Sentyabrın 15-də Azərbaycan Dövlət İqtisad
Universitetində "Bilik Günü" münasibətilə tədbir
keçirilib.
Tədbirdə ADİU-nun fəxri məzunu, əmək və əhalinin sosial
müdafiəsi naziri Səlim Müslümov, Təhsil Nazirliyinin
Aparat rəhbərinin müavini Yaqub Piriyev və digər
qonaqlar iştirak ediblər.
Mərasimi giriş sözü ilə açan universitetin rektoru
Ədalət Muradov yeni dərs ilinin başlanması münasibəti
ilə tələbələri və professor-müəllim heyətini təbrik
edib, onlara dərslərində müvəffəqiyyətlər arzulayıb.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov
çıxışında 35 il öncə bu universitetdə keçirdiyi
tələbəlik illərinin təəssüratlarını bölüşüb.
Universitetə yüksək balla qəbul olunan gənclərə tələbə
bileti və hədiyyələr təqdim edilib.
Daha sonra 600-dən çox bal toplayan tələbələr Heydər
Əliyev Mərkəzini ziyarət edərək ulu öndərin irsi ilə
yaxından tanış olublar. Ümummilli liderin həyatının
müxtəlif dövrlərini əks etdirən eksponatlarla tanış olan
tələbələr mərkəzdən böyük təəssüratla ayrılıblar.
500-dən çox bal toplayan tələbələr isə "Ailə tipli kiçik
qrup evi"ni ziyarət edərək kimsəsiz uşaqlara hədiyyələr
aparıblar.
Qeyd edək ki, 2014-2015-ci tədris ilində ADİU-ya 3273
tələbə qəbul olunub. Tələbələr arasında 12 nəfər 650-dən
çox bal toplayıb. Bu göstərici ötən ilə nisbətən 2
dəfədən də çoxdur. 93 nəfər 600-dən çox bal toplayıb.
Ötən il isə 600-dən çox bal toplayan tələbələrin sayı 49
nəfər olub. Bu il 500-dən çox bal toplayan tələbələrin
sayı 669 nəfər, ötən il isə 357 nəfər olub.
Ən yüksək bal (680) toplayan tələbə, Prezident
təqaüdçüsü Alıyev Emil Rizvan oğlu maliyyə fakültəsinə
qəbul olunub. Ümumiyyətlə, 650-dən yuxarı bal toplayan
11 tələbə maliyyə, 1 tələbə isə uçot iqtisad
fakültəsində təhsil alacaq.
Yeni tədris ilində ADİU-nun magistratura şöbəsinə 524
nəfər daxil olub. Onlardan 5 nəfəri 120-dən, 138 nəfəri
isə 100-dən çox bal toplayıb.
Hicran ƏKBƏROVA,
"Azərbaycan müəllimi" |