Sizin
yeni təhsil ilinizi təbrik edirəm!
Bu gün hamımızın həyatında xatırlaya biləcəyimiz, arzu,
həyəcan və xəyalları ilə gələcəyə baxdığımız "Bilik Günü"dür.
Məktəb elə bir məkandır ki, buradakı psixoloji ab-hava
övladlarımızın həyat yoluna, mənəvi dəyərlərinə, əqidə
və vətəndaşlıq hissinə bilavasitə təsir edir. Uşaq
məktəbdə necə formalaşacaqsa, elə də vətəndaş olacaq.
Adı "Bilik Günü" kimi qeyd olunan bu gün təhsilin yeni
məzmun keyfiyyətinə görə biliklə yanaşı, bacarıq və
qabiliyyətin formalaşmasına, bütövlükdə insan
şəxsiyyətinin yetkinləşməsinə, vətəndaş şüurunun
müəyyənləşməsinə zəmin olan prosesin başlanğıcıdır.
Məktəbimiz nə qədər keyfiyyətli təhsil, müəllimlərimiz
uşaqlara nə qədər yaxşı tərbiyə verə biləcəklərsə,
cəmiyyətimiz və dövlətimiz o qədər güclü olacaq və daha
da inkişaf edəcəkdir.
Ölkəmizdə təhsilin inkişafı bizdən, sizdən - bütövlükdə
hamımızdan birbaşa asılıdır. İnanıram ki, Azərbaycan
təhsili özünün zəngin ənənələrinə, milli mənəvi və
ümumbəşəri dəyərlərinə, beynəlxalq təcrübəyə əsaslanaraq
daha da inkişaf edəcək, dünya təhsil sistemində öz
layiqli yerini tutacaqdır. Bu yolda hamınıza yeni-yeni
nailiyyətlər arzulayıram.
P.S.
Hər şey ilk addımdan başlayır. Bu il ilk dəfə olaraq
birinci sinfə gedəcək balaları, SABAH qruplarında
oxuyacaq tələbələri, müəllim andı içərək pedaqoji
fəaliyyətə başlayacaq müəllimləri bir daha təbrik
edirəm! |