüm cəhət onların səthinin nisbətən maili olmasıdır.
Belə maillilik şagirdin vizual dərketməsi baxımından
xüsusi əhəmiyyət kəsb edir. Sinif otaqlarındakı digər
avadanlıqlar da layihəyə uyğun hazırlanaraq
yerləşdirilib.
Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə
təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin
inkişafı üzrə Dövlət Strategiyası"nda nəzərdə tutulan
vəzifələrin icrasına nail olunmasında şagirdlərin
psixi-fiziki və mənəvi sağlamlıq vəziyyəti müstəsna
əhəmiyyət daşıyır. Müvafiq sənədə əsasən Təhsil
Nazirliyi tərəfindən təhsilalanların sağlamlığının
qorunması və təlim nailiyyətlərinin yüksəldilməsi
sahəsində təhsil texnologiyalarının tətbiqi üzrə işçi
qrup yaradılıb. Təhsil Nazirliyi bu istiqamətdə Səhiyyə
Nazirliyi və Milli Təhsil Texnologiyaları Mərkəzi
qeyri-hökumət təşkilatı ilə birgə "Sağlam təhsil-sağlam
millət" layihəsi çərçivəsində əhəmiyyətli işlər həyata
keçirib.
"Sağlam təhsil-sağlam millət" layihəsi çərçivəsində
müxtəlif məktəblərdə ayrı-ayrı yaş qrupları üzrə
"Coca-Cola" şirkətinin dəstəyi ilə 10000 şagird arasında
davamlı tibbi-gigiyenik gender, psixoloji-pedaqoji
monitorinqlərin keçirilməsi və mərhələlər üzrə
hesabatların hazırlanması nəzərdə tutulur.
Hazırda aparılan araşdırmalar əsasında Təhsil
Nazirliyinin təşəbbüsü ilə mütəxəssislər tərəfindən
təhsilalanların sağlamlığı baxımından müstəsna əhəmiyyət
daşıyan normativ sənədlər hazırlanır. Həmin normativ
sənədlər ümumi təhsil müəssisələrinin maddi-texniki
bazası, mebellər, sinif tərtibatı, avadanlıqlar,
ləvazimatlar, otaqların işıqlandırılması, habelə qida
məhsulları ilə bağlı vahid standartları əhatə edir.
Bütün bunlar təhsilalanların sağlamlığının qorunması
istiqamətində atılmış həlledici addımlardır.
Layihəyə başlamazdan əvvəl uşaqların sağlamlığı
baxımından respublikada mövcud vəziyyət öyrənilib,
dünyanın qabaqcıl təhsil təcrübəsi araşdırılıb. ABŞ,
Avropa Birliyi, Yaponiya, Finlandiya, Rusiya və
Ukraynada aparılan işlər təhlil edilib. Rusiya Uşaqların
Sağlamlığı Naminə Birliyinin rəhbəri Vladimir Bazarnının
təhsilalanların sağlamlığının qorunması istiqamətində 35
illik təcrübəsi xüsusilə diqqət cəlb edib, alim
ölkəmizə dəvət olunub.
Cari ilin sentyabrında Milli Təhsil Texnologiyaları
Mərkəzinin təşkilatçılığı ilə Bakının ümumtəhsil
məktəblərinin direktorları, psixoloqları və tibbi
heyəti, fiziki tərbiyə və "Sağlam təhsil sinfi"
müəllimləri üçün seminarlar keçirilib.
Layihə çərçivəsində artıq Bakı və Sumqayıt şəhərlərinin
6 ümumi təhsil məktəbində 15 "Sağlam təhsil sinfi"
yaradılıb və onlar yeni dərs ilindən fəaliyyətə
başlayıb.
"Sağlam təhsil-sağlam millət" layihəsinin məqsədi
təhsilalanların təlim nailiyyətlərini yüksəltməklə
yanaşı, tədris şəraitindən irəli gələn hərəkət
məhdudiyyətini və digər amilləri aradan qaldırmaq,
onların sağlamlığını qorumaqdan ibarətdir.
Bütün bunlar nəticədə sağlam
Azərbaycan vətəndaşının yetişdirilməsinə xidmət edir.
|