Bakı Slavyan Universiteti dünyanın bir çox qabaqcıl ali
təhsil müəssisələri və elmi təşkilatları ilə
əməkdaşlığını günü-gündən möhkəmləndirir. Bu cəhətdən
Almaniyanın məşhur universitetləri ilə BSU-nun
əməkdaşlığı xüsusi əhəmiyyət kəsb edir. Azərbaycana yeni
təyin olunmuş DAAD-ın (Alman Akademik Mübadilə Xidməti)
rəhbəri Stetanye Dufauxun Bakı Slavyan Universitetinin
qonağı oldu. Bu, onun Azərbaycanda təşkil etdiyi ilk
tədbirdir ki, məhz BSU-nun Alman tədris və mədəniyyət
mərkəzində baş tutdu.
9-13 sentyabr 2014-cü il tarixlərində Bakı Slavyan
Universitetinin nəzdində fəaliyyət göstərən Humbolt
adına yuxarıda adıçəkilən Tədris və mədəniyyət
mərkəzində alman filologiyası kafedrasının və DAAD-ın
dəstəyi ilə Azərbaycanda ali məktəblərdə alman dilini
tədris edən müəllimlər üçün təkmilləşdirmə seminarı
təşkil olundu. Almaniyanın Maynz Universitetindən dəvət
olunmuş professor Annett Woltt tərəfindən aparılan
seminarda Bakının müxtəlif ali məktəblərini təmsil edən
alman dili müəllimləri və magistrantlar iştirak
etdilər. İntensiv olaraq davam edən təkmilləşdirmə kursu
iştirakçılara "Juterkulturelle Kommunikation" mövzusunda
geniş biliklər verdi və sonda DAAD tərəfindən
sertifikatlar təqdim olundu.
Bu əməkdaşlığın davamı olaraq Osvald fon Volkenştayn
cəmiyyətinin prezidenti, Vürtsburq Universitetinin
professoru xanım Ziqlinde Hartmann yenidən Bakı Slavyan
Universitetində qonaq oldu. Universitet rəhbərliyinin,
xüsusilə də alman filologiyası kafedrasının
əməkdaşlarının sevimlisi olan Ziqlinde Hartmann öz
mühazirələri ilə tələbələrin qəlbinə hər zaman olduğu
kimi yol taparaq, onlara alman dilinin və ədəbiyyatının
dərindən mənimsədilməsində də yaxından köməklik
göstərir. Bu səfər zamanı Z. Hartmann, həmçinin onunla
birlikdə BSU-da qonaq olan Almaniyanın Ausburq
Universitetinin alman dili və ədəbiyyatı üzrə professoru
Klaus Volf 17-30 sentyabr 2014-cü il tarixlərində
universitetin Humboldt adına Tədris və mədəniyyət
mərkəzində silsilə mühazirələr oxuyacaqlar. Professor
Z.Hartmannın iş qrafikinin çox gərgin olmasına
baxmayaraq, o, bütün işlərinin öhdəsindən bacarıqla
gəlir. Sentyabrın 17-də o, universitetin rektoru
professor A.Hacıyevlə görüşdü, eyni zamanda Bakı Slavyan
Universitetinin nəzdində olan Məktəb-Lisey Kompleksində
Almaniyanın Azərbaycandakı səfiri və Bundestaqın
deputatları ilə birgə tədbirdə iştirak etdi. Professor
Z.Hartmannın 30 sentyabr tarixində hazırlayacağı
tədbirdə Almaniya və Avstriyanın Azərbaycandakı
səfirlərinin də iştirakı gözlənilir. O, həmçinin
oktyabrın 2-də Bakıda keçiriləcək Beynəlxalq Humanitar
Forumda da məruzə ilə çıxış edəcəkdir.
Mətbuat xidməti |