Sentyabrın
14-də "Baku Crystal Hall"da Təhsil Nazirliyinin təsis
etdiyi "Bilik kuboku" uğrunda breyn-rinq yarışlarının
növbəti - ikinci seçim oyunu keçirilib. Xatırladaq ki,
"AzTV" kanalı ilə yayımlanan yarışlarda ölkəmizin 15
bölgəsini təmsil edən 30 komanda iştirak edir.
Öncə 4-cü mövsümün ikinci seçim oyununun keçirildiyini
diqqətə çatdıran aparıcı DJ Fateh oyunların keçirilmə
qaydasını xatırladıb və bu intellektual yarışmaya dəstək
verən Heydər Əliyev Fonduna, Təhsil Nazirliyinə, Gənclər
və İdman Nazirliyinə, "Nar Mobile" şirkətinə
minnətdarlığını bildirib. Aparıcı habelə oyunun yüksək
səviyyədə keçirilməsi üçün yaradılan şəraitə görə "Baku
Crystal Hall"un rəhbərliyi və əməkdaşlarına təşəkkür
edib.
Aparıcı oyunların müstəqil hakimləri olan Təhsil
Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini
İlham Nağıyevi və "Nar Mobile" şirkətinin ictimaiyyətlə
əlaqələr və korporativ ünsiyyət şöbəsinin müdiri Nigar
Arpadaraini təqdim edib. Bildirilib ki, "Bilik
kuboku"nun qalibi Təhsil Nazirliyi tərəfindən elektron
kitab oxuyucusu ilə mükafatlandırılacaq. Eyni zamanda
qalib komandaya sponsorlar planşetlər və hesabında 3 min
AZN olan plastik kart təqdim edəcəklər.
Sonra sentyabr ayının ikinci seçim oyunu keçirilib.
İlk seçim görüşündə "Kapital Bank" və "Qafqaz
Universiteti" komandaları qarşılaşıb. "Kapital Bank"
rəqibinə 5-4 hesabı ilə qalib gəlib.
İkinci seçim görüşü "Orion" və "Romantik" komandaları
arasında olub. Gərgin keçən bu mübarizə "Orion"un
üstünlüyü ilə başa çatıb: 5-3.
Sonrakı iki final qarşılaşması "Orion" və "Kapital Bank"
komandaları arasında baş tutub. İlk qarşılaşmada
"Orion" (5-4), ikincidə isə "Kapital Bank" (0-5) qalib
gəlib. Ümumi hesab bərabər olduğundan sentyabr ayının
ikinci finalçısını müəyyənləşdirmək üçün komandalara
həlledici sual verilib. Bu sualı daha tez və düzgün
cavablandıran "Kapital Bank" komandası qalib gəlib və
sentyabr ayının finalında oynamaq hüququ qazanıb.
Yusif ƏLİYEV,
"Azərbaycan müəllimi" |