Sentyabrın
16-da Bakı şəhərində 194 nömrəli tam orta məktəbin
əsaslı təmirdən sonra açılış mərasimi keçirilib.
Tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov, Xətai
Rayon İcra Hakimiyyəti başçısının müavini Jalə Abdiyeva
və digər rəsmi qonaqlar iştirak edib.
Təhsil nazirinin müavini Ceyhun Bayramov "Bilik Günü" və
məktəbin açılışı münasibətilə təhsil işçilərini,
məktəbliləri, valideynləri təbrik edərək onlara yeni
dərs ilində uğurlar arzulayıb. Prezident İlham Əliyevin
təhsilə göstərdiyi qayğı və diqqətdən danışan Ceyhun
Bayramov son illər ölkəmizdə çoxlu sayda məktəblərin
tikildiyini, əsaslı təmir olunduğunu vurğulayıb.
Tədbirdə çıxış edən Xətai Rayonu İcra Hakimiyyəti
başçısının müavini Jalə Abdiyeva məktəb binalarının
əsaslı təmir olunmasını, müasir standartlara uyğun yeni
məktəblərin tikilərək istifadəyə verilməsini əlamətdar
hadisə adlandırıb.
Valideynlər adından çıxış edən Ləman Şamilova təhsil
sahəsində görülən işləri alqışlayıb və övladlarının
yaradılan bu imkanlardan istifadə edərək Vətənə layiqli
insan kimi yetişməsinə çalışacaqlarını bildirib.
Təhsil nazirinin müavini Ceyhun Bayramov məktəbin
açılışı münasibətilə lenti kəsib. Qonaqlar sinif
otaqlarında və fənn kabinetlərində yaradılan şəraitlə
tanış olublar, şagird və müəllimlərlə söhbət edərək
fikir mübadiləsi aparıblar.
Məktəbdə "Çağırışaqədərki hərbi hazırlıq" fənninin
tədrisi üçün müasir tələblərə cavab verən hərbi kabinet
də yaradılıb.
Bakı şəhəri 194 nömrəli 1176 şagird yerlik tam orta
məktəb binası Azərbaycan Respublikası Prezidentinin
2011-ci il 4 may tarixli 1490 nömrəli Sərəncamı ilə
təsdiq edilmiş "2011-2014-cü illərdə Bakı şəhərinin və
onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair
Dövlət Proqramı"na əsasən Təhsil Nazirliyi tərəfindən
inşa edilib. |