Sentyabrın
15-də Bakının Xəzər rayonunun Türkan qəsəbəsindəki
sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli
respublika xüsusi internat məktəbi yenidənqurma
işlərindən sonra istifadəyə verilib.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə yenidən qurulan
internat məktəbin açılış mərasimində Azərbaycanın
birinci xanımı, Fondun prezidenti, Milli Məclisə Xəzər
rayonundan deputat seçilmiş Mehriban Əliyeva iştirak
edib.
Heydər Əliyev Fondu yarandığı vaxtdan həyata keçirdiyi
layihələr sırasında "Uşaq evləri və internat
məktəblərinin inkişafı" Proqramına xüsusi əhəmiyyət
verir. Proqram çərçivəsində respublika üzrə bir çox uşaq
müəssisəsi əsaslı şəkildə təmir edilib, yeni avadanlıqla
təchiz olunub, əlavə yardımçı binalar inşa edilib və
kommunal şərait yaxşılaşdırılıb. Bu müəssisələrdəki
kitabxanalar müvafiq tədris vəsaiti və bədii ədəbiyyatla
təmin olunub, əksər uşaq evləri və internat
məktəblərində kompüter avadanlığı quraşdırılıb, sinif
otaqları interaktiv təhsil üçün uyğunlaşdırılıb.
Uşaqların hərtərəfli inkişafı üçün müvafiq şəraitin
yaradılması məqsədilə müəssisələrdə mütəmadi olaraq
treninqlər keçirilir. Uşaq evləri və internat
məktəblərində tərbiyə alan yeniyetmələrə vətənpərvərlik
hissinin aşılanması, onların istirahətinin və asudə
vaxtlarının səmərəli təşkili üçün Heydər Əliyev Fondu
ardıcıl olaraq kütləvi tədbirlər, festivallar,
müsabiqələr keçirir. Birinci xanım Mehriban Əliyevanın
rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu nəcib missiyası
ilə Azərbaycan uşaqlarının ən böyük dostuna və
himayədarına çevrilib. Fond xüsusi qayğıya ehtiyacı olan
uşaqları da diqqətdə saxlayır və bütün fəaliyyəti ilə
hər zaman Azərbaycanın xoşbəxt gələcəyinin yanında
olduğunu təsdiqləyir.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva məktəbin
rəmzi açılışını bildirən lenti kəsdi.
Mehriban Əliyevaya məlumat verildi ki, məktəbdə nitq
qüsuru olan 175 şagird təhsil alır və yaşayır. İnternat
məktəbində yeni korpuslar tikilib, müasir avadanlıq
quraşdırılıb. Şagirdlər ümumi təhsil almaqla yanaşı,
loqopedlər tərəfindən müalicə olunurlar. Onlara
müalicəvi bədən tərbiyəsi və musiqili ritmika dərsləri
keçirilir. Üçmərtəbəli tədris korpusu tamamilə yenidən
qurulub, müasir sinif otaqları, kompüter, kitabxana,
yeni idman zalı, aviasiya bilikləri, rəsm otaqları,
xalçaçılıq kabineti, istirahət, şahmat otaqları
yaradılıb, mebel və digər lazımi avadanlıqla təmin
olunub. Məktəbdə 200 nəfərlik yeni yeməkxana, həkim,
inyeksiya otaqları və tibb məntəqəsi fəaliyyət göstərir.
Təhsil ocağında şagirdlərin gecələməyi üçün 20 palata,
hər biri 60 nəfərlik 2 televizor zalı, 120 nəfərlik akt
zalı var. Bildirildi ki, məktəbdə ikimərtəbəli yeni
tədris-istirahət və məişət korpusları tikilib, ərazidə
müxtəlif idman ləvazimatları ilə təchiz edilən futbol,
voleybol və basketbol meydançaları inşa edilib. Burada
əsaslı abadlıq və yaşıllaşdırma işləri aparılıb.
Beləliklə, yenidənqurma işlərindən sonra məktəb
kompleksi 4 korpusdan, açıq tipli 3 idman meydançasından
və 1 qapalı idman zalından ibarətdir.
AzərTAc |