Son günlər bəzi kütləvi
informasiya vasitələrində Abşeron Rayon Təhsil Şöbəsində
anti-korrupsiya əməliyyatı və Lənkəran Dövlət Humanitar
Kollecində qanunsuz tələbə qəbulu ilə bağlı bir sıra
məlumatlar yer almışdır.
Bu məlumatlarda hüquqa zidd xarakterli hadisələrin nə
vaxt baş verdiyi və necə aşkar olunduğunun təfərrüatları
tam açıqlanmır və istər-istəməz ictimai rəydə
qeyri-müəyyənlik yaranır.
Bildiririk ki, istər birinci, istərsə də ikinci hal
Təhsil Nazirliyinin araşdırmaları nəticəsində aşkar
edilmiş və müvafiq materiallar aidiyyəti dövlət
strukturlarına göndərilmişdir. Həmçinin, Təhsil
Nazirliyi digər kolleclərdə də analoji halların
yoxlanılması məqsədilə TQDK ilə birgə işçi komissiya
yaradıb.
Təhsil Nazirliyi görülən işlərlə bağlı ictimaiyyətin
daha düzgün məlumatlandırılması, şəffaflıq və
qərəzsizlik prinsipinə riayət edilməsi məqsədilə
informasiyanın dürüst yayılmasını və mənbəyə dəqiq
istinad edilməsini təqdir edir. |